ŞUŞADAN QAÇAN OHANYANIN “QƏHRƏMANLIĞI”... – Hərbi cani indi parlamentdə butulka atır + VİDEO

İki gündür ki, Ermənistan parlamentində gərgin, maraqlı, bəzənsə hətta gülməli hadisələr baş verir. Belə ki, parlamentin son iki iclasında Nikol Paşinyanın hakim partiyasının millət vəkilləri ilə müxalif deputatlar arasındakı sözlü atışma artıq fiziki qarşıdurmaya, hətta əlbəyaxa davaya keçib.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında son parlament iclasında yaşanan qarşıdurmanı sabiq müdafiə naziri Seyran Ohanyanın başlatdığına dair məlumat yayılıb.

Xəbər verildiyi kimi, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasını təmsil edən deputat Hayk Sarkisyanın çıxışı müxalif deputatların qəzəbinə səbəb olub.

O, iqtidarın siyasətini müdafiə edən çıxışı zamanı Ermənistanın bütün keçmiş müdafiə nazirlərini satqın adlandırıb və bu dediklərinin əsas etibarilə yeni parlamentin müxalifətdən seçilmiş deputatı olan və həmin vaxt zalda oturan Seyran Ohanyana aid olduğunu hər kəs anlayıb.

Bundan sonra sabiq müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi “Hayastan” fraksiyasının deputatlarının Sarkisyanın dediklərinə kəskin reaksiya verdiyi və millət vəkillərinin bir-birinə su şüşələri atdıqlarına dair məlumat və videogörüntülər yayılıb.


Sonradan ilk olaraq, hakim partiyanın deputatına şəxsən Ohanyanın su şüşəsi atdığı məlum olub və buna aid fotolar yayılıb. Bu faktı Ohanyan özü də mətbuata açıqlamasında etiraf edib və H.Sarkisyanı onu təxribata çəkməkdə günahlandırıb.

Əslində isə Sarkisyan çıxışında “pul və telefon zəngi ilə kimlərisə ordudan yayındıran bütün keçmiş nazirlər vətən xainidir” demişdi. Ohanyanın bu sözü özünə götürməsi təsdiqləyir ki, şəxsən onun özü də bu əməllərin sahibi olub.

Lakin daha maraqlısı odur ki, Vətən Müharibəsinə qədər işğalda olan Şuşanın müdafiəsi tapşırılan Ohanyan Azərbaycan əsgərinin ayaq səslərini eşidər-eşitməz şəhəri qoyub qaçmışdı. Və bu qorxaqlığı ilə Birinci Qarabağ Müharibəsindəki “qəhrəmanlığının” üstündən xətt çəkmişdi. İndi isə görünür, Qarabağdakı qorxaqlığını erməni parlamentindəki hoqqaları ilə “yumağa” çalışır.

Və ümumiyyətlə, Ohanyan da daxil olmaqla, vaxtilə Azərbaycana meydan oxuyan, onun şəhərlərinə, kəndlərinə mərmi, raket atan, bu günsə qaçıb gizləndikləri deşiklərdən çıxa bilməyən erməni müharibə canilərinin bir-birinə “butulka” atmasının özü də tarixi ədalətin qismən də olsa bərpasıdır.

C.Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar