MİLLİ MƏCLİSİN “İRAN TƏRANƏLƏRİ”... – Və bir töhmətin tarixçəsi

Ötən il noyabrın 6-da, müharibənin başa çatmaq üzrə olduğu vaxtlarda Milli Məclisin Biləsuvardan deputat olan gənc üzvü Bəhruz Məhərrəmov İranın Ali lideri Xameneinin ikibaşlı açıqlamalarına münasibət bildirərək demişdi: “Bir neçə gün əvvəl İranın Ali lideri Xamenei bəyanat verdi. Azərbaycan torpaqlarından işğalçı ordunun çıxması və ərazi bütövlüyünün vacibliyinin qeyd edilməsi sözsüz ki, alqışlanmalıdır. Ancaq unutmayaq ki, bu, beynəlxalq hüququn tələbidir. Çünki Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasının vacibliyi BMT daxil olmaqla, onlarla beynəlxalq təşkilatın qərarında var.”

Daha sonra deputat həqiqəti səsləndirərək, bildirmişdi ki, müharibə günlərində Ermənistan yanacağı (təkcə yanacağı yox-red.) məhz İrandan alır. Xameneinin terrorçularla bağlı söylədiklərinə isə, B.Məhərrəmov belə cavab vermişdi: “Ümid edirəm ki, terrorçuluqla bağlı məqam ortaya gətirilərkən daha çox İran vasitəsilə Ermənistana keçən PKK və digər terrorçular nəzərdə tutulur”.

Təbii ki, bütün bu deyilənlər həqiqət idi və istər müharibədən öncə, istərsə də müharibə günlərində ermənilərə hər cür dəstək göstərən İrana, onun dini liderinə haqlı olaraq irad tutulurdu. Lakin deputatın bu çıxışından cəmi bir gün sonra Milli Məclisin İntizam komissiyası təcili iclas keçirərək, B. Məhərrəmov barəsində intizam tədbirinin tətbiq edilməsi məsələsinə baxdı. Nəticədə onun İran və İranın ali rəhbərinin ünvanına söylədiyi fikirlər komissiya üzvləri tərəfindən sərt tənqid olundu və B.Məhərrəmova töhmət verildi...

Xatırladaq ki, sözügedən komissiyanın sədri Eldar İbrahimov, üzvləri isə deputatlar Fəzail Ağamalı, Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Səttar Möhbalıyev, Madər Musayev, Nəsib Məhəməliyev, Hikmət Məmmədov (Babaoğlu), Məşhur Məmmədov və Nizami Səfərovdur. Ardınca parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi də Məhərrəmovun çıxışını pisləyən bəyanat yaydı.

Bu bəyanatları oxuyanda belə təəssürat yaranırdı ki, bunlar Milli Məclisin - müstəqil ölkənin parlamentinin yox, Allahşükür Paşazadənin mövqeyidir. Çünki İran az qala “aydan arı, sudan duru”, Xamenei isə toxunulmaz və müqəddəs biri kimi təqdim olunurdu...


Bəhruz Məhərrəmov

Bu gün isə cəmi 10 ay əvvəl təcrübəsiz və sözsüz ki, bəzən o qədər də sözünün yerini bilməyən B.Məhərrəmovu “topa tutan”, ona töhmət verilməsinə ikiəlli səs verən deputatlar indi İranı tənqid etmək üçün sıraya düzülüblər. Doğrudur, ümumilikdə parlamentin hər hansı rəsmi mövqeyinə rast gəlinmir, lakin ayrı-ayrı parlament üzvləri Tehrana kəskin iradlar, ittihamlar yağdırırlar və onların arasında İntizam komissiyasının üzvləri də var...

Əlbəttə ki, bəlkə də həmin günlər İrana işimizin xatirinə dost ölkə-filan demək, deputatların adət etdiyi kimi “malalamaq” olardı (Hərçənd bunun özü də mübahisəlidir). Ancaq bu qədər uzağa gedib də, haqlı irad bildirən deputata töhmət verməyə nə ehtiyac vardı, bunu anlamaq çətindir... 

Təbii ki, həmin töhməti sıravi deputatların, yaxud komissiya sədrinin təşəbbüsü hesab etmək sadəlövhlük olardı. Ancaq yenə də heç olmasa görüntü, yalançı demokratiya xatirinə nə İntizam komissiyasının üzvlərindən, nə də digər deputatlardan kimsənin B.Məhərrəmovun mövqeyinə dəstək verməməsi, komissiyanın qərarına etiraz etməməsi bir daha parlamentin keyfiyyət səviyyəsini ortaya qoydu. Hansı ki, bu adamların deputat statusu dövlət rəhbərliyindən, nazirlərdən, yüksək vəzifəli rəsmi şəxslərdən fərqli olaraq, daha sərbəst, azad fikir bildirmək, deməli yeri gələndə, İran kimi bütün hədləri aşanlara yerini göstərmək imkanı tanıyır. Ancaq bunlar əksinə, bu imkandan istifadə etmək əvəzinə, ağzını açıb danışanın da ağzından vururlar...

