Məlum olduğu kimi, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevə məxsus bank hesablarındakı 20,5 milyon dollara həbs qoymaq üçün məhkəməyə müraciət edib. Agentlik belə hesab edir ki, sözügedən vəsaitlər “çirkli pullardır” və Azərbaycandan köçürülüb. Bildirildiyinə görə, bu vəsaitlərin bir hissəsi Böyük Britaniyanın investisiya vizası proqramına yatırılıb.
Cavanşir Feyziyev bununla bağlı mediaya açıqlayıb ki, 2017-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya hesabatı layihəsində dərc olunmuş məlum məqalə ilə bağlı belə bir araşdırma başlanılıb və mülki iş açılb: "Yeni qanuna görə İngiltərəyə daxil olmuş bütün vəsaitlərin mənbəyi bir daha yoxlanılmalıdır və biz də bunu normal hal kimi qəbul edirik". Amma deputat Azərbaycan ictimaiyyətinə qazandığı sərvətin mənbəyi ilə bağlı heç bir məlumat verməyib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, Tier 1 (İnvestor) tipli bu vizanı ölkə iqtisadiyyatına 2,5 milyon dollar məbləğində investisiya qoymağa hazır olan investorlar əldə edə bilərlər. Onun sözlərinə görə, bu viza ölkədə qalıb yaşamaq icazəsini almaq istəyən şəxslər üçün əlavə fürsət yaradır: "Əslində ölkəmizdə deputatların böyük əksəriyyəti açıq-aşkar bizneslə məşğuldur. Kimin hansı biznesi, hansı obyektləri olması da məlumdur və vaxtaşırı siyahıları da mediada dərc olunur. Görünür ki, indi də sadəcə Cavanşir Feyziyev üçün hesabat məqamı yetişib".

O.Gündüz məsələnin başqa tərəflərinə diqqət çəkir: "Zaman-zaman biz məsələ qaldırırq ki, nə üçün bizdə investisiya mühiti inkişaf etmir, startapların maliyyələşməsi üçün mənbələr tapılmır. Ölkədə investisiya ala bilməyən startaplar regional və qlobal bazarlara üz tutaraq investisiya əldə edirlər. Maraqlıdır ki, investisiya mühiti üçün normativ-hüquqi bazanı yaratmalı olanlardan biri də elə Cavanşir Feyziyevdi. Səhv eləmirəmsə, 10 ildir ki, deputatdır. Dəfələrlə səsləndirilməsinə, təkliflər verilməsinə baxmayaraq 10 ildə cəmi 10 maddədən ibarət olan Vençur maliyyələşmə (İnnovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaitidir-red.) və Vençur Fondlar haqqında qanun qəbul edilməyib. Bu qanun həm də xarici investisiyaların ölkəmizə cəlb olunmasında mühüm rol oynayır. Belə görünür ki, deputatımız daxildə investisiya mühiti yaratmaq vəzifəsini icra etmək əvəzinə daha çox xaricə investisiya yatırmağa üstünlük verib".
Ekspert əlavə edir ki, ingilislər 2.5 milyon dolların qarşılığında oturum hüququ veriblər. "İndi bu vəsaitlər və biznesə yatırılanlar həbs təhlükəsi qarşısındadır. Təcrübə göstərir ki, adətən ingilislər “çirkli” hesab olunan pulları aid olduğu ölkəyə qaytarmaqda maraqlı deyillər. Odur ki, biz də Cavanşir müəllimə və hökumətimizə təklif veririk ki, həmin vəsaitləri ingilislərə verməkdənsə elə indidən cəld tərpənib ölkəmizdə bir Vençur Fondu yaradaraq ora yönəltsinlər. Ümid edirəm, hökumətimiz də Cavanşir Feyziyevin ekosistemin və innovasiyaların inkişafına verdiyi töhfəni nəzərə alaraq, mandat və toxunulmazlıq məsələsində də güzəştə gedə bilər", - O.Gündüz əlavə edib.
Ekspert qeyd edir ki, Cavanşir Feyziyev tez bir zamanda ölkədə Vençur maliyyələşmə haqqında qanun layihəsini hazırlayıb müzakirəyə təqdim etsə, faydalı olardı: "Olmasın İngiltərədəki investisiya biznesi, olsun Azərbaycandakı vençur biznesi..."
"AzPolitika.info"

Şərhlər
C.Feyziyev özünə dəyərli bir köməkçi təyin et, Akif özü üçün çalışan bir adamdır.......?
Rabitə Nazirliyində yaxşı kadrları məhv edirlər.... Dözülməz bir haldır ?
Cənab Osman Gündüz,bəs internetin qiyməti aşağı düşürdü,nə oldu?
Belələrinə güzəşt nəzərdə tutulmamalıdır, çünki qazandıqları çirkli pullarını xarici dövlət banklarında yatırırlar ?
Qanunla təsbit olunub ki,məmur,deputat bizneslə, kənar özəl jəaliyyətlə məşğuı ola bilməz.Bu qanun! Amma Azərbaycanda monopoliya,bizneslə əsasən məmurlar.deputatlarnazirlər və digər məmurlar məşğul olduğu.sadə vətəndaşların osə qabağını kəsdikləri faktdır.Bəs bizim hüquq mühafizə.,nəzarət orqanları niyə buna göz yumurlar? Yoxsa burada başqa məsələ var? Bəs qanun??
Osman Gündüz peşəkər mütəxəssisdir Onun təklifləri ömür boyu dövlətin xeyrinə və inlişafına xidmət edir Rabitə nazirliyində vəzifədə belə insanlar oturmalıdır Əfsuslar olsun belə kadrlarıq qarşısında bütün qapılar baqlanır