ZƏNGƏZUR DƏHLİZİ, AZƏRBAYCANDA HƏRBİ BAZA, BAYDENLƏ GÖRÜŞ... - Ərdoğanın Bakıdakı mətbuat konfransının TAM MƏTNİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra Türkiyə jurnalistlərinin suallarıana cavab verib.

“AzPolitika.info” xəbər verir ki, son günlərdə NATO zirvəsində, eləcə də ABŞ prezidenti ilə keçirdiyi görüşlərdən danışan Ərdoğan Azərbaycan səfərilə bağlı da geniş açıqlamalar verib: “Brüsseldəki proqramımızdan sonra Azərbaycan Prezidenti, əziz dostum İlham Əliyevin dəvəti ilə Bakıya gəldik. Cənab Əliyevlə birlikdə erməni işğalından azad edilmiş və qələbədən sonra Azərbaycanın "Mədəniyyət Paytaxtı" elan edilmiş Şuşada həm rəsmi görüşlərimizi keçirdik, həm də müxtəlif ziyarətlər etdik. Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı dərinləşdirəcək addımları müzakirə etdik. Gələcək əməkdaşlığımızın qarantı olan Şuşa Bəyannaməsini imzaladıq. Burada Azərbaycan Milli Məclisinə müraciət etmək fürsətimiz də oldu.

Daha sonra orada olan əsgərlərimizlə bir araya gəldik. Avro 2020 çərçivəsində Bakıda oynanan Türkiyə-Uels oyununu izlədikdən sonra Antalyaya qayıdırıq. Antalyada keçiriləcək Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi Dövlət və Hökumət Başçıları Sammitinə rəhbərlik edəcəyik. 18 iyun tarixində Antalya Diplomatiya Forumunu açacağıq. Bütün bu intensiv səfərlərin, görüşlərin və proqramların ölkəmizə, bölgəmizə və dünyaya səmərəli və faydalı olmasını diləyirəm.”

Bundan sonra R.T.Ərdoğan jurnalistlərin suallarını cavablandırıb:

- İki gündür Bakı və Şuşadayıq. Ermənistan hələ də geri çəkildiyi bölgələrə qoyduğu mina xəritələrini vermir. Təəssüf ki, bir neçə gün əvvəl Kəlbəcərdə mina partlaması nəticəsində 3 mülki şəxs həyatını itirdi. Bu mövzuda qiymətləndirməyiniz nədir?

- Ermənistanın Azərbaycanın Qarabağ Zəfəri həqiqətini qəbul etməsi və bölgənin qarşısında açılan bu yeni dövrü düzgün oxuması lazımdır. Ermənistan etimad yaratmaq üçün addımlar atmalıdır. Mina xəritələrini Azərbaycana verməsi bu istiqamətdə atılmış vacib addım olacaq. Müharibə dövründə etdiyimiz kimi, yenidənqurma işlərindən tutmuş minalanmış ərazilərin təmizlənməsinə qədər hər addımda Azərbaycanın yanında olmağa davam edəcəyik. Mina təmizlənməsi baxımından hazırda Türkiyədə kombayna bənzər bir vasitə (MEMAT) istehsal edirik. Bu, uzaqdan idarə edilə bilən bir vasitədir. İndiyədək bunlardan 10-unu Azərbaycana vermişik. Ancaq ilk növbədə bu rəqəmi 20-yə çatdıracağıq. Bunun ən böyük xüsusiyyəti çoxsaylı mina aşkarlamasıdır. Uzaqdan idarəetmə ilə minanı partladır və yola davam edir. Həm də mina partlayışında say baxımından çox irəlidədir. Yəni bu, detektorla mina axtarmağa bənzəmir. Onlardan özümüz də istifadə edirik. Terror bölgələrində istifadə etməyə başladıq. İnanıram ki, bu vasitə həm ölkəmizdə, həm də dost, qardaş ölkələrdə çox işə yarayacaq.