Bunları qeyd etməkdə məqsəd kimlərəsə sadəcə, “B.Məhərrəmova niyə töhmət vermişdiniz” iradını çatdırmaq yox, bir daha Azərbaycan parlamentinin bəzi üzvlərinin müstəqil, azad, məddahlıqdan və mütilikdən uzaq ola bilməmələrini, daha doğrusu mövqesizlik problemi yaşadıqlarını xatırlatmaqdır. 10 ay əvvəl deputat həmkarına İran rejiminə görə töhmət verən komissiya və komitə üzvlərinin bu gün həmin rejimin çoxdan hamıya məlum olan çirkin siyasətini tənqid etmələri ən azı ikiüzlülük kimi görünür. Çünki bunu vaxtında etmək lazım idi...

İndi durub “həmin vaxt müharibə gedirdi və dövlət maraqları İranın üzərinə getməyə imkan vermirdi” kimi arqumentlər gətirmək isə mənasız bəhanədən başqa bir şey deyil. Əksinə, həqiqət cəsarətlə deyilməli, Azərbaycanın haqlı tərəf olduğu İran başda olmaqla hər kəsə xatırladılmalı, ölkəmizə xəyanət edənlər layiq olduqları cavabı vaxtında almalı idilər. Zatən İran müharibə günlərində də ermənilərə hər cür köməklik etdi. Bunu Ermənistan rəhbərliyi də dəfələrlə etiraf edib və İran rejiminə təşəkkürünü bildirib. Belə olan təqdirdə həqiqəti İranın üzünə deməkdən niyə çəkinməli idik ki?

Müharibə də göstərdi ki, Azərbaycan məhz istər döyüş, istərsə də diplomatiya, danışıqlar, beynəlxalq münasibətlər müstəvisində cəsarəti, döyüşkənliyi, qorxmazlığı sayəsində qələbə qazandı - müasir dünya reallıqları başqa seçim variantı qoymur!

Yeri gəlmişkən, bu gün B.Məhərrəmov mətbuata açıqlamalarında ötənilki çıxışını sanki böyük bir qəhrəmanlıq etmiş kimi, özündən razı formada şərh edərək, “kimin haqlı, kimin haqsız olduğunu cəmi 10 ay sonra zaman özü göstərdi. Dəyişməyən bir şey oldu o da, mən o vaxt da ifadə etdim, bu gün də fəxrlə bildirirəm ki, cənab İlham Əliyevin siyasi xəttinə sadiq qalaraq xidmətimi davam edirəm”- deyib. Yəni belə çıxır ki, həmin bu deputat o vaxt İlham Əliyev siyasətinə sadiq olub, ona töhmət verənlər və bəyanat yayanlar isə bu xəttin əleyhinə olublar və hətta İrana xidmət ediblər? Əgər bunu demək istəyirsə, bu, dolayısı ilə Milli Məclis rəhbərliyinə və yuxarıda qeyd edilən komissiya və komitə rəhbərlərinə, üzvlərinə “daş atmaq” hesab oluna bilər ki, buna da “barıtını çox eləmək”, ya da “qaş düzəldən yerdə göz çıxarmaq” deyirlər.

Deyəsən, bir vaxt Biləsuvarın rüşvətə görə həbs olunan icra başçısını müdafiə etməsilə gündəmə gələn və buna görə “başı ağrıyan” bu gənc deputatın hələ təcrübə qazanmasına, ifadələri seçməyi öyrənməsinə xeyli zaman lazım olacaq...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Aborigenə cavab 2021-10-14 14:10:34

Heç nəyi!!! Hətta vətəni də...

Roma 2021-10-12 17:30:44

Eldar İbrahimov, Fəzail Ağamalı, Madər Musayev bu üçlük Milli Məclisdə oturmaqdan kresloları pas atıb və mənə elə gəlir indi onlardan bu haqda soruşularsa nəsə bir qeyri-müəyyən, anlaşılmaz bir cavab verəcəklər...

Aborigen 2021-10-12 15:29:55

"... bu gənc deputatın hələ təcrübə qazanmasına, ifadələri seçməyi öyrənməsinə xeyli zaman lazım olacaq..." Tamamilə doğrudur!. Bu cavan deputatın TƏCRÜBƏSİ yoxdur. SUAL: bəs yaşlı deputatların nəyi var?

Maqsud 2021-10-12 01:06:57

Hörmətli Cəlala müəllim, bu yazdiqlariniza cox da hezretlenmedim, Azerbauzcan Xarici İşlır NAzirliyində eyni veziyyetdir. İranın burada koloniyasi var, özü d bu ishlere Xalaf Xalafov rehberlik edir, Xalafov Rusiyanın emissaridir, amma İranın Azerbayzcandakı maraqlarını da gizlince temsil edir. Beli-beli.....

Haci 2021-10-11 19:46:33

Made 30 ildi deputatdi. Allashukurun adamədı

Amin 2021-10-11 19:35:19

Cəlal bəy sənə hər dəfəki kimi yalnız təşəkkürlər düşür.Ədalətli mövqeyinə görə.

Vətəndaş 2021-10-11 17:13:40

Ə tövbə Biləsuvarda bu deputata kimsə səs veribsə. Bəhruz deputat olana qədər Biləsuvardan heç qatarla da keçməmişdi. Biləsuvarda deputatlığa namizəd, Bəhruzdan qat-qat yüksək səviyyəli oğullar var.

esger 2021-10-11 17:12:42

Gənc deputatın yaşlı deputatlarla fərqi ondadır ki , birinci aşağı( rayon) ikincilər isə yuxarı dairələrdə (nazirlər kabineti, prezident aparatı) tərəflərin maraqları təmin edirlər Zaman keçər o da qocaların vərdişlərinə və təcrübələrinə yiyələnər

Son yazılar