İqtisadçı Rövşən Ağayev “Facebook” səhifəsində İsveçrənin “Kredit Suisse” bankının hazırladığı “Global Wealth Report” adlı hesabata münasibət bildirib. Azərbaycanın da adı keçən bu hesabatla bağlı iqtisadçı rəyinin oxucularımız üçün də maraqlı olacağı qənaətindəyik.
“İsveçrənin ”Kredit Suisse" bankının hazırladığı “Global Wealth Report” adlı hesabatda Azərbaycan var-dövlətinin adambaşına məbləği 5 000-25 000 dollar intervalında qərarlaşan ölkələr qrupuna daxil edilib. Həmin qrupa Azərbaycanla yanaşı Qazaxıstan, Gürcüstan, Albaniya, Ermənistan, Rusiya və Çin də daxildir. Siyahıya İsveç başçılıq edir - bu ölkədə var-dövlətin adambaşına məbləği 581 000 dolları ötür. Avstraliya 431 000, Norveç 359 000 dollar, ABŞ 348 000, Britaniya 299 000, Sinqapur 290 000 dollarla sonrakı yerləri bölüşürlər. Hesabata görə, sərvətlərinin dəyəri 1 milyon dollardan çox olan şəxslərin sayı ABŞ-da 14.2 milyon nəfər (əhalisinin 4.4%-i), Rusiyada 158 min nəfər (əhalisinin 0.11%-i), Norveçdə 256 min nəfər (əhalisinin 5.2%-i) təşkil edir.
Amma həmin hesabatın maraqlı məlumatları heç də bu deyil. Maraqlı olan sərvətlərin qeyri-bərabərliyinə görə ayrı-ayrı ölkələrin müqayisəsidir. Deməli, dünya üzrə 10% ən varlı şəxslər qlobal sərvətin 87%-nə sahibdirlər. Rusiya üzrə həmin göstərici 10:85, ABŞ-da 10:75, Çində 10:64 nisbətindədir.
Azərbaycanda sərvətin təmərküzləşməsi ilə bağlı hesabatda məlumat verilmir. Amma təsəvvür eləmək çətindir ki, Azərbaycanda vəziyyət Rusiyadan yaxşıdır. Ölkəmizdə 2 milyon ailə var. Ən yaxşı halda Rusiyada olduğu kimi bizdə də sərvətlərin 85%-nin 10%-in əlində cəmlənməsi o deməkdir ki, 20 min ailə bu qədər variadatın sahibidir.

Şərhlər