- Azərbaycan təbii qaz və neft axtarışı və hasilatı sahəsində çox inkişaf etmiş səviyyədədir. Bu məsələ ilə bağlı Qara dənizdə və ya digər bölgələrdə Azərbaycanla tərəfdaşlıq olacaqmı?

- Hal-hazırda, xüsusən bu mövzuda Azərbaycanla bizim TANAP və TAP-la bağlı bir həmrəyliyimiz var. Bundan əlavə, yeni bir dövrə qədəm qoya bilərik. Bu, necə ola bilər? Məsələn, hazırda “Türk Petrolu” ilə əlaqəli bir strukturumuz var. Bu strukturla TAP və TANAP-da olduğumuz kimi, əziz dostumuz İlham Əliyevlə Liviyada da birlikdə hərəkət edə bilərik. Onların bu məsələlərdə müəyyən bilik və təcrübələri var. Eyni bilik və təcrübəyə sahib olduğumuz üçün, biz də birgə addımlar ata bilərik. Mən ona bunu təklifi etdim. O (İlham Əliyev) da bundan məmnun qalacağını və belə bir layihəyə daxil ola biləcəklərini söylədi. Ümid edirəm ki, bu addımları birlikdə ataraq nəinki Avropaya açılmaq, həm də öz ölkəmizdə olduğu kimi, digər ölkələrə də genişlənmək fürsəti tapacağıq.

- Zəngəzur dəhlizi ilə bağlı müxtəlif fərziyyələr var. Gecikmənin səbəbi kimi müxtəlif fikirlər səsləndirilir. Sizcə, bu, texniki cəhətdən bir gecikmədir, yoxsa həqiqətən Rusiyanin fərqli bir gözləntisi var?

- Azərbaycanın Zəngəzur layihəsini çox əhəmiyyətli hesab edirik və dəstəkləyirik. Açılacaq bu dəhliz bütün bölgə üçün çox vacib bir fürsət olacaq. Məsələyə gəlincə, hal-hazırda Rusiya tərəfində fikir ayrılığı və ya bu işi təxirə salmaq niyyəti olduğunu düşünmürəm. Əksinə, Rusiya burada daha faydalı bir atmosferdədir. Yaxın vaxtlarda cənab Putinlə ikitərəfli görüşüm olacaq. Əlbətdə ki, hazırda 5 illik razılaşmaya sadiqik. 5 illik razılaşma ilə bu addımı atmaq istəyirik. Bu platforma məsələsini dünən də dedim və bu gün də deyirəm. Bu platformanın lider ölkələri Rusiya, Türkiyə, Azərbaycan, İrandır. Burada Gürcüstanın və Ermənistanın da olmasını istəyirik. Rusiya da bunu istəyir. Bildiyiniz kimi, bu yaxınlarda Gürcüstanın baş naziri bizdə idi və onunla bu barədə danışdıq. Bu məsələləri ona konkret olaraq bildirdim və o, “bunun üzərində işləyək” dedi. Onları bu şəkildə yola saldıq. Bu platformaya müsbət dəstək versələr, bölgənin çox sürətlə sakitləşəcəyini düşünürəm. Bu marşrut əlbəttə ki, Azərbaycan üçün böyük imkanlar yaradacaq. Eynilə bu, əlbəttə ki, Ermənistana böyük üstünlüklər verəcək. Rusiyanın da bu məsələyə müsbət baxışı var. Çünki bu, vacib bir dəhliz, vacib bir xəttdir. Ümid edirəm ki, bölgənin əkinçiliyinə çox ciddi bir sərvət qatacaqdır. Başqa sözlə, buranın kənd təsərrüfatı dəhlizi kimi nəfəs alacağına inanırıq.

