BAKIDAN MOSKVAYA CİDDİ ZƏRBƏ... - Kremlin adamını "vurub", Ermənistandakı planını pozdu

ABŞ-ın da iştirakı ilə Azərbaycan və Gürcüstan Paşinyan hakimiyyətinin seçki qələbəsinə hesablanmış ortaq geopolitik əməliyyat reallaşdırdı...

Cənubi Qafqazda üç region ölkəsinin Rusiyanın müdaxiləsi olmadıqda daha effektiv münasibətlər qura bildikləri də ortaya çıxmış oldu

Azərbaycan geopolitik proseslərə nəzarəti tamamilə öz əlində cəmləşdirməyə başlayıb. Son vaxtlar rəsmi Bakının atdığı addımlar Cənubi Qafqazda Azərbaycanın şəriksiz əsas söz sahibi olduğunu göstərir. Və regionda onun istəyindən kənar heç bir şeyin baş verməyəcəyini təsdiqləyir.

Azərbaycanın 15 erməni diversantı Ermənistana təhvil verməsi də geopolitik manevr xarakteri daşıyır. Bu manevr bir neçə məqamı ortaya çıxartdı. Xüsusilə də, regionda kimin əlinin daha güclü olduğunu bütün beynəlxalq siyasi iradə mərkəzlərinə göstərdi.

Bu manevrdən sonra rəsmi Bakı maksimum səviyyədə uduşlu mövqe qazandı. 

Birincisi, Azərbaycan verdiyi 15 diversantın əvəzini artıqlaması ilə geri ala bildi. Çünki Ermənistan bunun əvəzini Azərbaycanın Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələri ilə ödəməli oldu.

Rəsmi Bakı 15 ermənini verməklə, 97 min vətəndaşının həyatını xilas etdi. Eyni zamanda, rəsmi İrəvanı da yaxın gələcək üçün fakt qarşısında qoymuş oldu. İndi Ermənistan minalanmış ərazilərin xəritələrinin olmadığını iddia edə bilməyəcək. Və digər xəritələri də vermək məcburiyyətində qalacaq.

Onu da qeyd edək ki, minalanmış ərazilərin xəritələri Ermənistanın Azərbaycan qarşısında sonuncu "siyasi bazarlıq aləti" sayılırdı. İndi bu alət rəsmi İrəvanın əlindən alınır. Çünki Ermənistan beynəlxalq konvensiyalara görə, bütün xəritələri təhvil verməyə məcburdur. Üstəlik, seçki maraqları baş nazir Nikol Paşinyanı da xəritələr ilə bağlı ciddi etiraflara məcbur edib.

Rəqibləri, erməni baş naziri Ermənistanın əlindəki sonuncu "siyasi bazarlıq aləti"ni də sərf etməkdə suçlayırdılar. Bu səbəbdən də, N.Paşinyan seçkiqabağı səsləri itirməmək üçün hələ çox xəritənin olduğunu bəyan etdi: “Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik bir hissəsinin xəritəsini verib”.

Deməli, hakimiyyətdə qalarsa, özü, əks halda, onu əvəzləyəcək iqtidar həmin xəritələri Azərbaycana verməli olacaq. Çünki, beynəlxalq konvensiyalar belə tələb edir. Buna müqavimət göstərilməsi Ermənistanı beynəlxalq səviyyədə terrorizm fəaliyyəti göstərən dövlət durumuna sala bilər.

Digər tərəfdən, Ermənistanın bir dövlət kimi, elə bir ciddi ənənəsinin və siyasi idarəçilik sisteminin olmadığı da təsdiqləndi. Bir müddət öncə rəsmi İrəvan Azərbaycanın 3 ermənini təhvil verdiyini bəyan etmişdi. Hətta Paşinyan hakimiyyəti bunu böyük uğur kimi təqdim edərək, lovğalanmağa da başlamışdı. Ancaq rəsmi Bakı həmin 3 erməninin ardınca gələn Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Rustam Muradovu İrəvana boş təyyarə ilə geri göndərmişdi.

Nəticədə Paşinyan hakimiyyətinin nə qədər qeyri-ciddi və təcrübəsiz siyasi qüvvə olduğu ortaya çıxmışdı. Sona çatmamış bir proses barədə vaxtından əvvəl, sadəcə, rus generala güvənərək, lovğalanmaq ehtirası rəsmi İrəvanı çətin vəziyyətə salmışdı. Üstəlik, Rusiyanın da regional nüfuzuna ağır zərbə vurulmuşdu.

Ancaq rəsmi Bakı əmin olmadığı heç bir məsələ ilə bağlı əvvəlcədən açıqlama vermir. Bununla da müasir dövlət sisteminin siyasi ənənələrini nümayiş etdirir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin həmin məsələ ilə bağlı son açıqlaması xüsusi örnək təşkil edir.


Məsələ ondadır ki, Ermənistanın mina xəritələrini verməyə başlayacağını Prezident İlham Əliyev Azərbaycana yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edərkən anons etmişdi: "Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etməkdən öncə heç nə söyləmək istəmirəm. Lakin Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər, onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək".

