Oktyabrın 27-si Parisdə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sərkisyanın görüşləri olub.

Prezidentlər əvvəl iki dəfə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə, bir dəfə təkbətək, iki dəfə Fransa prezidenti Fransua Olandın iştirakı ilə (birinə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılıb) bir araya gəliblər.

Politoloq Zərdüşt Əlizadə oktyabrın 28-də “Media forum” saytının Qarabağ danışıqları ilə bağlı suallarını cavablandırıb.

- Parisdəki Qarabağ görüşləri münaqişənin həllinə təkan verə bilərmi?

- Əminliklə deyə bilərəm ki, Azərbaycan və Ermənistan prezidentləri Rusiyanın iştirakı olmadan heç bir görüşdə Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı qərar qəbul etmək iqtidarında deyil. Çünki münaqişəni Ermənistan və Dağlıq Qarabağ üzərində nəzarət vasitəsilə Rusiya idarə edir. İndiki halda Rusiyanın iradəsi olmadan nə Azərbaycan prezidenti qərar qəbul edəcək, nə də Ermənistan prezidenti.

Həm Azərbaycanda, həm də Ermənistanda xalqın etimadına, inamına və gücünə söykənən hakimiyyətlər olsa, hər iki dövlət Rusiyanın iradəsini, Qarabağ vasitəsilə Ermənistanı və Azərbaycanı itaətdə saxlamaq istəyini kənara ataraq ortaq məxrəcə gələ bilər. Lakin belə vəziyyət və şərait olmadığından Qərb ölkələrinin münaqişənin həllinə müdaxiləsi nəticəsiz qalacaq.

- Fransa prezidenti Fransua Oland Azərbaycan və Ermənistan prezidentlərini fikir ayrılıqlarını kənara qoyub öz əhalilərini sülhə hazırlamağa səsləyib. O, irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib.

- Fransua Olandın dilindən sülh sazişinin mətni üzərində işləmək sözünün səsləndirilməsi onu göstərir ki, Faransa Azərbaycan prezidentinin və Xarici İşlər Nazirliyinin dediklərinə daha böyük önəm verir, nəinki Serj Sərkisyanın məzmunsuz mövqeyinə.

- Münaqişənin Madrid prinsipləri üzrə həlli mümkündürmü? Madrid prinsiplərinə görə, Ermənistan qoşunları ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilandan çıxmalı, Laçın və Kəlbəcər ikinci mərhələdə boşaldılmalıdır. Prinsiplər Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını, Dağlıq Qarabağın yekun statusunu həmin bölgədə keçiriləcək referendumda müəyyən etməyi də nəzərdə tutur.

- Azərbaycan referendumun son mərhələdə, Ermənistan isə ilkin mərhələdə keçirilməsini təklif edir və tərəflərin bu barədə razılığı yoxdur. Bu, müzakirə və mübahisə mövzusudur. Ümumiyyətlə isə münaqişənin Madrid prinsipləri üzrə həlli mümkündür, bunun üçün tərəflər öz mövqelərini uzlaşdırmalıdır. Bu, tərəflərlə yanaşı həmsədrlərdən və beynəlxalq ictimaiyyətdən də qətiyyət tələb edir.