- Şuşa Bəyannaməsindən danışarkən cənab İlham Əliyev bunu Qars müqaviləsi ilə müqayisə etdi. Azərbaycan cəmiyyətində Türkiyənin hərbi baza yaratmasına ciddi tələb var. Bu yeni saziş çərçivəsində Azərbaycanda bir hərbi baza yaradıla bilərmi? Şuşa Bəyannaməsi hərbi bazanın yaradılmasına imkan tanıyırmı

- Hal-hazırda dediyiniz bu məsələ Bəyannamənin izah etdiyimiz maddələrinin xaricində deyil. Bu məsələ daha sonra inkişaf etdirilə, genişləndirilə bilər. İndi burada əsas məsələ sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, buna zəmanət verilməsidir. Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə məsləhətləşmələrinin gedişində öz həllini tapa bilər. Eyni zamanda bizim danışıqlarımızın gedişində də bu məsələnin həlli başqa bir formada reallaşdırıla bilər.

- NATO-da dünya liderlərinə terrorla mübarizə mövzusunda Türkiyənin YPG/PKK, FETÖ və İŞİD-lə mübarizəsinə dair ingilis dilində bir kitab təqdim etdiniz. Bu araşdırma ilə (kitabdakı araşdırmalar-red.) Türkiyənin bu üç terror təşkilatına qarşı apardığı mübarizə barədə konkret dəlillər ortaya çıxdı. Buna reaksiyalar necə oldu?

- Cənab Baydenə və digər liderlərə verdiyim kitabdan razı qaldılar. Dünya liderlərini sənədlərlə, məlumatlarla bilgiləndirmək istəyirik. Digər tərəfdən, təəssüf ki, ABŞ hələ də Afrindəki xəstəxananın bombalanması ilə əlaqədar bu terror təşkilatının YPG olduğunu söyləyə bilmədi. PKK, YPG, FETÖ və İŞİD-ə qarşı apardığımız mübarizəni bir daha sənədlərlə birlikdə həmsöhbətlərimizə ən yüksək səviyyədə çatdırdıq. Nə olursa olsun, terrorla mübarizəyə davam edəcəyik. Bunu ölkəmiz üçün, bölgəmiz üçün, qlobal sülh və ədalət üçün edirik. Terrorizm ümumbəşəri bir problemdir. Mübarizəmiz yalnız ölkəmiz üçün deyil, insanlıq uğrunda bir mübarizədir.

- Terrorla mübarizə və Afrində mülki vətəndaşlara YPG hücumundan danışdınız. Xüsusilə Suriyanın şimalında terrorizmlə mübarizəyə ABŞ-ın münasibəti necə olacaq?

- Biz hər zaman "yaxşı terrorçu, pis terrorçu" kimi ikili münasibətlə terrorizmin məhv edilə bilməyəcəyini vurğulamışıq. Terrorun hədəfi olan bir müttəfiqin yanında durmaq əvəzinə, müttəfiqin mübarizə apardığı terror təşkilatlarına üstünlük vermək tarixi bir səhvdir. Terror təşkilatlarını dəstəkləyənlər və onları təşviq edənlər nə qədər böyük səhv etdiklərini gec-tez başa düşəcəklər.

İnanıram ki, biz öz göbəyimizi özümüz kəsirik. Bunun başqa bir yolu yoxdur. Təhlükəsizlik güclərimizə inanırıq və etibar edirik. Və biz güclüyük, Əlhəmdulillah. Başqa sözlə, silahlı qüvvələrimizlə, polisimizlə, bütün təhlükəsizlik işçilərimizlə birlikdə güclüyük. Bunu Liviyada da, Suriyada da sübut etdik, burada da sübut etdik. Bunu sübut etməyə davam edəcəyik. Bizi çox ciddi mənada sevən insanlar bu mövzuda hansı mövqedə olduğumuzu çox yaxşı bilirlər. Cənab Baydenlə bu barədə çox dəqiq və aydın danışdım.

- Türkiyənin “F-35”-lə bağlı fikirlərinin dəyişmədiyini Baydenə çatdırdığınızı bildirdiniz. ABŞ-ın F-35 haqqında rəyi dəyişdimi? Baydendən aldığınız dəqiq cavab nə oldu?

