"BÜTÜN MƏSULİYYƏT TƏHSİL NAZİRLİYİNİN ÜZƏRİNƏ DÜŞÜR" - Bir həftə keçib, Bakıda bəzi məktəblərə hələ də istilik verilmir

Noyabrın 15-dən Azərbaycanda qış rejiminə keçilsə də, bir çox binaların, məktəblərin və uşaq bağçalarının istiliklə təmin olunmasında problemlər yaşanır. Hər il müvafiq tarixdə qazanxana sistemləri işə salınır, bu il olduğu kimi istilik verilməsində çətinliklər yaranır, bir neçə həftə ərzində bu problem həll edilməyə çalışılır. İllərdir, hadisələr belə xronoloji ardıcıllıqla davam edir. Problemi birdəfəlik həll etmək isə mümkün olmur. Bu vəziyyətdən daha çox əziyyət çəkən isə uşaqlardır.

Artıq 1 həftədən çoxdur, bəzi məktəblərə istilik verilməyib. Nəticədə şagirdlər soyuq dərs otaqlarında təhsil almağa məcbur olur, bu da davamiyyətə mənfi təsir göstərir. Müvafiq qurumlar - “Azəriqaz” QSC, “Azəristiliktəhcizat” ASC və Təhsil Nazirliyi müxtəlif bəhanələr səsləndirərərək, problemin qısa vaxtda həll olunacağını bildirirlər. Sosial şəbəkədə keçirdiyimiz sorğuya əsasən, Binəqədi rayonu 144 nömrəli məktəb, Qaradağda 288, 139 və 214 nömrəli məktəblər, Suraxanıda 317 nömrəli məktəb, Xəzər rayonunda 121 nömrəli məktəb, Yasamal rayonunda 167 nömrəli məktəb, Sumqayıt şəhəri 34 nömrəli məktəb, Hövsan qəsəbəsndəi 280 nömrəli məktəb, Mehdiabad qəsəbəsində isə 1 nömrəli məktəbdə istilik sistemləri çalışmır.

Məktəblər problem həll olunana qədər özləri çıxış yolları axtarmağa başlayıblar. Valideyinlər qızdırıcılar alaraq, sinif otaqlarını isitməyə çalışdıqlarını deyirlər. Şagidlər isə dərslərdə üst geyimlərində, qalın paltarda oturmağa məcburdurlar. Valideynlər belə şəraitdə iki seçim qarşısında qalıb: “Övladlarını soyuq sinif otaqlarına göndərsinlər, yoxsa bir müddət təhsildən uzaqlaşdırsınlar?”

Paytaxt sakini Novruz Qurbanlı "AzPolitika.info"ya bildirib ki, övladının təhsil aldığı 280 nömrəli məktəbdə istilik yoxdur: "Səbəbini soruşan zaman məktəb direktoru deyib ki, qazanxana işləmədiyindən istiliyin verilməsi müəyyən qədər vaxt alacaq".

Nərmin Heydərova isə biliririr ki, Mehdiabad qəsəbəsində yerləşən 1 nömrəli məktəbə istilik verilmir: "Sinif soyuq olduğundan övladım tez-tez xəstələnir. Ona görə də problem həll olunana qədər uşağı məktəbə göndərməyəcəm".

Rəşid Süleymanov deyir ki, bu problem hər il təkrarlanır: “Uşaqlar xəstələndikdən sonra istiliyi verməyə başlayırlar. Yaranmış vəziyyət, aidiyyatı qurumların qış rejiminə hazır olmadığın göstərir”.

Xatırladaq ki, Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 133-ü “Azəristiliktəchizat” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib.

Təhsil eksperti Kamran Əsədov “AzPolitika.info”-ya bildirib ki, Azərbaycan SSR Nazirlər Sovetinin 7 aprel 1969-cu il tarixli fərmanı ilə qazanxanaların işə düşmə vaxtı ölkədəki iqlimə uyğun olaraq müəyyən edilib: “Qərara əsasən, qazanxanalar Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında 15 noyabrdan - 15 marta qədər, Quba, Xaçmaz, Qusar, Dəvəçi, Siyəzən, Lerik, Yardımlı, Gədəbəy, Daşkəsən, Goranboy, Kəlbəcər, Laçın, Xankəndi, Ağdərə, Xocəvənd, Xocalı, Şuşa şəhər və rayonları üzrə 1 noyabrdan - 1 maya qədər, Bakı şəhəri istisna olmaqla republikanın digər şəhər və rayonları üzrə isə 15 noyabrdan - 15 aprelə qədər fəaliyyət göstərməlidir. Lakin bu normalar yanlız mərkəzi istilik sisteminə qoşulan binalara aiddir. Zərurətdən qəbul edilən bu sənədin hazırda sayğac tətbiq edilən və fərdi qazanxanası olan müəssisələrə aid edilməsi doğru deyil”. 

