Bildiyimiz kimi gələn il Bakıda Avropa oyunları keçiriləcək. Nəfəs LGBT Azərbaycan Alliansı və Azad LGBT bu olimpiya oyunları ilə əlaqədar “Bərabərlik üçün Yarış” adlı kampaniya həyata keçirəcək. Bu barədə AzPolitika.info-ya daxil olan press-relizdə bildirilir ki, kampaniyanın hədəf qrupuna Avropa Parlamenti, Beynəlxalq Olimpiya Komitəsi, ILGA World və ILGA Europe, Avropa Şurasına daxil olan ölkələrin Olimpiya Komitələri və Xarici İşlər nazirlikləri, insan hüquqları üzrə çalışan Beynəlxalq Təşkilatlar daxildir. “Təbii ki, kampaniyanın keçirilməsi Bakı Olimpiya oyunlarının təxirə salınması tələbi deyildir. Əslində məqsəd Avropa və Dünya İctimaiyyətinin diqqətini Azərbaycandakı homofobiyaya, fundamental insan haqlarının və LGBT hüquqlarının cari vəziyyətinə yönəltmək, mövcud vəziyyətin yaxşılaşdırılması üçün dövlət tərəfindən ehtiyac duyulan addımların atılmasına nail olmaqdır. Diqqətin eyni hədəfə yönəlməsi üçün kampaniya zamanı olimpiyadanın rəsmi logosu göy qurşağı rəngində olmaqla istifadə olunacaq.

All Out’ un həyata keçirdiyi kampaniyaya əsasən artıq Beynəlxalq Olimpiya komitəsi də olimpiya oyunlarının keçirilməsi haqqında qaydalara dəyişikliklər edəcək. Komitə söz verdiyi kimi, təşkilatçı ölkələrin imzaladığı razılaşmaya “Olimpiya Razılaşmasındakı ayrı – seçkiliyə qarşı Maddə 6.” əlavə ediləcək. Yeni qaydalara əsasən, Olimpiya oyunlarını təşkil edən ölkələr hər hansısa bir qrupa qarşı ayrı – seçkilik etməyəcək. Komitə vurğulayaraq bildirir ki, bu qrupa LGBT insanlar da daxildir.

Belə ki, durmadan artan həbslər, ifadə və fikir azadlığının məhdudlaşdırılması, eyni ilə də fundamental insan hüquqlarının ayrılmaz bir hissəsi olan LGBT hüquqlarının tanınmaması, nifrət çağırışlarının istər cəmiyyət, media qurumları, istərsə də dövlət rəsmiləri tərəfindən artması problemin mövcudluğundan xəbər verir.”