- “Həm F-35, həm də S-400 baxımından Türkiyə olaraq fərqli bir addım atacağımızı gözləməyin” dedim. Çünki “F-35”-də öz üzərimizə düşəni etdik və pulla verməli olduğumuzu verdik. “S-400” ilə bağlı sizdən “Patriot” istədik, vermədiniz. Əksinə, bazalarımızda olanları da götürdünüz. Yaxşı, bəs biz nə etməli idik? Başımızın çarəsinə baxmalı idik.

Biz bütün hüquqlarımıza əməl edəcəyik. Müdafiə sənayesi ilə bağlı bütün məsələləri və birgə ata biləcəyimiz addımları müzakirə etməyə davam edəcəyik. Bundan sonrakı dövrdə Xarici İşlər nazirimiz, Milli Müdafiə nazirimiz və Müdafiə Sənayesi Komitəsinin sədri həmkarları ilə görüşərək bu prosesi davam etdirəcəklər.

- Siz də Baydeni Türkiyəyə dəvət etdiniz. Bunun üçün bir tarix təyin olundumu?

- Tarix deyilmədi, ancaq tarixin siqnalları göründü. Bayden dedi ki, hal-hazırda son dərəcə gərgin iş vaxtıma baxmayaraq, onları yoluna qoyduqdan sonra xüsusilə Türkiyəyə bir səyahət etmək istəyirəm.

- ABŞ ilə bir çox ortaq maraqlar və əməkdaşlıq sahələri var. Sizcə, Baydenlə görüşdən sonra ABŞ-la münasibətlər necə davam edəcək?

- Cənab Baydenlə münasibətlərimizi müttəfiqliyə və strateji tərəfdaşlığa layiq bir şəkildə davam etdirməyi arzulayırıq. Suriyadan Liviyaya, terrorla mübarizədən enerjiyə, ticarətdən investisiyalara qədər ABŞ-la ciddi əməkdaşlıq potensialımız var. Ölkələrimiz arasında mövcud mexanizmləri işə salmaqla bu potensialı tam həyata keçirməyi hədəfləyirik.

- NATO Zirvəsindən əvvəl Liviyaya bir heyət göndərdiniz. Liviyada önümüzdəki dövrdə hansı inkişaflar ola bilər?

- Məlum olduğu kimi, Liviyanın qanuni hökuməti ilə sıx əməkdaşlıq edirik. NATO Sammitindən əvvəl Xarici İşlər nazirimizin rəhbərlik etdiyi heyət Liviyada bir sıra görüşlər keçirdi. Brüssel sammitindən əvvəl belə bir ziyarət etmək çox vacib və çox faydalı idi. Heyət həm Baş nazir, həm də Şura sədri ilə səmərəli görüşlərdən məmnuniyyətlə geri döndü. Liviya tərəfi də bu səfərlərdən və görüşlərdən məmnun qaldı. Liviya ilə əlaqələrimizi gücləndirmək və müqavilələrimizi nəzərdən keçirmək fürsətimiz oldu. Əlbəttə ki, bu ziyarət dünyada çox fərqli bir şəkildə qarşılandı. Bundan sonra bu işlərə müəyyən fasilələrlə davam edəcəyik. İnşallah, bu heyət Əfqanıstan, Pakistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və bölgədəki digər dövlətlərlə də bu işi davam etdirəcək. Bunu etməyimizin bir səbəbi var. Biz bununla "Türkiyə daim yanındadır, sizi tək qoymayacağıq" - deyirik. Bu diplomatik münasibətləri daim yaşadacağıq.

- ABŞ Əfqanıstandan çəkiləcəyini açıqladı. Geri çəkilmə prosesi rəsmi olaraq başladı. Ancaq Türkiyənin Əfqanıstanda varlığına davam edəcəyi ilə bağlı bir gözlənti var. Türk ordusunun Əfqanıstandakı varlığı davam edəcəkmi? Əfqanıstanda ABŞ ilə əməkdaşlıq prosesi necə davam edəcək?