K.Əsədov qeyd edir ki, mövcud vəziyyəti öyrənmək üçün sosial şəbəkə hesabında sorğu keçirib. “Problemin rayonlarda olduğunu təxmin etsəm də, məlum oldu ki, Bakı məktəblərində də istilik sistemləri işləmir. Əvvəllər məktəbləri odun və dizel yanacağı ilə yerli icra hakimiyyətinə tabe olan təhsil qurumu təmin edirdi. Hazırda bu məsələni Təhsil Nazirliyinə tabe olan Ərazi Maliyyə Hesablaşma Mərkəzləri (ƏMHM) həyata keçirir. Deməli, bütün məsuliyyətdə Təhsil Nazirliyinin üzərinə düşür”.

Ekspert xatırladır ki, keçən il pandemiyayla əlaqədar təhsil distant formada aparıldı: “Bu o deməkdir ki, ötən il yanacaq üçün ayrılan vəsaitdən istifadə olunmayıb. Buna baxmayaraq, bu il artıq qar yağan rayonların məktəblərində yanacağın tapılmaması çox qəribə hadisədir”.

K.Əsədovun sözlərinə görə, bu ilin may ayında Təhsil naziri ƏMHM-lərdə məhz yanacaq və odun tədarükü ilə bağlı yoxlamaların aparılması barədə əmr imzalamışdı. “Əmrə əsasən, yoxlama aparılan 14 mərkəzdən 7-nin fəaliyyətinin qeyri-qənaətbəxş olduğu qeyd edilib. Maliyyə yeyintisi kimi ciddi nöqsanlara yol verən, hələ də məktəbləri soyuq saxlamaqla şagirdlərin kütləvi şəkildə dərsdən yayınmasında günahkar olan məsul şəxslərin xəbərdarlıq və töhmətlə məsuliyyətdən yayınması isə təəssüf doğurur”,- ekspert vurğulayıb. 

Bu problemə görə məsul qurumdan biri də “Azsəristiliktəchizat” ASC-dir. Təşkilatın rəsmi saytında qeyd olunub ki, 2021-2022-ci illər qış mövsümündə quruma məxsus 554 qazanxana üzrə 3871 yaşayış binası, 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulub. Qeyd olunur ki, plana əsasən, 554 qazanxana və 90 istilik məntəqəsi yoxlanılıb, 531 odluq, 931 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 990 km uzunluğunda istilik xətləri yuyulub və hidravlik təzyiqlə yoxlanılıb.

Hesabatda göstərilənlərə rəğmən, son bir həftədir yaşanan problemlər, əksər bina və məktəblərdə isitiliyin olmaması qurumun qış rejiminə necə hazırlaşdığını göstərir.

Qeyd edək ki, 2005-ci ildə yaradılan "Azəristiliktəchizat” ASC, "Azəriqaz" QSC-yə tabedir. Bu quruma hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılmasına baxmayaraq, nədənsə illərdir borc bataqlığından çıxa bilmir. "Azəristiliktəchizat” ASC-yə dövlət büdcəsindən 2005-2011-ci il üzrə 84 milyon, 2012-ci ildə 19 milyon, 2013-cü ildə 32 milyon, 2014-cü ildə 13 milyon, 2015-ci ildə 22 milyon, 2016-cı ildə 18 milyon, 2016-2021 -ci illərdə 100 milyon manatdan çox vəsait ayrılıb. 2022-ci ildə isə dövlət büdcəsindən quruma 41.1 milyon subsidiya ayrılacağı gözlənilir. ”Azəristilik” ASC-nin 16 ildə büdcədən aldığı 300 milyondan çox vəsaitin necə xərcləndiyi məlum deyil. Çünki qurum 2017-ci ildən maliyyə hesabatlarını ictimaiyyətə açıqlamır.

