"MƏNİ DİRİ-DİRİ YANDIRMAQ İSTƏYİRDİLƏR, SEYMURU YANDIRDILAR..." - Zərərçəkmişlər dəhşətli işgəncə faktlarını açıqladılar (Yenilənib)

“1997-ci ildə hərbi xidmətə çağırılmışam, həmin il ermənilərə əsir düşmüşəm”.  “Report”un xəbərinə görə, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş Elşən İslamov deyib.

O bildirib ki, Gədəbəy rayonunda postda olarkən əsir götürülüb: “Bu zaman özümdən getdim. 1999-cu ildə Yerevanda təcridxanada idim, gəlib məni apardılar. Bir otağa saldılar, orda Mkrtiçyan Lüdvik gəldi mənimlə söhbət elədi. Dedi ki, ad soyadını dəyişib. Ermənistanda qalacaqsan, ailə quracaqsan, Ermənistan vətəndaşlığını qəbul edəcəksən, azərbaycanlılara qarşı döyüşəcəksən. Bildirdi ki, Ermənistanda mənim üçün hər cür şərait yaradılacaq. Razı olmadım. Buna görə də Mkrtiçyan mənə amansız işgəncə verdi. Sonra məni Şuşa türməsinə güllələnməyə apardılar. Rəssam idim, erməni zabitinin şəklini çəkmək üçün bir vərəq gətirdilər. Mən də çəkdim. Sonra kəmərlə döyməyə başladılar”.

Şahid deyib ki, ermənilər onu diri-diri yandırmaq istəyiblər: “Qış idi, məni erməni əsgərlərə təhvil verdilər. Əsgərlər məni yerə uzadıb əllərimi bağladı, üstümə benzin tökdülər. Onlar benzin qabını da başımın altına qoydular. Hazırlaşırdılar ki, yandırsınlar. Bu zaman xəbər gəldi ki, məni yandırmasınlar aparırlar. Yenidən döyməyə başladılar. Maşına mindirdilər, yemək verdilər, yenə döydülər. Döyə-döyə kəndə gətirdilər. Maşından düşəndə başımdan vurdular və özümdən getdim. Ayılanda Şuşa türməsində olduğumu gördüm. Orda çoxlu yaralı azərbaycanlılar var idi. Birinin gözünü çıxarmışdılar. Dedilər ki, 1992-ci ildə əsir düşənik. Betonun üstünə su tökürdülər, biz orda yatırdıq. Tualetə gedib-qayıtmaq üçün 3 dəqiqə vaxt vermişdilər. Tualetə qaça-qaça gedəndə 4 dəqiqəyə çatırdıq. Artıq qayıdanda 7 dəqiqə olurdu və məni amansızcasına döyürdülər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi gələndə gördü ki, bizim yatmağa pastelimiz yoxdu. Tapşırıq verdi ki, bizə yatmağa yorğan döşək versinlər. Komitə nümayəndəsi gedəndən sonra yorğan-döşəyi aldılar. 

Sonra məni iki nəfər maşına mindirib bir dağa apardı. Orada düşürdülər ki, “dayan güllələyirik”. Sevindim ki, canım qurtarır. “Geriyə dön” dedilər. Dönəndə bizim postumuzu gördüm. Məni saxladılar, başladılar bizimkilərə tərəf atəş açmağa. İstəyirdilər ki, bizim postdakılar da atəş açsın və bizi vursunlar. Amma bizimkilər məni vurmadılar”.

E.İslamov söyləyib ki, ona L.Mkrtiçyan Şuşa türməsində işgəncələr verib: “O, kəlbətinlə ağzımdakı qızıl dişləri çıxartdı. Mən Mkrtiçyan tərəfindən işgəncələrə məruz qalmışam, Xosrovyanı tanımıram. Mkrtiçyan mənə elə işgəncələr verib ki, onu hələ də unuda bilmirəm”.

"Bizə Mkrtiçyan bir-bir elektrik cərəyanı verirdi"

“1992-ci ildə könüllü olaraq müharibəyə yollanmışam, bir il sonra - 1993-cü il sentyabrın 26-da mühasirəyə düşüb əsir götürüldüm”.

Bunu isə Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Elman Hacıyev deyib.