- Türkiyə Əfqanıstanda sabitlik və sülh üçün ən çox səy göstərən ölkələrdən biridir. NATO missiyası ilə birlikdə olduğumuz Əfqanıstanda davamlı bir sülh mühitinin yaradılmasına töhfə verməyə davam edəcəyik. ABŞ-ın Əfqanıstandan çəkilmə qərarından sonra Türkiyə burada üzərinə daha çox məsuliyyət götürə bilər. Əfqanıstandakı bütün tərəflərin və bölgə ölkələrinin konstruktiv töhfələri ilə sülh prosesini qalıcı hala gətirəcəyimizə inanıram. Sülh və əfqan qardaşlarımıza güclü dəstəyimiz üçün səylərimizi davam etdirəcəyik. İnşallah, Əfqanıstandakı qardaşlarımızın problem yaşamasına icazə verməyəcəyik.

- NATO zirvəsində apardığınız danışıqlarda suriyalı qaçqınlar məsələsi gündəmə gəldimi? Bundan əlavə, Avropa Birliyi ilə əlaqələrdə ən son durum necədir?

- Təəssüflə deyə bilərəm ki, Avropa liderləri bu məsələni heç gündəmə gətirmədilər. Əksinə, biz bunu gündəmə gətirdik, xüsusilə Frontex məsələsini. Şəxsən onların da Frontex-dən şikayətçi olduqlarını gördük. Frontex rəhbərinin də onlar tərəfindən tənqid olunduğunu gördük. Miçotakislə danışdıq. Ona dedim ki, bugünkü toplantı kimi, bundan sonra aramıza üçüncü tərəfləri, qurumları və ya dövlətləri gətirməyək. Təkbətək görüşək. Xüsusi nümayəndənlə mənim xüsusi nümayəndəm görüşsünlər və bizi məlumatlandırsınlar. Bundan sonra da biz bir araya gələrək buna uyğun addımlar ataq. Razılaşdığımız ən vacib məsələ bu idi. İnşallah bundan sonra dövlətlərin, qurumların və təşkilatların müdaxiləsi ilə yox, xüsusi nümayəndəm İbrahim bəy və onun xüsusi nümayəndəsi Eleni xanımla əlaqə quraraq Yunanıstanla bir araya gələ biləcəyik və müvafiq addımlar atacağıq. Bu, çox vacibdir.

- Türkiyə son vaxtlar bir çox ölkəyə, hətta NATO ölkələrinə və ortaqlarına PUA satmağa başladı. Qərb və dünya mediasında PUA-larımızın qlobal geosiyasi tarazlıqlara təsiri barədə hər gün şərh yazılır. Bu baxımdan müdafiə sənayemiz bir marka halına gəlir. NATO sammitində bununla bağlı bir tələb və ya qiymətləndirmə olubmu? Müdafiə sənayemizdəki irəliləyişləri və yeni layihələri qiymətləndirə bilərsinizmi?

- Bu məsələyə olan marağı xüsusilə NATO Sammitində gördük. Bu baxımdan bu yaxınlarda Polşa ilə bir razılığımız oldu. Polşa ilə bərabər imkanlar da artmış oldu. İndi vaxtaşırı istəklər gəlir, gələcəklər də. Əlbəttə, burada bizim üçün bir şey çox vacibdir. “Baykar”ın bu sahədəki addımı, türk müdafiə sənayesini Avropaya açmaq deməkdir. Türk müdafiə sənayesinin məhsulları ilk dəfə Avropa bazarlarına girəcək. İndi bəzi yeni məhsullar və silahlar da var. Onlar da bu bazarlara girəcəklər. NATO və NATO ölkələri üçün bu silahların, alətlərin, avadanlıqların olması çox vacibdir. Polşa bu nöqtədə vacibdir. Ümid edirəm ki, növbəti prosesdə güclərimizi birləşdirərək bu addımları davam etdirəcəyik.

