İRƏVANDA GORUS-QAFAN YOLU İSTERİKASI... - Paşinyan kimləri günahlandırdı?

Məlum olduğu kimi, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb: “Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnux hissəsini bağlayıb. Yolun açılması, insanların və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, artıq məsələ Ermənistan parlamentində qızğın müzakirələrə səbəb olub.

Müxalif deputat, sabiq Milli Təhlükəsizlik Xidməti rəisi Artur Vanetsyan sözügedən hadisəyə görə hökuməti və Baş naziri sərt tənqid edib.

Vanetsyan Nikol Paşinyana üz tutaraq, “Gorus-Qafan yolu hansı beynəlxalq sənədlə tənzimlənir və həmin ərazi Ermənistanın suveren ərazisidir, ya yox” deyə sual verib.

Sabiq xidmət rəhbəri həmçinin, Ermənistanın yeni Müdafiə naziri Arşak Karapetyanın bir müddət əvvəl Azərbaycanın üvanına səsləndirdiyi hədə-qorxuları xatırladaraq, bunların boş söz-söhbət olduğuna eyham vurub və hökuməti hərəkətsizlikdə, cəsarətsizlikdə günahlandırıb.

Ombudsmanı Arman Tatoyan isə həmişəki kimi, dərhal özünü əraziyə çatdırıb və hadisə ilə bağlı beynəlxalq təşkilatlara artıq məlumat göndərdiyini açıqlayıb. Tatoyan həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin Gorus-Qafan yolunun daha bir hissəsini bağladığını bildirib. 

Ombudsman iddia edib ki, hərbçilərimiz Gorus- Şahverdilər (ermənilər “Varatan” deyir-red.) yolunu da bağlayıb və ermənilərin həmin yolla hərəkətinə imkan vermir.

Sözügedən məsələ ilə bağlı danışan Nikol Paşinyan isə yaranmış vəziyyətə görə məsuliyyəti yenə əvvəlki hakimiyyətin üzərinə atıb. Dolayısı ilə bu ərazinin Azərbaycana aid olduğunu etiraf edən Paşinyan əvvəlki hökumətin nədən Gorus-Qafan yolunu “mübahisəli ərazilərdən” saldığını soruşub.

Baş nazir qeyd edib ki, hələ o, hakimiyyətə gəlməzdən xeyli əvvəl Azərbaycanla həmsərhəd ərazilərin “taleyi həll olunub”.

Paşinyan həmçinin xüsusi vurğulayıb ki, həmin yolun təhlükəsizliyi Rusiya sərhədçiləri tərəfindən təmin olunurdu.

Göründüyü kimi, tərəflər günahı bir-birinin üstünə atır, Azərbaycanın suveren ərazilərindən keçən məlum yol isə bağlı olaraq qalmaqdadır...

Bir daha xatırladaq ki, söhbət işğal dövründə Ermənistanın Azərbaycan ərazisindən çəkdiyi Qafan-Gorus avtomobil yolunun bağlanmasından gedir. 10 noyabr razılaşmasından sonra Azərbaycan tərəfi yolun ölkəmizin ərazisindən keçən 20 kilometrə yaxın hissəsindən ermənilərin istifadəsinə icazə vermişdi.Bu barədə Prezident İlham Əliyev də çıxışlarında məlumat verib.

Dünən axşamdan isə Azərbaycan sərhədçiləri hər iki tərəfdən yolu gediş-gəliş üçün bağlayıblar. Ermənistan Müdafiə Nazirliyi və Rusiya sərhədçilərinin iştirakı ilə aparılan danışıqlardan sonra Azərbaycan tərəfi yolda qalan maşınların çıxmasına icazə verib. Lakin yolu açmayıb.

Qeyd edək ki, Azərbaycan rəsmi olaraq yolun bağlanması ilə əlaqədar açıqlama verməsə də, bunun dünən axşam ərazidə ermənilərin törətdiyi təxribatla bağlı olduğu istisna deyil.

Xatırladaq ki, 25 avqust tarixində saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalmış, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət almışdır.

Digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermənistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçmışlar.

Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilmişdir, hazırda həyatı üçün təhlükə yoxdur.

"Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcəkdir" - deyə, DSX-nın məlumatında bildirilirdi.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar