Menu

Canım, dilim mənim

25.10.2014, 15:00
Canım, dilim mənim

Nurəddin İsmayıl

Ey, sədası Tanrıdan gələn,

Ey, duası haqqa yüksələn,

Ey, Allah kəlamının dadına

ağzımda dad qatan,

Ey, hər kəlməsi ruhuma yatan,

Ey, könül avazımı sazıma çəkən,

Ey, dərdli misramı yazıma çəkən,

Hər dildən əziz, nəğməli dilim,

Canım, dilim mənim.

Ey, anamın şirin layla dediyi,

Ey, Qorqudun ərənlər öydüyü,

Ey, Təbrizimin şirin ləhcəsi,

Ey, hər evin yaraşığı,

Azərbaycan türkcəsi,

Ey, mənzili ürəklər olan,

Ey, şən səsi içimə dolan,

Muğamatlı, nəğməli dilim,

Canım, dilim mənim.

Ey, mədəniyyət, ədəb dilim,

Ey, söz sənətinə məbəd dilim,

Ey, hikmətləri bizə qandıran,

Ey, ürək çırağımızı yandıran,

Ahım, naləm, laylam, bayatım,

Sənsiz heçdir mənim həyatım,

Dərdimi dilə gətirən,

Bəmimi zilə yetirən,

Şəhdim, şəkərim, şirin dilim,

Canım, dilim mənim.

Ey, könlümün titrəyən səsi,

Ey, ürəyimin həzin nəğməsi.

Ey, sədəf içində dürr dilim,

Ey, istiqlalı şanlı, hürr dilim,

Ey, haqqı bizə düşündürən,

Lərzəsi düşmən üşündürən,

Tarixlərdən süzülüb gələn,

Cilalanıb, düzülüb gələn,

Bizi nəğməsilə bəsləyən,

Dili yaşatmağa səsləyən,

Ey, qos-qoca qədim dilim,

Canım, dilim mənim.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol