O GÜN... - Səni itirdiyim gün...o gün...

Mən o gündən böyüməyə başladım. Yaşımdan, başımdan tez böyüməyə... bəzən bükülməyə... sənsizliyin ağırlığından, yoxluğundan.... o gündən itkinin necə ağır olduğunu dərk etməyə...

Danışmağı, gülməyi, gəzməyi öyrətdiyin kimi o gündən çox şeyləri öyrətdin...

Uşaq, gənc olmağa imkan vermədin, çox tez böyütdün məni... uşaqlarla oynayanda yemək üçün hamı evinə çağırılanda bir anlıq yoxluğunu unudub evimizə qaçıb bağlı qapıları, boş və günlərdir bulaşıq qalmış qazan-boşqabları görüb çilik-çilik sınmağı da!!!

İlk günlər itkinin ağırlığı, dərinliyi uşaq ağlımla mənə çatmasa da, sonradan için-için sənin üçün yanaraq ağlamağı, heç zaman qovuşmaq qisməti olmayacaq darıxmağı da öyrətdin mənə... xəstələnəndə öz-özümə sağalmağı da....

Qohumların məni görəndə uşaqları üçün aldığı nələrisə gizlətdiyini, göz yaşlarımı içimə axıdıb, daxilən ağlaya- ağlaya istəmədən gülümsəməyi də... süfrələrində mənə yer olmadığını açıqca göstərmələrini, mənim isə analı bir süfrədə oturmaq həsrətliliyimi...

Analı balaya paxıllıq etmək, 

Mənə öyrətmisən ölümünlə SƏN!

Qəbristanlığa aparmazdın məni, “uşaqlara olmaz” deyərdin... hər gün mənim üçün ziyarət yeri etdin oranı... saatlarla soyuq məzar daşınla dərdləşməyi öyrətdin mənə...

Tətillərdə hamı sevincək ana yeməyi, ana qayğısı üçün evlərinə tələsdiyində mən yenə də unutqanlıq edib, qara qıfıllı qapımıza üz tutardım... soyuq divarlı, bomboş amma içi sənli - kədərli xatirələrlə dolu evimizə sığınırdım... təmizliyimiz sanki həyat devizin idi.. səndən sonra yuyulmayan, aylarla qatı açılmayan və çirkli qalan, kif iyi verən yorğan-döşəklərdə yatmağı öyrətdin...

Uşaqlar ANAdan yetim qalır deyirlər... sevmirdim o sözü, amma arxamca doğma bildiklərim tez-tez deyirdilər... yetim uşaqdı... onu da sən dedizdirdin... yoxluğunla...

Qonşu kənddə anasını itirmiş uşaqlardan həmişə ürək ağrısı ilə danışardın, sənsiz pərən-pərən düşmüş övladlarını da dillərə saldın... yoxluğunla...

“Ögey ana” filminə baxanda həmişə gözlərin dolurdu... o filmə baxanda hönkür-hönkür aglamağı öyrətdin mənə...

Tələbə adını qazananda, imtahanlardan kəsiləndə, diplom alanda, qəzaya düşəndə... hər anımda xəyalən səninlə şirinli-acılı günlərimi bölüşməyi öyrətdin... sənsiz səninlə ağlamağı, gülməyi, sevinməyi, kədərlənməyi...

Yoxluğunla doğmalıqdan yada çevrilən insanların arasında böyüməyi öyrətdin... ailə yükü çəkməyi, yoxluğunla pozulmuş ailə düzənimizi uşaqlığımla, hamıdan balaca olmağıma baxmayaraq yenidən toparlamağı öyrətdin...

Ətrafımda doğma heç kimi tapmayıb tək tənha yıxıla-dura, əzilə-sına, mübariz olmağı öyrətdin...

Heç oğul toyunu görə bilmədin, 

Nəvə toylarında süzənlər də var...

Uşaq ağlımla kiçik yaşlarımda fikir edərdim, görəsən hansı yaşda insan anasız yaşaya bilər deyə. 30 yaş, 40 yaş... yox, yenə tezdi... hətta özlüyümdə 60-70 yaş kimi düşünərdim... yenə də tezdi ananı itirmək ... və bu qorxu ilə həmişə sənə sığınıb ətrini çəkərdim...

Çox az yaşadın bu dünyada, çox az...

Sanki bir an içində uçub getdin, heç yoxmuş kimi və olmamış kimi.... amma yaşadığın günlərində də, olmadığın günlərdə də çox şeylər öyrətdin mənə... öyrətdiklərinlə yaşayıram... sənsiz-sənli...

AMİL

635x100

Şərhlər

Niyaməddin 2021-09-10 02:19:52

Cənnət anaların ayaqları altındadır!

Xalq 2021-09-09 21:31:24

Yaxşı yazıdır sağ ol!

Son yazılar