Sentyabrın 27-si Şəhidləri Anım Günündə “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsi (NQÇİ) obyektlərinin mühafizəsi üzrə dislokasiya olunmuş “Security Operation Services” (SOS) MMC-nin təşkilatçılığı ilə şəhid Novruzov Allahverdi Bəhram oğlunun xatirəsi yad edilib.
Əvvəlcə SOS MMC-nin 5 saylı komandasının inzibati binasında şəhidin Xatirə Lövhəsi qarşısında tədbir keçirilib. Bu lövhə 15 mart 2021-ci il tarixində Allahverdi Novruzovun adının əbədiləşdirilməsi məqsədi ilə asılıb. Lövhənin önünə gül dəstələri qoyan ziyarətçilər şəhidin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra rəhbərlik və işçi heyət Allahverdi Novruzovun məzarını ziyarət etmək üçün doğulduğu Salyan şəhərinə yollanıblar. Şəhidlər Xiyabanında onun qəbri üstünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub və ailə üzvlərinə başsağlığı verilib.

Şəhidin atası Bəhram Novruzov anım mərasimində çıxış edərkən bildirib ki, hər zaman övladı ilə fəxr ediblər və bundan sonra da edəcəklər. “Allahverdi bizim canımızdan bir parça idi. O, hər zaman bizim qəlbimizdə yaşayacaq”, - deyə şəhid atası vurğulayıb.
Tədbirdə şəhidin döyüş yoldaşları, çalışdığı kollektivin üzvləri də çıxış edərək onun haqqında xatirələrini və ürək sözlərini bildiriblər. Allahverdi Novruzov 17 may 1994-cü ildə Salyan şəhərində anadan olub. Salyan şəhər 2 saylı orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiçilk və gəmilərin idarə olunması” ixtisasında davam etdirib. Ali təhsilini başa vuran Allahverdi həqiqi hərbi xidmətə çağrılıb və ordu sıralarında kəşfiyyatçı kimi xidmət edib. Hərbi xidmət zamanı nümünəvi əsgər olduğundan, bir neçə dəfə fəxri fərmanla təltif olunub.

Hərbi xidmətdən sonra SOCAR-ın sənaye obyektlərinin qorunmasını həyata keçirən SOS MMC-də əmək fəaliyyətinə başlayıb. Qısa müddətdə intizamı, əməksevərliyi ilə orada rəhbərliyin və işçi heyətin hörmətini qazanıb. 2020-ci ilin 21 sentyabrında hərbi təlimlər üçün Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəyə çağrılıb. 27 sentyabrda başlayan Vətən Müharibəsinin ilk iştirakçılarından olan Allahverdi cəbhənin Füzuli istiqamətində döyüşlərə qatılıb. Sentyabrın 29-da ilk və son döyüş yeri olan Füzulidə şəhidlik zirvəsinə ucalıb. 26 yaşında şəhadətə yüksələn Allahverdi Novruzov Salyan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Prezidentin sərancamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!
Elvin Bəyməmmədli
(Bakı-Salyan-Bakı)
“AzPolitika.info”





Şərhlər
Allah rəhmət eləsin!