Son günlər “Azəriqaz” və “Azəristiliktəchizat” arasında yenidən gündəmə gələn borc qalmaqalı isə, deyəsən vətəndaşların soyuq günlərini hələ bir qədər də uzadacaq.

Elvin Bəyməmmədli

"AzPolitika.info"

635x100

Şərhlər

Rəkayel 2021-11-22 12:01:53

Niyə Azəbaycanda təhsil dövlət tərəfindən boş buraxılıb.Axı təhsil millətin gələcəyi.plkənin varlığıdır.təhsilə dövlətin ögey münasibəti gəncliyin gələcəyini məhvə,ölkəni isə fəlakətə aparır.bu günkü vəziyyət "SOS" siqnalı verir.əlcək kimi dəyişən təhsil nazirləri.qarışıaq idarəçilik.məsuliyyətsizlik Azərbaycanda bir çox sahələr kimi Təhsil sistemini də brbad hala salıb.Ən qorxulusu odur ki,bu haldan çıxış yolu düşünən qurum.hərəkət hiss olunmur.

NİZAM 2021-11-21 21:23:39

aZƏRBAYCAN tƏHSİL SİSTEMİ iDARƏETMƏ, tƏŞKİLATİ HÜQUQİ FORMA,MALİYYƏLƏŞMƏ,QANUNVERİCİLİK VƏ STRUKTUR BAXIMINDAN O QƏDƏR QARIŞIQDIR Kİ, KİÇİK PROBLEMLƏRİ BELƏ HƏLL ETMƏK QEYRİ MÜMKÜN OLUR. TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ VƏZİFƏYƏ RAYON İCRA BAŞÇISI TƏYİN EDİR,ONUN MÜAVİNİNİ VƏ MƏKTƏB DİREKTORLARINI TƏHSİL NAZİRİ TƏYİN EDİR, MƏKTƏBLƏRİN BİNALARI YERLİ İCRA HAKİMİYYƏTİNİN BALANSINDADI, MƏKTƏBİN İNVENTARLARI TƏHSİL NAZİRLİYİNİN,TƏHSİL ŞÖBƏSİNİ RAYON İCRA HAKİMİYYƏTİ MALİYYƏLƏŞDİRİR, MƏKTƏBLƏRİ TƏHSİL NAZİRLİYİ MALİYYƏLƏŞDİRİR VƏ SAİR

Firdövsi 2021-11-21 18:12:35

Təhsil Nazirliyinin adı gözəl səslənir.Bir baxın son 10 ildə bu nazirlikdə nazir necə dəfə dəyişib.Təyin olunanların fəaliyyəti nə dərəcədə müsbət olub?Belə eksperiment isə ölkədə təhsİLİN ANCAQ ADI QALDIĞINA İŞARƏT EDİR. mƏRDANOVUN TƏHSİLSİZLƏŞDİRMƏ MARAFONUNU ONDAN SONRAKLIAR SÜRƏTLƏ İNKİŞAF ETDİRİB ÖLKƏDƏ SAVADSIZLIĞI ƏSAS GÖTÜRDÜLƏR.BUNA İSƏ DÖVLƏT TƏRƏFİNDƏN BƏSLƏNƏN SOYUQ MÜNASİBƏT İNDİKİ VƏZOYYƏTƏ GƏTİRİB.çIXIŞ YOLU AXTARAN İSƏ TAPILMIR.DƏRSLİKLƏR O GÜNUŞAQLARIN YAŞAMA,TƏMİNATI GETDİKCƏ AĞIRLAŞDIRILIR,MƏSULİTTƏT AŞIYAN TAPILMIR.TƏCRÜBƏSİZ ŞƏXSLƏRİ, CABBAROV.BAYRAMOV VƏ DİGƏRLƏRİNƏ BACATMADIQLARI VƏZİFƏYƏ GTİRİB ÖLKƏ TƏHSİLİNİ BƏTBAD ETMƏK ..

Eli 2021-11-21 14:54:02

Azerbaycan SSR Nazirler Soveti,indi ise Nazirler kabineti hökumetdir,icraedici orqandır o ancaq qerar ve serencam vere biler Ferman vere bilmez,diqqetli olun.

Son yazılar