- Siyasi Partiyalar Qanunu və Seçki Qanunu ilə bağlı işinizi MHP-yə göndərdiniz. Bu məsələ ilə bağlı bir geri dönüş oldumu?

- Seçki Qanunu ilə əlaqədar hazırlanmış paket Xalq İttifaqının partiyasından olan Feti Bəyə çatdırıldı. Oradakı geri dönüşdən sonra yenidən qiymətləndirmə aparacağıq və buna uyğun hərəkət edəcəyik.

- Yeni Konstitusiya üzərində iş hansı mərhələdədir?

- Konstitusiya ilə bağlı işlərimiz hazırda Yavuz Atarın rəhbərlik etdiyi Konstitusiya Elmi Şurası tərəfindən aparılır. Layihə işi tamamlandı. Eynilə bu işi müttəfiqimiz MHP-yə vermək mərhələsindəyik. MHP sədri hörmətli Dövlət Bahçeli hazırlıqlarını bizə göndərdi. Bir heyət ilə birlikdə işləyirik. Ümid edirəm ki, sonra bunu hər ikimizin ortaq qəbulu olaraq parlamentdəki digər partiyalarla, QHT-lərlə və ictimaiyyətlə bölüşəcəyik.

- Seçki ilə əlaqədar Millət İttifaqındakı ortaq namizədlə bağlı qarışıqlıq var. Cənab Kılıçdaroğlunun son vaxtlar namizədliyə daha yaxın olduğu müşahidə olunur. Növbəti seçkilərdə rəqibinizin necə bir profilə sahib olmasını istərdiniz?

- Cümhuriyyət İttifaqının namizədi bəllidir. Yəni kiminlə qarşılaşmamızın əhəmiyyəti yoxdur. İndi Cümhuriyyət İttifaqının namizədi olaraq, hazırlıqlarımızı ən güclü və ən gözəl şəkildə etməliyik. 19 ildə ölkəmizi haradan gətirdik, bundan sonrakı müddətdə haraya götürəcəyik, bunun üzərində işləməliyik. Bunun üçün ciddi bir komanda, ciddi bir heyət qurmalıyıq.

- Bu yaxınlarda ölkəmizdə peyvənd mövzusunda sürətli irəliləyiş əldə etdik. Məhdudiyyətlər yumşaldıldı, bəs tam normallaşma nə vaxt olacaq?

- Bu gündən(16 iyun) etibarən birinci və ikinci dozada cəmi 37 milyonu keçdik. Birinci dozada 23 milyon, ikinci dozada 14 milyon peyvənd vurulub. İndiyə kimi heç bir problemimiz yoxdur. Yaxşı vəziyyətdəyik. Həm Çin, həm də Almaniya bizə verdiyi sözləri yerinə yetirirlər. Vaksinləri tədricən göndərirlər. Yerli peyvəndimizlə bağlı işlər intensive şəkildə davam edir. Ümid edirəm sentyabr və oktyabr aylarına kimi öz peyvəndimizi istehsal etmiş olacağıq. Səhiyyə Nazirliyi hamını sürətlə peyvənd etmək səylərini davam etdirir. Hazırda ölənlərin sayı kəskin şəkildə azalıb. Ümidimiz xəstələrin sayını daha da azaltmaqdır. Ümid edirik ki, maskaların tələb olunmayacağı bir dövrə girəcəyik.

"Maskaları nə vaxt çıxaracağıq" sualına, ümid edirəm, Səhiyyə nazirimiz bir an əvvəl cavab verəcək. İstəyimiz ən qısa müddətdə maskadan qurtulmaqdır. Xalqımız da bu məsələdə bir rahatlama dövrünə girmiş olsun.

Hazırladı: Güntəkin Nizam

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar