“ONUN BEYİN QAPAĞI PLASTİK LÖVHƏDİR...” – Qarabağ qazisi olan həbsdəki polkovniklə bağlı Prezidentə müraciət

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən avqustun 13-də həbs edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin sabiq rəisi, Qarabağ qazisi, ehtiyatda olan polkovnik Rövşən Babayevin ailə üzvləri və döyüş yoldaşları onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.

Müraciətlərinin surətini “AzPolitika.info”-ya da göndərən sabiq rəisin ailə üzvləri Prezidentdən xahiş edirlər ki, Rövşən Babayevin I Qarabağ savaşında fəal iştirakını, keçdiyi döyüş yolunu və bu döyüşlərdə başından ağır yaralanaraq, II qrup əlil olması faktını nəzərə alaraq, istintaq müddəti başa çatanadək, onun ev dustaqlığına buraxılmasına köməklik etsin.

Müraciətdə deyilir: “Hörmətli Prezident, cənab Ali Baş Komandan! Məlumat üçün bildiririk ki, ehtiyatda olan polkovnik Babayev Rövşən Əlixan oğlu Ali Hərbi Ümumqoşun Komandandirləri Məktəbini bitirdikdən sonra keçmiş Sovet ordusunda müxtəlif vəzifələrdə xidmət edib, Sovet İttifaqı dağıldıqdan sonra Rusiya Federasiyasının silahlı qüvvələrində mühüm hərbi vəzifələr tutub. Birinci Qarabağ Müharibəsinin başlandığı ilk günlərdən öz Vətəninə xidmət etmək, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmək, Vətən qarşısında borcunu yerinə yetirmək məqsədilə Rusiya Federasiyasındakı vəzifəsindən, oradakı imtiyazlarından imtina edərək, Vətənə qayıdıb, Azərbaycan Milli Ordusunun tərkibində Birinci Qarabağ Müharibəsinin sonunadək qəhrəmanlıqla döyüşüb, Tərtər uğrunda gedən döyüşlərdə isə başından ağır qəlpə yarası alıb. Aparılan cərrahiyə əməliyyatı zamanı onun beyin qapağının böyük bir hissəsi kəsilərək götürülüb və plastik lövhə ilə əvəzlənib, ona II qrup əlillik dərəcəsi verilib. Əlil omasına, səhhətində yaranmış daimi prolemlərə baxmayaraq, Rövşən Babayev xidmətini arxa cəbhədə - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində davam etdirib. 2019-cu ildə onun rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsində xidməti yoxlama aparılıb və həmin vaxtdan etibarən, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılıb. 2 (iki) ilə yaxın müddət ərzində ibtidai istintaq aparılmasına baxmayaraq, bir dəfə də olsun, dindirilməyib. 2021-ci il avqust ayının 13-də səhhəti ilə əlaqədar Gədəbəy rayonunda müalicə aldığı zaman hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, Azərbaycan Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Müabrizə İdarəsinə gətirilib, gecə səhərə qədər orada saxlanılıb, ertəsi günsə heç bir əsaslı səbəb göstərilmədən Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilib. Hal-hazırda Qarabağ qazisi, ikinci qrup əlil, epilepsiya xəstəsi, ehtiyatda olan polkovnik Babayev Rövşən Əlixan oğlu Bakı İstintaq Təcridxanasında saxlanılır.

Onun daim həkim nəzarətində olmasının vacibliyi, səhhətinin son dövrlərdə daha da ağırlaşması, vaxtaşırı epileptik tutmalarının olması barədə müdafiə tərəfinin təqdim etdiyi sənədlərə, Vətəni və Dövləti qarşısında göstərdiyi xidmətlərə, eləcə də onun Qarabağ qazisi və ikinci qrup Qarabağ əlili olması faktına əhəmiyyət verilməyərək, “qatı cinayətkar” kimi həbsə atılıb”.

Müraciətin sonunda Rövşən Babayevin ailə üzvləri və döyüş yoldaşları Prezidentdən xahiş edirlər ki, Qarabağ qazisinin keçdiyi döyüş yolu və səhhətindəki ağır problemlər nəzərə alınaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənsin.

“AzPolitika.info”-ya bir başqa mənbədən daxil olan məlumata görə isə, Rövşən Babayevlə eyni maddələrlə ittiham olunan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin şöbə rəisi Yaşar Hüseynov yüksək vəzifəli bir şəxsin bacısı oğlu olması səbəbindən ev dustaqlığına buraxılıb.

“AzPolitika”

635x100

Şərhlər

Araz 2021-08-23 11:14:36

“ONUN BEYİN QAPAĞI PLASTİK LÖVHƏDİR...” Amma və lakin rüşvət almağına plastik lövhə mane olmayıb.

t.ədalət 2021-08-23 10:10:55

Müharibə iştirakçısı və ya əlili olmaq o deyil ki,rüşvətxorluq edəsə,səni də tutmayalar.Rüşvətxorluq rəzillikdir və inu heç bir imtiyaz qoruya bilməz.

Son yazılar