“Mən həmişə Demokratik Qüvvələrin Milli Şurasında olacam. Allah eləməmiş, Milli Şura partiyaya çevrilsə, yalnız o halda mən bu qurumu tərk edəcəm”. Azərbaycan İslam Partiyası Baş Məclisinin üzvü Natiq Kərimov noyabrın 6-da “Media forum” saytına açıqlamasında belə deyib.
İslam Partiyasının Baş Məclisi 9 oktyabr prezident seçkisində Ədalət Partiyasının namizədini dəstəkləmək haqda qərar çıxarsa da, bəzi islamçılar Milli Şuranın namizədini dəstəkləyiblər və şuradan da çıxmayıblar.
İslam Partiyası Baş Məclisinin bu həftə toplantısı keçiriləcək. Partiya sədrinin müavini Akif Heydərli noyabrın 5-də “Media forum”a bildirib ki, Baş Məclisdə partiyanın Milli Şurada təmsil olunan üzvlərinin məsələsi də müzakirə olunacaq: “Həmin üzvlərin partiyadan xaric olunacağı istisna edilmir. Amma tövbə qapısı həmişə açıqdır. Ola bilər, həmin üzvlərlə bağlı başqa qərar verilsin. Yəni onlar sadəcə tənbeh olunsun. Bu, onların özlərinin məsələyə münasibətindən asılı olacaq”.
Natiq Kərimov isə “Media forum”a açıqlamasında deyib: “İslam Partiyasından bizi heç kim çıxara bilməz. Buyursunlar görüm bunu necə həll edəcəklər? Mən Milli Şurada qalacam və orada İslam Partiyasını da, Nardaran Ağsaqqallar Şurasını da təmsil edəcəm”.
İslam Partiyasının nizamnaməsinə görə, Baş Məclis üzvünün partiyadan xaric edilməsinin mürəkkəb prosedur olduğunu qeyd edən Natiq Kərimov daha sonra vurğulayıb: “Ümumiyyətlə mən inanmıram ki, bizim hörmətli Baş Məclis üzvləri bu dərəcəyədək gəlib çıxa bilərlər”.
Natiq Kərimov partiyanın “Vətən” blokuna qoşulmasının da qəti əleyhinə olduğunu bildirib: “Bu, tamamilə fəaliyyətsiz bir blok olacaq”.
Hazırda “Vətən” blokunda Ədalət və Yaşıllar partiyaları təmsil olunur.


Şərhlər