O bildirib ki, əsirlikdə olanda L.Mkrtiçyan tərəfindən dəfələrlə işgəncələrə məruz qalıb: “Əsir düşən zaman o qədər döydülər ki, özümdən getmişdim. Ayılanda əllərim bağlı, boynum zəncirli Ağdərədə olduğumu gördüm. İki gün yalnız mənə yemək üçün kələm turşusu yedizdirdilər. Boynumdakı zənciri açmadılar ki, qaçaram. Sonra məni Şuşa türməsinə apardılar. İki ay orda saxladıqdan sonra Xocavənd rayonuna apardılar. Bizi Xocavənddə tikinti işlərində işlədirdilər. Lüdvik Mkrtiçyanı orda tanımışam. Xocavənddə ferma var idi, gecə ora heyvanlar üçün yem gətirildi. Başladıq onu boşaltmağa. Mkrtiçyan bir neçə adamla sərxoş vəziyyətdə əllərində avtomat bizi döyməyə başladı. Mən Mkrtiçyana dedim ki, “biz nə vaxtsa rastlaşarıq, cavabını verərəm”. Bu söz onun xoşuna gəlmədi, avtomatın qundağı və armaturla döyməyə başladı. Burnumu sındırdılar və atdılar palçığın içinə. Gözlərim həm döyülməkdən, həm də palçıqdan tutulmuşdu. Sonra məni yenə UAZ-a mindirib Şuşa türməsinə apardılar.

Əsirlikdə olduğum müddətdə seperatçı rejimin o vaxtkı “müdafiə naziri” Samvel Babayanın qardaşının evinin tikintisində fəhlə işlədirdilər. Füzuli və Ağdam rayonundan evləri söküb gətirirdilər, biz də daşıyırdıq, ustalar ferma tikirdilər. Oranı söküb gətirən də azərbaycanlı əsirlər olub. Xocavənddə iki donuz ferması, bir toyuq ferması və taxıl anbarı tikirdik. Hamısı Samvel Babayanın qardaşının idi. Erməni ustalar qışqırırdı ki, “palçıq gecikir”, Mkrtiçyan da hər dəfə gəlib məni avtomatla döyüb işgəncə verirdi. Gün ərzində 6 nəfərə bir çörək verirdilər, başqa heç nə”.

“Sonra bizi Karol Bayana ev tikmək üçün Xankəndinə gətirdilər. Onun evinin yanında Samvel Babayan üçün də 4 mərtəbəli villa tikdilər, biz də onlara fəhləlik edirdik. Ermənilər bizim qəbiristanlıqdan qara mərmərləri çıxarıb aparırdılar öz qəbirstanlıqlarında abidə düzəltdirirdilər. Qırmızı mərmərləri isə Samvel Babayanın villasının pilləkanında istifadə etdilər. Şuşa türməsində Lüdvik, Artur, Karen və digərləri işgəncə verirdilər. Bizə Mkrtiçyan bir-bir elektrik cərəyanı verirdi. Bir dəfə o, mənə elektrik cərəyanı verdi, sonra süpürgənin arxasına keçirilən taxta ilə vurub burnumu sındırdı. Mkrtiçyan məni türmənin qarşısına gətirdi. Metlaxları yerə palçıqsız düzdürdü. Dedi elə et ki, metlax tərpənməsin. O da mümkün deyildi, düz dayanmaq olmurdu. Mkrtiçyan da məni döyməyə başladı. Mkrtiçyan deyirdi ki, “birdən qaçmaq fikrinə düşərsən, onda səni işgəncələrlə öldürərəm”. O vaxt verilən işgəncələrdən indi də əziyyət çəkirəm. Dizlərimdə xəsarətlər qalır, böyrəklərimdəki ağrılara görə hər il müalicə alıram. Beynəlxalq Qırmızı Xaç Komitəsi Şuşa türməsinə baş çəkməyə gələndə bizə əvvəldən tapşırdılar ki, erməniləri və saxlanma şəraitini tərifləyək, əks halda axşam işgəncə verəcəkdilər. Biz də qorxumuzdan şikayət etmirdik”, - zərərçəkmiş bildirib.

"Seymurun yanmış meyitini mənə göstərdilər"

“1994-cü ildə Kəlbəcər istiqamətində, Murovdağda əsir düşmüşəm”. Bunu isə Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında ifadə verən zərərçəkmiş Yaşar Abduləliyev deyib.

