“YAXŞI Kİ, O VARDI...”

Ümummilli lider Heydər Əliyevin siyasi fəlsəfəsinin formalaşmasında tarixi hadisələrin rolu

Sadiq QURBANOV, millət vəkili

Dövləti idarə edən rəhbərin məsuliyyəti millət və dövlət qarşısında özünün ifadəsində təsdiqini tapır. Siyasi məsuliyyətin göstəricisi isə şəxsi amillərdən asılı olaraq, güclü ağıldan, əhatəli zəkadan, hadisələri zamana uyğun təhlil edərək verilən doğru qərarlardan ibarət olur. Sözsüz ki, şəxsi amillər olmasa, siyasətin zərrə boyda incəliyi ilə tanış olmaq da mümkün olmaz. Yəni, siyasət-bəşəri ideyaları zərrə-zərrə qavramaqla, zəkaların gücünü duymaqla və düşüncələrin qüdrətini dərk etməklə ölçülən sistemdir.

Dövlətçiliyi qoruyub saxlamaq, qüdrətləndirmək strategiyasının özü də olduqca güclü siyasi məsuliyyət tələb edir. Danılmaz faktdır ki, Heydər Əliyev tarixi şəxsiyyət kimi, dövlətçilik taktikalarını tam siyasi məsuliyyətlə həyata keçirən sərkərdələrimizdən biri kimi qürurumuzu qoruyan, siyasi müdrikliyi, milli-mənəvi dəyərlərimizi dövlətimizin gücü ilə bəşəriyyətdə təsdiqləyən, siyasi məsuliyyəti isə dərindən dərk edərək heç bir səhvə yol verməyən siyasi liderimiz olmuşdur. Heydər Əliyevin qüdrətli düşüncə, dərin zəka sahibi olduğu inkarolunmazdır. Bu şəxsiyyət keyfiyyətlərinə malik olana qədər O, düzgün etiqadla, doğru sözlə və düzgün əməllə ömür yaşamışdır. Bu amillərə yiyələnməkdə isə həyatdakı ictimai-siyasi prosesləri olduğu kimi dərk etməsi əvəzsiz rol oynamışdır.

Təbii ki, Heydər Əliyev anadan siyasətçi, dövlət xadimi kimi doğulmamışdur. O, sadəcə olaraq adi bir sadə azərbaycanlı ailəsində dünyaya gəlmişdir. Real hadisələri dərk edərək yaddaşda möhkəm həkk olunmağı vacib olan hadisələrin nəticələrini müqayisə edərək şüurunda yerləşdirmə istedadına, ölkədə və ətrafında baş verən təhlükələrə dövlət və milli maraqlar kontekstindən baxmaq və ona düzgün münasibət bildirmək bacarığına malik olmuşdur. Ölkəmizin ən çətin dövründə, onun ziddiyyətli, mürəkkəb hadisələr burulğanına düşdüyü bir zamanda, ölkəmizi parçalamağa cəhd edən qüvvələrin ciddi fəallaşdığı, ərazi bütövlüyünün pozulduğunun gerçəkliyə çevrildiyi və beləliklə, müstəqilliyimizin ciddi təhlükə aldığı və Azərbaycanın beynəlxalq aləmdə təkləndiyi bir vaxtda özünün vətəndaş məsuliyyətini dərk edən Heydər Əliyev xalqın səsinə səs verərək, onun tələb və iradəsinə tabe olaraq, Azərbaycana rəhbərlik etməyə razılıq verdi. Heydər Əliyev bu razılığı təkcə xalqımızın xahişi və tələbi ilə yox, həm də vicdanının tələbi ilə verdi. Vətənə, ana torpağa bağlılıq, övladı olduğu xalqına dərin məhəbbəti və xalqın ona olan böyük inamı Heydər Əliyevi bu addımı atmağa, Azərbaycanın müstəqilliyini və azadlığını qorumaq üçün bu ulu və müqəddəs vəzifəni öz üzərinə götürməyə vadar etdi.

