“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC işğaldan azad edilmiş ərazilərin su anbarlarının potensialından istifadə etməyə başlayıb.
“Report” xəbər verir ki, bu barədə qurumun sədr müavini Rafiq Aslanov məlumat verib.
“Hazırda işğaldan azad edilmiş ərazilərdəki meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası həyata keçirilir. Məsələn, Ağdam rayonunda yerləşən Xaçınçay su anbarının 22 milyon kubmetr su tutumu var: Ermənilər işğal dövründə anbarı dağıdıblar. Ancaq qısa müddətdə biz orada təmir-bərpa işlərinə başlayıb suyun toplanmasını həyata keçirmişik. Hazırda anbarda 20 milyon kub metr su var və inanıram ki, burada təmir-bərpa işləri bu ilin sonuna qədər başa çatdırılacaq.
Füzuli rayonunda yerləşən Köndələnçayın üzərində isə 3 su anbarı mövcuddur. Orada da təmir-bərpa işləri aparılıb. Su anbarlarının tutumları 2,1, 2,5 və 9,5 milyon kubmetrdir. Həm Xaçınçay, həm də Aşağıköndələnçay anbarları vasitəsilə Ağdam və Füzuli rayonlarının ərazisi suvarılıb. Ağdamda 300 hektar, Füzulidə isə 100 hektardan yuxarı ərazidə su verilib. Çalışacağıq ki, qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə meliorasiya və su təsərrüfatı komplekslərinin bərpasını baş çatdıraq”, - deyə o, qeyd edib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında əlavə su mənbələrinin yaradılması ilə bağlı qiymətləndirmə işləri aparır.
Həmin rayonlarla yanaşı, Kəlbəcər rayonunda da əlavə su mənbələri var, Tərtərçaydan başqa Bəsitçay, Həkəriçay, Bazarçay mövcuddur. Biz çalışırıq ki, oralarda suyun toplanması üçün tədbirlər görək. Bunun üçün müəyyən işlər aparmışıq və gələn həftə hökumətə təqdim etmək istəyirik. Məsələn, Həkəriçayın suyu təmiz sudur və mənfur qonşularımızın ərazisindən keçməyən, təmiz su toplanan hissəsində su anbarının tikintisini nəzərdə tuturuq. Orada 130 milyon kubmetr həcmində su anbarı tikmək mümkündür”, - deyə Rafiq Aslanov bildirib.


Şərhlər