“BİZ DÜŞMƏNÇİLİK ATMOSFERİ İLƏ NƏ EDƏCƏYİK?...” – “Söhbət qardaşlıq və dostluq münasibətlərinin qurulmasından getmir, amma...”

Paşinyan Azərbaycanın ələ keçirdiyi erməni diversantlarına görə məsuliyyəti Rusiyanın üstünə atdı

Ermənistanın Baş naziri Nikol Paşinyan çoxdan maraqla gözlənən yeni hökumətin proqramını parlamentə təqdim edib.

“AzPolitika.info” xəbər verir ki, Paşinyanın deputatlar qarşısındakı çıxışını işıqlandıran erməni mətbuatı onun Azərbaycan və Türkiyə ilə münasibətlər və Qarabağdakı rus sülhməramlıları ilə bağlı söylədiklərinə xüsusi yer verib.

Paşinyan gərgin keçən iclasdakı çıxışında Qarabağda Azərbaycan tərəfindən müharibə bitəndən sonra ələ keçirilən erməni diversantlara görə məsuliyyəti dolayısı ilə Rusiya sülhməramlılarının üstünə atıb.

Baş nazir qeyd edib ki, həmin hərbçilər Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhz rus sülhməramlılarının məsuliyyət zonasında “əsir götürülüblər”: “Problem ondadır ki, uzun müddətə məhkum olunmuş vətəndaşlarımızın böyük hissəsi 9 noyabrdan, yəni Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra və onların məsuliyyət zonasında əsir götürülüblər...”

Paşinyan bildirib ki, erməni hərbçilərinin Azərbaycan məhkəmələri tərəfindən uzun müddətə məhkum olunması “Rusiya sülhməramlılarına qarşı diskriminasiyanın” göstəricisidir. 

O, həmçinin növbəti dəfə xüsusi olaraq qeyd edib ki, Azərbaycan Rusiya sülhməramlılarının statusuna dair sənədi imzalamaqdan imtina edir. Paşinyan Azərbaycanda sülhməramlılara qarşı geniş təbliğat aparıldığını da iddia edib. 

Bununla yanaşı, Ermənistanın Baş naziri qonşu ölkələrlə, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsinə də toxunub.

Paşinyan Azərbaycan və Türkiyəyə münasibətdə kök salan dərin düşmənçiliyin Ermənistanın İran və Gürcüstanla münasibətlərinə də mənfi təsir göstərdiyini deyib: “İran, Türkiyə, Azərbaycan və Gürcüstan bir-birilərini tərəfdaş və dost ölkələr hesab edirlər. İran və Gürcüstanla bizim dostluq münasibətlərimiz var. Lakin bizim düşmənçilik subyekti və obyekti olmağımız dost ölkələrlə münasibətlərimizə də təsir edir. Düşmənçilik atmosferinin idarə olunması və aradan qaldırılması xarici siyasətdə açar rolu oynaya bilər və qarşılıqlı əməkdaşlıq regionun digər ölkələri üçün də maraqlı ola bilər. Bundan qazanc götürmək üçün bütün təhqirlər dayandırılmalı, faktlar, təhlillər və rasional düşüncə danışmalıdır.”

Paşinyan düşmənçiliyin tam aradan qaldırılmasının çətin olduğunu bildirməklə yanaşı qeyd edib ki, onun dərinləşməsi də regionun təhlükəsizliyinə təhdid törədr: “Söhbət nəyinsə unudulmasından, nədənsə imtina edilməsindən, qardaşlıq, dostluq münasibətlərinin qurulmasından getmir, amma bir suala cavab verilməlidir: biz düşmənçilik atmosferi ilə nə edəcəyik? Onu dərinləşdirəcəyikmi? Qarşımıza düşmən hesab etdiklərimizi məhv etmək məqsədi qoyacağıqmı? O zaman onlar da həmin məqəsədi qoyacaqlar...”

Maraqlıdır ki, bu sülhsevərlik və səmimiyyət görüntüsü yaratmağa hesablanan çıxışında Ermənistanın Baş naziri deyib ki, regionda qarşılıqlı əməkdaşlıq və sülh şəraitinin yaradılması üçün 10 noyabr və 11 yanvar üçtərəfli sazişlərinin bütün bəndlərinin yerinə yetirilməsi vacibdir. Hansı ki, məhz hələ də rus “sülhməramlılarının” arxasında gizlənərək, hərbi birləşmələrini Qarabağdan çıxarmayan və Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərən Ermənistan bu razılşamaları açıq-aşkar pozmaqla məşğuldur.

C.Məmmədov

“AzPolitika.info”   

635x100

Şərhlər

B.Qarabağlı 2021-08-25 09:27:53

Kremlin HƏRBİ GÜCÜ və dünyəvi hay-xrist mafiyasının daşnaq xisləti ilə Azərbaycanı zəbt, Türkiyəni çökdürməyə çalışan Ermənistandan 33 ildən sonra ilk barışıq çıxışı!? Bravo!?

Son yazılar