RUSİYANIN “QƏRB-2021” TƏLİMLƏRİ: Real təhlükə, yoxsa boş hədə-qorxu?

Polşa, Ukrayna və Baltik ölkələri ilə artan gərginlik fonunda Rusiya silahlı qüvvələrinin manevrləri 2021-ci ilin ən iri miqyaslı hərbi təlimləri olacaq. ”Qərb-2021” Rusiya ordusu tərəfindən keçirilən dördillik təlimlər tsiklinin sonuncusudur. Bundan öncə “Qafqaz-2020”, ”Mərkəz-2019” və “Şərq-2018” hərbi təlimləri keçirilib.

Bu təlimlər ilk növbədə Rusiyanın dörd hərbi dairəsinin (Qərb, Şərq, Mərkəzi və Cənub) döyüş hazırlığını yoxlamaq vasitəsidir. Son dövrlər həmin təlimlərdə iştirak üçün regionun digər ölkələrinin silahlı gücləri də cəlb olunur.

“Qərb-2021” təlimləri Rusiya və Belarus ərazisində yerləşən 14 təlim poliqonunda keçirilir. Belarus Müdafiə Nazirliyi məlumat verib ki, təlimlərdə Rusiyadan və Belarusdan 12 min 800 hərbçi iştirak edir. Müdafiə məsələləri üzrə ekspert Maykl Kofman qeyd edib ki, bu rəqəmlər həqiqəti əks etdirmir, çünki Belarus ərazisində daha çox rus hərbçisi var.

Kofman əlavə olaraq deyib ki, təşkilatçılar təlimlərdə iştirak edən ordu birləşmələri barəsindəki məlumatları təhrif olunmuş formada təqdim edirlər və bu, Vyana sənədlərinə uyğunlaşmaq üçün edilir. Belə ki, qəbul olunmuş həmin sənədə əsasən 13 mindən artıq əsgərin iştirak edəcəyi hərbi təlimlərdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının müşahidəçilərinin iştirakı tələb olunur.

Rəsmi məlumatlara görə, bu təlimlərə 350 ədəd hərbi texnika, həmçinin 140 tank, 110 artilleriya qurğuları, raket qurğuları, onlarla təyyarə və vertolyot cəlb olunub. Təlimlər 10 sentyabrdan 16 sentyabradək keçiriləcək.

Rusiya və Belarus hakimiyyət nümayəndələri təlimlərin xarakteri və miqyası haqqında məlumat verərkən, yalnız bəyan edirlər ki, NATO güclərinin şərti hücumunun dəf edilməsi istiqamətində müştərək təlimlər keçirilir. Maykl Kofmansa bununla bağlı deyib: ”Bu cür təlimlər əsasən ayr-ayrılıqda iki mərhələdən ibatət olur. Birinci mərhələdə NATO silahlı qüvvələrinə qarşı Belarus və Rusiya qoşunlarının səfərbərlik və çeviklik qabiliyyəti yoxlanılacaq. İkinci fazada Qərb güclərinin şərti hücumlarının dayandırılması və ya zəiflədilməsi istiqamətində Rusiya qoşunları bütün spektrlər üzrə təlimlər həyata keçirir”.

“Qərb-2017” hərbi təlimlərində olduğu kimi indiki təlimlərdə də “S-400” zenit-raket komplekslərinin qanadlı raketləri vurması, zərbə vertolyotlarının yerüstü hədəfləri məhv etməsi, kiçik mənzilli “İskəndər-M” ballistik raketləri ilə zərbələr endirilməsi, zirehli texnika kolonunun bir yerdən digər yerə daşınması təlimlərin planına daxildir.

Əsas hissəsi urbanizasiya olunmuş(şəhərləşmiş) mərkəzlərdə və adi silahlardan istifadə etməklə Qərblə iri miqyaslı müharibə aparılmasının məşq edilməsi “Qərb -2021” təlimlərinin heç də yeganə hədəfi deyil. Ekspertlər hesab edirlər ki, hazırkı təlimlərdə yer seçimi onu deməyə əsas verir ki, NATO güclərinə qarşı hərbi fəaliyyətlərlə yanaşı, iğtişaşların yatırılması da məşq edilir.

Bu təlimlərlə əlaqədar Rusiyanın qonşuluğunda yerləşən Polşa, Latviya və Ukrayna və eləcə də digər Qərb dövlətləri təhlükəsizliklə bağlı ciddi narahatlıqlarını ifadə edirlər. Ancaq “Qərb-2021” təlimləriylə bağlı NATO-nun Şərqi Avropa və Mərkəzi Avropa ölkələri hər nə qədər həyəcan ritorikasından istifadə etsə də, həm “Qərb-2017” təlimlərində və həm də indiki təlimlərdə Kremlin hər hansı hərbi aqressiya məqsədi güddüyü müşahidə olunmur. Odur ki, istər müdafiə və istərsə də digər sferalarda sürətlə möhkəmlənən Moskva və Minsk əlaqələri fonunda “Qərb-2021” təlimləri sadəcə, səs-küylü bəyanat xarakteri daşıyır.

“The National Interest” – (ABŞ)

Tərcümə: “AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar