“2022-ci ildə Azərbaycanda 2021-ci ildə olduğu kimi inflyasiya proqnozlaşdırılmır. Gələn il qiymət artımının səngiyəcəyi gözlənilir”.
Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.
O, bu məsələ barədə millət vəkillərinin ölkədə qiymət artımının sürətlənməsi ilə bağlı narahatlıqlarına münasibət bildirərkən danışıb: “Süni qiymət artımı ilə bağlı məsələ qaldırıldı. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) verdiyi məlumata görə, bu il dünyada qiymətlər son 30 ildə ən yüksək səviyyəyə çatıb. Odur ki, ölkəyə idxal olunan məhsulların qiymətlərində artımlar olmalıdır”.
Nazir müavini deyib ki, Bunun nəticəsində də ölkəyə idxal olunan məhsulların qiymətində artım müşahidə olunmalıdır: "Bu da bizim inflyasiya səviyyəsinə ən çox təsir edən amildir. Hazırda idxal indeksi 23 %-i keçib. Hətta hazır qida məhsulları idxal qiymətləri indeksi 25 %-i ötüb. Qeyd olunmalıdır ki, Beynəlxalq Valyuta Fondu da öz proqnozlarında cari il üçün yüksək qiymət indekslərini proqnoz edirlər. FAO-nun proqnozları isə daha ümidvericidir. Növbəti ildə inflyasiyanın daha səngiməsi gözlənilir. Cari ildə inflyasiyanın yüksək səviyyədə olması nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ildə qiymətlərin cari ildə olduğu kimi yüksək artımı proqnozlaşdırılmır. İnflyasiyanın aşağı səviyyədə saxlanılması üçün əsas amillərdən biri makroiqtisadi sabitliyin təmin olunmasıdır”.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7%, qeyri-ərzaq məhsulları üzrə 104,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105% təşkil edib.


Şərhlər
Ölmə eşşəyim.yaz gələr.yonca bitər.Belə yalan,əsassız,boş məlumaylar yaymaq ayıb deyilmi?Bu NAZİR MÜAVİNİNƏ kim inanar? Əcəb kormuşka yaradıblar.Adı böyük,işi yox!
İndi çox ağır bir zəmanə yaşayırıq. Gələn ilə ya xan ölər ya da eşşək. Allah bilən yaxşıdır
Bu gedişlə Azərbaycanda qiymət artımı səngimiyəcək,bir az da artacaq.Bu günki iqtisadiyyatımızın vəziyyəti,bacarıqsızlıq və savadsızlıq,olsa-olsa vəziyyətimizi bir az da ağırlaşdıracaq.