Heydər Əliyev siyasi fəlsəfəsinin kökündə xalqımızın qan yaddaşı olan tarixi hadisələrin və tarixi şəxsiyyətlərin də rolu olmuşdur. Heydər Əliyev erkən və orta əsr türk dünyasında ömür yaşamış sərkərdələrimizin siyasi baxışlarından xüsusi məharətlə bəhrələnmişdir. VI əsrdə Göytürk xaqanı olmuş Qara İssık xanın oğlu Şetunun Çin hökmdarının məktubuna cavabına diqqət yetirək: “Sizə hər il vergi göndərəcəyəm, bütün vaxtımı sizə sərf edəcəyəm, sözünüzü dinləyəcəm. Ancaq paltarlarımızın ətəklərini kəsməyə, çiyinlərimizdə dalğalanan saçlarımızı kəsməyə, dilimizi dəyişdirməyə və sizin qanunlarınızı mənimsəməyə gəlincə isə, bizim ənənələrimiz, qədimdən qalma adətlərimiz çox uzaq keçmişlərdən gəlir, mən özüm də indiyə qədər bunlardan tək bircəsini belə dəyişdirməyə cürət etməmişəm. Ona görə ki, bütövlükdə türk xalqı eyni qəlbin yiyəsidir!” Göytürk xaqanı Şetunun Çin hökmdarına cavabının siyasi mahiyyətini anlamaq o qədər də çətin deyildir. Ona görə ki, Göytürklər iki yerə bölünürlər. Çin hökmdarı da bu fürsətdən isifadə edərək onların zəiflədiklərini düşünür və xüsusi şücaət və ağıl sahibi olan Şetu xaqanı hiylə ilə ələ almaq istəyir. Şetu isə Çin hökmdarına çatdırır ki, təkcə mən sənin qulun ola bilərəm. Amma iki yerə bölünən türkün bir ürəyi, bir əqidəsi, bir inamı, bir məsləki, bir gücü vardır. Bunun davamı olaraq Heydər Əliyevin türk dövlətlərinin birliyini yaratmaq siyasi ideyası VI əsr tariximizdən öz başlanğıcını götürmüşdür. Bu qüdrətli düha sahibinin “Məni təhqir edəni bağışlaram, amma xalqımı, millətimi təhqir edəni bağışlamaram!” ürək sözünün də fikir tarixi həmin dövrün, bu günün əks-sədasıdır. Bu, Heydər Əliyevin türk dünyası qarşısında olan övladlıq borcu və Böyük Vətən qarşısında şəxsiyyət-vətəndaş borcunu ödəmək istəyi ilə səciyyələnir.

Milli tariximizin bütün dövrlərində qüdrətli sərkərdələrimizin siyasi baxışlarının bütövlüyü sayəsində türk dünyası özünün şərəfli, şanlı tarixini yaşamışdır. Sonrakı dövrlərdə Uzun Həsənin anası Sara Xatunun ilk diplomat qadınımız kimi yaxın və uzaq dövlətlərin başçıları ilə siyasi danışıqlar prosesində siyasi gedişləri ilə qarşısındakıları heyran qoyması da bizə bəllidir. Anamız Sara Xatunun bu siyasi gedişlərdə qarşısındakıları mat qoymasını onun mənəvi övladı, əqli qüdrət sahibimiz Heydər Əliyev XX əsrin ikinci yarısında, XXI əsrin ilk illərində təkrar və təsdiq etmək istedadına malik ola bilmişdir. Belə misalların sayını istədiyimiz sayda qeyd edə bilərik. Təkcə onu qeyd edə bilərik ki, Heydər Əliyev Səfəvilərin bütöv dövlətçilik yaradıb, yaşatmaq siyasətinin mahiyyətini də zərrə-zərrə mənimsəmək gücündə olmuşdur.

1990-cı illərdə müstəqil Azərbaycanın başına gətirilən müsibətlər hamımıza bəllidir. O dövrün səriştəsiz dövlət başçıları təcrübəsiz olduqlarına görə xarici təcavüzlə daxili təxribatın vəhdətinin mahiyyətindən baş aça bilmədiklərinə görə ölkəmiz ən ağır vəziyyətlə qarşılaşdı. 1993-cü ildə ziyalılarımızın “Nicat müdrik şəxsiyyət Heydər Əliyevin zəkasındadır”- qətiyyətli qərarına xalqımız da səs verdi və Heydər Əliyevi hakimiyyətə gətirdi. Bu qayıdış həm də xilaskarlıq missiyasını dəqiqləşdirdi.

Müqayisəmizə diqqət yetirək. VI əsrdə Göytürk xaqanı Şetunun, XV əsrdə Səfəvilərin, XX əsrin son 10 ilində isə Heydər Əliyevin əqidə və siyasi bütövlükləri əsrlərin qoynunda bir-birlərinə meydan vermişdir. 