O bildirib ki, əsirlikdə olan zaman ermənilər tərəfindən dəfələrlə işgəncələrə məruz qalıb: “Eyvaz, Seymur və mən əsir düşmüşdük. Ermənistan MTN-in nümayəndəsi gəlib bizimlə söhbət etməyə başladı. Çox işgəncə verdilər. Sonra dedilər ki, Seymura işgəncə veriləndə o, müqavimət göstərib, ermənilər də onun üstünə benzin töküb yandırıblar. Bizi ayağımızdan və başımızdan zəncirlədilər. Seymurun yanmış meyitini mənə göstərdilər. Sonra məni uzun müddət gizlətdilər. Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlətdilər ki, belə bir əsir yoxdu. Üç aydan sonra məni Şuşa türməsinə gətirdilər. Orada o qədər işgəncələr verdilər ki, ölümcül vəziyyətə düşdüm. Xankəndi uşaq xəstəxanasına aparıb müalicə elədilər, yenidən Şuşa türməsinə qaytardılar...

...Mkrtiçyan, Qəhərmanyan, Petrosyan məni dəfələrlə döyürdü. Mkrtiçyan ağzıma rezin bağladı, ağac parçası və kəlpətinlə dartıb dişimi çıxardı. Azərbaycanlı əsirləri Mkrtiçyan Şuşa türməsində bir-bir divara düzürdü, tikanlı odun parçası ilə kürəyimizə zərbələr endirdi. Mkrtiçyan Suqovuşanda, Şuşa türməsində azərbaycanlı əsirlərə işgəncə vermə üsulu ilə xüsusi seçilirdi. Ona görə də bu şəxsə ermənilər xüsusi hörmət edirdi.

Orda bir Bakı ermənisi mənə dedi ki, Mkrtiçyan Xocalı faciəsinin "qəhrəmanı"dır. Mkrtiçyan bizimlə həmişə Azərbaycan dilində danışırdı. Orda Bakı və Qarabağ erməniləri Azərbaycan dilində sərbəst danışırdı. Bizi isə vadar edirdilər ki, erməni dilində danışaq”.

“Ermənilər dişimi kəlbətinlə dartıb çıxarırdı” 

“1994-cü ilin yanvar ayında hərbi xidmətə çağırılmışam, fevralın 14-də dağda olarkən çovğun başladı, izi itirdik”. Bunu isə Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Kamil Babayev deyib.

O bildirib ki, əsir düşəndə dişinierməni hərbçiləri qırıblar: “Kəndin aşağı hissəsinə düşərək gizləndik. Gördük aşağıdan 3-4 nəfər gəlir. Həmin şəxslər bizi görən kimi dedilər ki, “qorxmayın gəlin, Daşkəsən uşaqlarıyıq”. Biz də çıxdıq qoşulduq bunlara. Bir az gedəndən sonra bizim yükümüzü və silahımızı aldılar ki, guya kömək edirlər. Silahımızı verəndən sonra bizi arxadan vurdular özümüzdən getdik. Ayılanda gördük ki, əllərimiz bağlıdır. Bizi Kəlbəcərdə bir sıldırım yerə apardılar. Mənim ayağımı digər əsir yoldaşımın ayağına bağladılar ki, qaça bilməyək. Kəlbəcərə çatanda erməni hərbçilər bizim üstümüzə hücum edib döyməyə başladılar. Bizi əsir götürənlər onların qarşısını kəsdi. Sonra hərbi hissəyə gətirib bir dəmir qapılı yerə saldılar. Hərbçilərdən biri mənim titan dişlərimi kəlpətinlə dartıb çıxarmaq istədi, alınmadı, dişimi qırdılar.

Daha sonra məni Ağdama, oradan isə Xankəndinə gətirdilər. Hər gecə ac-susuz dəfələrlə döyürdülər. Əsir düşəndən 3 aydan sonra çimməyə soyuq su verdilər. Əsirlikdə olanda döyüb burnumu sındırdılar. Mkrtiçyan və Xosrovyanı Şuşa türməsində tanımışam. Onlar məni təpik, yumruq və armaturla döyürdülər. Xankəndinə ev tikmək üçün apardılar. Bizi işlədib, sonra aparıb Mkrtiçyanla Xosrovyana təhvil verirdilər. Onlar da çatan kimi döyürdülər. Hələ də əsəb xəstəliyindən əziyyət çəkirəm".

Xatırladaq ki, bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmişlərin ifadə verib.

Onlar əsirlikdə təqsirləndirilən şəxslər tərəfindən dəfələrlə işgəncələrə məruz qaldıqlarını deyiblər.

Daha sonra təqsirləndirilən A.Xosrovyan dindirilib.

Məhkəmənin növbəti iclası iyunun 30-na təyin edilib.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

Belə ki, istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

635x100

Şərhlər

Eko 2021-06-24 06:14:46

Bu sherfsizderi qûllelemek lazim !!!!!

Xalq 2021-06-23 14:28:43

hər iki əclafa ömürlük verilməlidir!

Son yazılar