BURADA YAŞAMAQ UĞRUNDA MÜBARİZƏ GEDİR... - Zığdakı korona hospitalından reportaj

... Kənardan baxanda həbsxana divarlarına oxşayır. Bu boz, soyuqqanlı yeri görəndə adamı vahimə bürüyür. Əvvəl hamının dilində türmə ilə bağlı “Allah heç kəsin yolunu bu qapıdan salmasın” var idisə, indi eyni sözləri koronavirus xəstələrinin müalicə olunduğu modul tipli xəstəxanalar, hospitallar haqda eşitmək olur.

Sanki “Taun” romanında olduğu kimi bir mənzərə ilə qarşılaşırsan: insanlar qaçhaqaçda, tələsirlər, kimisi telefonda həyəcanla xəstənin yerləşdiyi korpusu deyir, kimisi yaxınının vəziyyətini soruşur, ambulansların biri hospitalın həyətindən çıxır, biri daxil olur, biri gedir, biri gəlir və bu təcili yardım maşınlarının içində kombizonlu tibb işçiləri, maskalı adamlar, üzündən halsızlıq və ümidsizlik yağan xəstələr görmək olur. Həqiqətən də ürəyində deyirsən ki, Allah heç kəsin yolunu bu qapıdan - bəli, Zığda yerləşən, “COVİD-19" xəstələrinin müalicə olunduğu modul tipli hospitaldan salmasın!

Çünki olduqca dəhşətli və üzücü mənzərədir, bunu qorxutmaq üçün söyləmirik. Hospitalın qarşısında gördüyümüz vəziyyət, insanların həyəcanı, xəstəxananın ətrafında saysız-hesabsız maşınlar, ambulansların ara vermədən giriş-çıxışları bunu deməyə əsas verir. Əsas verir ki, son günlər yoluxmanın artdığına şübhə edənlər, rəqəmlər üzərində manipulyasiya edildiyini söyləyənlər, vaksindən yayınanlar şahid olsunlar. Görsünlər ki, həqiqətən yoluxma necə bir şəkildə kəskin artıb.


Ümumiyyətlə, sözün əsl mənasında insan həyatı uğrunda amansız mübarizə gedir. Ambulanslar bir saat belə dayanmırlar, hospitala gətirilənlər günbəgün artırlar. Bunu oradakı müşahidələr də təsdiqləyir, eləcə də söhbətləşdiyimiz insanlar deyirlər. Hospitala giriş tamamilə mümkünsüzdür. Təbii olaraq, nə xəstə yaxını buraxılır, nə də onlara hər hansı yemək qəbul edilir. Sadəcə, hospitalla bizi ayıran hündür divarların bir yerində nəfəslik var, oradan xəstəyə lazım olan geyim, hər hansı zəruri ehtiyaclar qəbul edilərək çatdırılır. 

Hospitalın əməkdaşları xəstənin yerləşdiyi korpusu, ad-soyadı qeyd edir və bağlamaları götürürlər. Qəbul qapısı yox, məhz nəfəsliyində, yəni pəncərə önündə nələrin qəbuluna icazə verildiyinin siyahısı da dərc olunub: çay, qənd, sitrus meyvələri istisna, digərləri olar. Amma xəstə yaxınlarının nəzərinə o da çatdırılır ki, hospitalda kifayət qədər hər bir qida məhsulu verilir, ev qidaları isə müalicə olunanların vəziyyətini ağırlaşdırır, ona görə vəziyyəti düzgün anlayın.

Bu hospital qarşısında qeydiyyat nişanı bölgələrə aid olan çoxlu avtomobillər də görmək mümkündür. Kimisi xəstəsinə geyim gətirir, kimisi vəziyyətini öyrənir.


Yalnız bir reallıq var - gözdən uzaq bir ərazidə yerləşən hospitala ambulansların biri girir, biri çıxırdı. Bu da yoluxmanın artması səbəbindən təcili yardımların çağırışlara yetişməsində çətinlik yaradır. Eyni zamanda hospitalda tez-tez növbələr dəyişir, tibbi personalın tərkibi genişdir. Biz orada olarkən axşam növbəsinə gələn tibb işçiləri növbə ilə sıraya düzülmüşdülər və bir-bir yoxlanılaraq hospitalın həyətinə buraxılırdılar.

Bütün bunlar ölkədə epidemik vəziyyətin yenidən pisləşdiyinin əlamətləridir və əlavə işçi qüvvəsinə tələbat artıb. O baxımdan hər bir vətəndaş özünü qorumalıdır, bu gözəgörünməz düşmənlə mübarizədə ehtiyatı əldən verməməlidir. Ola bilsin ki, yoluxmayan insanlar üçün hər şey dramatik görünmür, lakin hospital önündə insanların simasına, üzgünlüyünə və intizarına baxanda tamamilə fərqli hisslər keçirirsən. Ona görə ilk növbədə vaksin olunun, ən azı xəstəliyi ağır keçirməyəcəksiniz.

Bu arada üçüncü dozanın vurulmasına başlanılıb. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumatda bildirib ki, “peyvənd sertifikatı” müddətsizdir və 3-cü dozanın vurulması onun müddətinə təsir etmir. 

Həmçinin qeyd edilib ki, son elmi tədqiqatlara əsasən, COVİD-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza (“buster” doza) ilə peyvəndlənmələri tövsiyə edilir. Bunun üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVİD-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. (musavat.com)

635x100

Şərhlər

Isibaba 2021-08-26 11:05:41

Psyvendden imtina edenleri sert cezalandirmaq lazimdir, o shuursuzlara gore butun xalq zulum cekir!

t.ədalət 2021-08-26 10:51:00

Bir hərbiçi var idi,briqada komandiri qoymuşdular.Şimal zonasında restoranlar tikdirirdi.Əsgərlərin hər şeyini satıb restoranın tikintisinə sərf edirdi.İndi Ramin Bayramlı da elə.İmkanında olan hər şeydən pul əldə edim Badamdarda tikdirdiyi çoxmilyonlu dəyəri olan villasını tikdirir.Özü də hamının gözü önündə.Belə özbaşınalığa baxanda ölkədə oğrulara qarşı hansısa tədbirin görüldüyünə inanmaq olmur..

Son yazılar