“ONKOLOJİ” ƏDALƏT MÜHAKİMƏSİ... - Ağır xəstə Muradovdur, yoxsa məhkəmə sistemimiz?

“Yalançının evi yandı, heç kim inanmadı” ifadəsi ədalət mühakiməsi də daxil olmaqla, ümumilikdə bir çox sahələrdəki idarəçilik sisteminə, verilən qərarlara, çıxarılan hökmlərə aid edilə bilər. Cəmiyyətimiz bu sahələrdə o qədər neqativ faktlarla, əməllərlə, korrupsiya hallarıyla üzləşir ki, hətta hansısa ədalətli addım atılanda belə (əgər atılırsa) buna şübhə ilə yanaşır...

Bir neçə gündür ki, ölkə mətbuatının və sosial şəbəkələrin ən çox müzakirə etdiyi mövzulardan biri “Azərxalça”nın sabiq rəhbəri, 20 milyon manatdan artıq dövlət vəsaitini talamaqda günahlandırılaraq həbs edilən Vidadi Muradovun onkoloji xəstə diaqnozu əsasında məhkəmə tərəfindən “humanizm göstərilərək”, azadlığa buraxılmasıdır. 

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti mətbuata bu faktın doğruluğunu təsdiqləyərək bildirib ki, onkoloji xəstəliyi ilə əlaqədar müalicə olunan V.Muradov barədə məhkəmə tərəfindən humanist(!) qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılıb. 

Bəli, humanizm – Azərbaycan məhkəməsi və humanizm...

23 may 2006-cı ildə onkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi və sosial yardımın göstərilməsinin hüquqi əsaslarını müəyyən edən qanun qəbul edilib. Həmin qanunun 13.2. maddəsinə görə, onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər cəzaçəkmə müəssisələrindən azad oluna bilərlər. Bu halda məsələ Ədliyyə Nazirliyinin xüsusi komissiyasının müzakirəsinə çıxarılır, rəy məhkəməyə təqdim olunur və yalnız məhkəmənin qərarı ilə şəxs azadlığa buraxılır

Yəni sırf hüquqi baxımdan V.Muradovun azad olunmasında qeyri-qanuni nəsə olduğunu iddia etməyə əsasımız yoxdur. Lakin Azərbaycan məhkəmə, ədliyyə sisteminin, həmçinin ondan da bərbad vəziyyətdə olan səhiyyə sisteminin saxtakarlıq imkanlarını, eləcə də V.Muradov kimilərin maddi imkanlarını və hakimiyyətdəki əlaqələrini nəzərə alanda, istər-istəməz cəmiyyətdə bu qərarın nə dərəcədə ədalətli olmasına dair şübhələr yaranır. Elə yuxarıda qeyd etdiyimiz “Yalançının evi yandı, heç kim inanmadı” məsəli də burada yerinə düşür. 

Haqlı olaraq sual yaranır ki, bəs, bu qanun bütün onkoloji xəstlərə şamil edilirmi, yoxsa ancaq Vidadi Muradov da daxil olmaqla, imkanlı, arxa-dayaqlı şəxslərə, məmurlara və s.? Və bir də bu nə işdir ki, əksər məmurların xəstəlikləri məhz həbsə düşəndən sonra üzə çıxır?...

Ümumiyyətlə, yaxşı olar ki, Ədliyyə Nazirliyi həbsxanalarda nə qədər onkoloji xəstə olduğuna dair rəsmi statistika paylaşsın. Heç cür inanmaq olmur ki, hazırda həbsxanalarda vəziyyəti V.Muradovdan qat-qat ağır olan xəstələr yoxdur. 

Dəfələrlə mətbuatda və sosial şəbəkələrdə onkoloji xəstə məhbusların valideynlərinin, övladlarının, yaxınlarının Ədliyyə Nazirliyindən şikayətlərinə, məhkəmə və hüquq-mühafizə orqanları rəhbərlərinə müraciətlərinə rast gəlinib. Görəsən, onların neçə faizinə qarşı nazirlik və məhkəmələr V.Muradova göstərdikləri humanizmi göstəriblər?... 

Qanun, ədalət, humanizm heç bir istisna olmadan, hamıya bərabər şəkildə şamil ediləndə, dəyərli və təsirli olur, “seçmə üsulu” ilə tətbiq olunanda yox! Nəzərə alsaq ki, Azərbaycan bir çox hallarda bu “seçim” necə və hansı “prinsiplər” əsasında aparılır, o zaman nə humanizmin, nə də ədalət mühakiməsinin bir qara qəpiklik dəyəri qalmır

Axı, bu məhkəmələr və ümumilikdə ədalət mühakiməsi sistemi Eldar Mahmudov kimi cinayətkar qruplaşma başçısına, Əbülfəs Qarayevdən Elmar Məmmədyarova, Fazil Məmmədovdan Ziya Məmmədova kimi çoxsaylı korrupsiya “qəhrəmanlarına” “gözün üstə qaşın var” demir, Akif Çovdarov başda olmaqla dövlətin dayaqlarını sarsıtmağa yönələn cinayətlər törətmiş MTN generallarının azad-asüdə dolaşmalarına, taladıqları milyonları həzmi-rabedən keçirmələrinə imkan verir. Belə olan təqdirdə, sadalananlarla müqayisədə daha xırda fiqur olan “Azərxalça” sədrinin azad olunması nisbətən kiçik ədalətsizlik kimi görünür...

Bir sözlə, Vidadi Muradovun ağır xəstə olub-olmadığını dəqiq bilmirik, əgər doğrudan da xəstədirsə, ona hansı əməl sahibi olmasından asılı olmayaraq, şəfa diləyirik. Ancaq Muradovdan fərqli olaraq, Azərbaycanın məhkəmə, ədalət mühakiməsi sistemi heç bir şübhəsiz filansız, yüz faiz ağır onkoloji xəstədir və onun sağalacağı hələ ki, ümidsiz görünür, hər nə qədər yaradandan ona şəfa diləsək belə...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

lala metin 2021-11-02 21:18:19

Bes məhkəməyə xərəkdə gətirilən Eldar Həsənov niye saqlam hesab olunur

Türkoğlu 2021-11-02 21:05:53

talançı məmurlar öz işlərində davam edib,bu xalqın qanını içməkdə davam edir....

Vətəndaş 2021-11-01 20:14:14

.... Bizim məmləkətdə nəyə desən rast gəlmək mümkündür

Rasim 2021-11-01 19:50:43

Məqalə reallığa yaxındır.Bu hallar hamının gözü önündə baş verir,...

İMİ. 2021-11-01 18:06:43

Dövlət Əmlaklarını talan edənlərə qarşı heç bir güsəşt nəzərdə tutulmamalıdır ?

oleq 2021-11-01 17:57:08

bu o deməkdir dovlətin var-yoxunu talayanlar himayə olunurlar...

Niyaməddin 2021-11-01 16:46:48

Bəli Cəlal bəy, ağır xəstə məhkəmə sistemimizdir, bunda zərrə qədər şübhə yoxdur.

Xeqani 2021-11-01 16:27:16

Oooxxx!hələ qarşıda nə qədər qoduxluğa girəsi bədheybətlər var onlar da mūhakimə edildikdən sonra hərəsi bir bəhanə ilə buraxılacaq və onların dal qıçlarına "sırğa"zad eliyəcəklər yəni yalanbaşdan ki,cəmiyyətin başını tovlasınlar

Son yazılar