Göründüyü kimi, Azərbaycan Prezidenti dediyi sözün çəkisini çox gözəl bilir. Tam əmin olmadan hər hansı açıqlamaya ehtiyac duymur. Ona görə də, nəticədə həmişə haqlı çıxan tərəf olur. Bu dəfə də, elə oldu. Yəni, Prezident İlham Əliyev anons etdi, Ermənistandan xəritələr doğrudan da alındı.

Nəhayət, bu prosesdə bəzi dövlətlərin və beynəlxalq qurumların iştirakı da müəyyən nəticələr çıxartmağa imkan verir. Belə ki, "dəyişmə əməliyyatı" bitdikdən sonra bu prosesdə iştirakı olan hər kəsə təşəkkür olundu. Həm Azərbaycanın, həm də Ermənistanın siyasi dairələri eyni ünvanlara xitab etdilər. Və nə qədər qəribə də olsa, həmin ünvanların sırasında yalnız Rusiyanın adı çəkilmədi


Belə anlaşılır ki, Rusiya bu önəmli prosesdən kənarda saxlanıldı. Səbəbləri yəqin ki, ən yaxın vaxtlarda aydınlaşmağa başlayacaq. Hələlik isə yalnız onu demək olar ki, bunun səbəbləri sırasında yeni "geopolitik yerdəyişmə" ehtimalının da ola biləcəyi istisna deyil. Hər halda, Kremlin iştirakı olmadan olduqca önəmli nəticələrin əldə edilməsi, Rusiyanın regional vasitəçilik missiyasına ehtiyacın mövcudluğunu da şübhə altında qoyur.

Məsələ ondadır ki, Azərbaycan və Ermənistan Gürcüstanın vasitəçiliyi, eləcə də, ABŞ-ın prosesə fəal dəstəyi ilə ilk önəmli anlaşmanı reallaşdıra bildilər. Üstəlik, məlum oldu ki, Rusiyanın iştirakı olmadan belə proseslərin daha sürətlə və problemsiz reallaşdırılması mümkündür.

Eyni zamanda, Cənubi Qafqazda üç region ölkəsinin Rusiyanın müdaxiləsi olmadıqda daha effektiv münasibətlər qura bildikləri də ortaya çıxmış oldu. Deməli, bundan sonra regional inkişaf modelinin məhz Azərbaycan-Gürcüstan-Ermənistan formatına uyğunlaşdırılması üçün real örnək mövcuddur. Və bu, məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi iki əsas modeldən biridir.

Onu da qeyd edək ki, bu prosesdə ABŞ-ın fəal iştirakı qarşılığında Rusiyanın oyundankənar vəziyyətdə qalması konkret geopolitik maraqlara bağlıdır. Belə ki, Kremlə bu anlaşmanın baş tutması qətiyyən sərfəli deyildi. Çünki, bu anlaşmanın nəticə verməsi Kremlin dəstəklədiyi hərbi cinayətkar R.Köçəryanın yenidən hakimiyyətə gəlişi qarşısında ciddi əngələ çevrilə bilər. Hər halda, əldə olunan nəticənin Paşinyan hakimiyyətinin ictimai reytinqini ciddi şəkildə gücləndirdiyi inkaredilməz reallıqdır.

Xatırladaq ki, cəmisi bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin, hərbi cinayətkar R.Köçəryana seçki ərəfəsində zəng etməklə, öz dostunun siyasi-ictimai mövqelərini nisbətən gücləndirə bilmişdi. Hətta bir çoxlarında Rusiyanın öz namizədini Ermənistanda hakimiyyətə gətirməyə çox yaxın olduğu barədə qənaət də formalaşmağa başlamışdı. Və indi bu barədə tam əminliklə danışmaq artıq bir qədər çətindir.

Rusiyanın "Köçəryan manevri" Kremldən başqa heç kimə sərfəli deyildi. Ona görə də, ABŞ-ın da iştirakı ilə Azərbaycan və Gürcüstan Paşinyan hakimiyyətinin siyasi-ictimai mövqelərini gücləndirmək üçün ortaq əməliyyat reallaşdırdı. Və qarşıya qoyulmuş hədəfə böyük ölçüdə nail olunduğu da artıq müşahidə edilməyə başlayıb.

Təbii ki, bu prosesdən ən uduşlu çıxan məhz Azərbaycan tərəfi oldu. Birincisi, təhvil verilən cəmisi 15 erməninin əvəzində 97 min minanın xəritəsini əldə etdi. Eyni zamanda, hərbi cinayətkar R.Köçəryanın hakimiyyətə yolunun qapadılması istiqamətində önəmli bir addım atılmış oldu.

Belə anlaşılır ki, Rusiyanın seçki namizədi səsverməyə məhz cəmisi bir neçə gün qalmış "sərrast siyasi atəş"lə vuruldu. Cənubi Qafqaz regionunda Azərbaycanın əsas söz sahibi olduğu növbəti dəfə təsdiqlənmiş oldu(musavat.com).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar