VƏTƏN MÜHARİBƏSİNİN İLK BÖYÜK QƏLƏBƏSİ - Cəbrayılın işğaldan azad olunmasından 1 il ötür + VİDEO

Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını-torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin birinci ildönümünü yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.

Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 1-ci ildönümüdür. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.

Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi.

2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.

Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susdu və münaqişəni həll etmədi. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi, ermənilərin xeyirinə olan status-kovunun mümkün qədər uzun müddət davam etməsinə çalışdılar. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı-BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. 27 il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış eldi. 

Əvəzində, təcavüzkarın tamahı daha da böyüdü, yeni torpaqları işğal etmək iddiasına düşdü və Azərbaycana hücum etdi. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Bununla həm Azərbaycan özünün konstisiyasının tələbindən irəli gələn məsələni həll etmiş oldu, həm də BMT TŞ-nın kağız üzərinə qalan qətnamələrinin həyata keçməsinə nail ola bildi. Doğma torpaqlarımızı azad etməklə xalqımız şərəfli tarix yazdı.

Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi.

İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 52000 nəfər əhalisi olan,1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb;

Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.

Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri erməni işğal zamanı məhv edilib və ya dağıntıya məruz qalıb.

***

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. “Report”un xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsinbdən 1 il ötür.

2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.

Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.

2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Qarabağ Azərbaycandır!

635x100

Şərhlər

Niyaməddin 2021-10-04 16:44:07

Allah şəhidlərimizə rəhmət eləsin, nur içində yatsınlar! Tezliklə bütün torpaqlarımız azad olunsun, Xankəndimizi, Xocalımızı bərpa edək. Bütün ölkə vətəndaşları firavan yaşasın!

Səbuhi 2021-10-04 04:57:22

Çox gözəl XƏBƏR. ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN. ALLAH ÖLKƏ BAŞÇIMIZ ƏZİZ PRESİDENTİMİZ İLHAM ƏLİYEVİ QORUSUN AMİN AMİN İNŞAALLAH

Son yazılar