Heydər Əliyevin xalq tərəfindən sevilərək, təkidlə hakimiyyətə dəvət edilməsinin bir çox səbəbləri var idi:

1. Azərbaycanın rəhbəri kimi 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq işləri xalqın yaddaşında əziz xatirə kimi qalmışdır. Məhz onun rəhbərliyi ilə 1970-ci illərdə Azərbaycan sovet məkanında ən geridə qalmış yerdən ən qabaqcıl yerə yüksəlmişdir.

2. Heydər Əliyev xalqımız üçün ən ağır məqamlarda daim xalqla birlikdə olmuşdur, böyük müdriklik, cəsarət göstərmişdir. Qanlı Yanvar faciəsindən dərhal sonra – 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Sovet hakimiyyətini, Kommunist Partiyasını törətdiyi cinayətə görə pisləmişdir, tənqid etmişdir, o qanlı faciəni qınamışdır, Azərbaycan xalqının ağrılarını bütün dünyaya çatdırmışdır.

3. Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə Ulu Öndər Naxçıvanı erməni işğalından qoruya bilmişdir, o da çox çətin vəzifə idi. Naxçıvan düşmənin əhatəsində idi və orada özünümüdafiə qrupları təşkil edilmiş və düşmənə layiqli cavab verilmiş, düşmən yerinə oturdulmuşdur.

4. 3 sentyabr 1991-ci il sessiyasında Naxçıvan Ali Sovetində “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” məsələ müzakirə edilərək, Kommunist Partiyasının fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edərək, Azərbaycan Respublikasının Ali Sovetindən Sovet İttifaqı Kommunist Partiyası və qurumlarının fəaliyyətinin dayandırılmasını xahiş etmişdir.

5. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağını ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi məhz Heydər Əliyev təsdiq etmişdir. Sovet İttifaqının saxlanmasına dair referendum Azərbaycanın bütün başqa yerlərində keçirilməsinə baxmayaraq, Naxçıvanda keçirilməsinə imkan verməmişdir.

6. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirmiş və “Sovet Sosialist” sözlərini oradan çıxarmışdır.

7. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri MR ərazisindən çıxarılmışdır və s.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan tarixindəki rolu haqqında dünya siyasətinin tanınmış simalarından olan Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin dəyərli sözlərini xatırlayıram: “Çörçill ingilis millətinə 40 il xidmət etdi, ancaq bu xidmətin sonunda, 1940-cı ildə lazım oldu. O zaman Çörçilin edəcəyi xidməti göstərəcək ikinci adam yox idi. Bəşər tarixində insanlar hər zaman millətinə xidmət edir, ancaq bəzən lazım olurlar – Ruzveltin 1942-ci ildə, de Qollun 1958-ci ildə, Adenauerin 1946-cı ildə lazım olduğu kimi… Hörmətli Heydər Əliyev Azərbaycan millətinə çox xidmət etmişdir, amma 1993-cü ildə lazım idi. Onun gördüyü işi görəcək başqa heç kim yox idi. Yaxşı ki o vardı!…”

Ümummilli liderimizin həyata keçirdiyi xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, ölkəmizi gələcəyə inamla baxan güclü bir dövlətə çevirmişdir. Ulu öndərimizin həyat fəlsəfəsi onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi Azərbaycanımızın işıqlı gələcəyi naminə mühüm məsələlərdəndir.

Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər əsasında yaradaraq, onu real həyatda gerçəkləşdirmiş müdrik şəxsiyyət kimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsusdur. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi o, millətini, torpağını labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb. Bu gün isə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla, Heydər Əliyev yolu ilə öz parlaq sabahlarına doğru addımlayır. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Beləliklə də, Azərbaycan indi nəinki regionda söz sahibidir, eyni zamanda dünya masştabında siyasi fiqura çevrilməkdədir. İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi siyasətin Azərbaycan modellərini öyrənən dünya ölkələri indi də ölkəmizin doğma torpaqlarını erməni işğalından azad etməsi üçün apardığı 44 günlük müharibənin taktikalarını öyrənir. Qoy öyrənsinlər! Hələ çox öyrənəcəklər. Çünki dünya ölkələrinin çox hissəsi insanlıq və mənəvi dəyərləri unudub. 30 ildən artıq işğalda olan Azərbaycan torpaqlarına, dünyada ədalət carçısı qardaş Türkiyəyə, pandemiyaya qarşı aparılan mübarizə səviyyəsində kasıb ölkələrin insanlarına münasibətləri dediklərimizə sübutdur. Qoy bizi indiyə qədər ciddiyə almayanlar unutmasınlar ki, bizim humanizm prinsiplərinə sədaqətimizlə yanaşı, “dəmir yumruğumuz”da var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar