“KOMANDANLIQ TÜRKİYƏDƏDİR” - “Ukraynada riskli vəziyyət yaranır və bu, Türkiyəyə də toxunur”

“Baydenin zəifliyi digər böyük dövlətlərin iştahını artırır”

Günlər keçdikcə, Ukrayna böhranının müharibəyə çevrilməsi təhlükəsi artır. Sözsüz ki, Rusiya Ukraynanı özünə tabe etdirmək üçün ən radikal addım sayılan hərbi müdaxilə planı üzərində işləyir. Ancaq hələlik vəziyyət tam aydın deyil. Çünki Rusiya Ukraynanın NATO tərəfindən necə və hansı üsullarla dəstəklənəcəyini bilmir və ona görə də tərəddüd edir, müxtəlif tələblər irəli sürür. NATO isə öz növbəsində Ukraynanın Rusiya ilə təkbətək buraxılmayacağını nümayiş etdirmək üçün müəyyən addımlar atır.

Türkiyənin “Habertürk” qəzetinin müxbiri Çetiner Çetinin “Komandanlıq Türkiyədədir” başlıqlı məqaləsində yaranmış indiki böhranda NATO-nun görəcəyi tədbirlərə və burada Türkiyənin hansı rol oynayacağı məsələsinə toxunulur.

”AzPolitika.info” sözügedən məqaləni təqdim edir: ”Ukrayna ətrafındakı gərginlik şəraitində NATO-nun Rusiyaya qarşı ilk dəfə konkret tədbirlərlə cavab verməyə hazırlaşdığı bir vaxtda, alyansın mümkün münaqişəyə müdaxilə qüvvələrinin komandanlığının Türkiyədə olması bizim üçün prosesi daha da ciddiləşdirir. Bugünlərdə hərbi, siyasi, iqtisadi və kəşfiyyat baxımından xeyli ehtiyatlı olmalıyıq.

Rusiyanın Ukraynanı işğal etmək hazırlığına başlamasıyla bağlı kəşfiyyat məlumatlarının NATO üzvü ölkələrin liderlərinə verilməsindən sonra ABŞ başda olmaqla alyans ölkələri gündəliyə hərbi dəstəkdən tutmuş iqtisadi sanksiyalara qədər müxtəlif variantlar gətirdilər. Rusiya Ukrayna sərhədi boyunca 100 min hərbçi yığıb. NATO da regiona 35-40 min nəfərdən ibarət xüsusi hərbi birləşmə yola salınması planı üzərində çalışır.

Brüsseldəki Baş Qərargahda işlənən plan alyansın xüsusi hərbi təyinatlıları olan “NATO-nun çevik hərəkət gücləri”nin (NATO Response Force-NRF) bazası əsasında hazırlanır. ”NRF”-nin tərkibindəki “Yüksək hazırlıqlı birləşmiş operativ qrup” (VJTF-Very High Readines Joint Task Force) aparıcı güc hesab olunur. ”VJTF” 2014-cü ildəki Ukrayna böhranından sonra Rusiyanı önləyə biləcək güc kimi yaradılıb. Həmin güclərə NATO üzvləri növbə ilə komandanlıq edir. 2020-ci ildə Polşa, 2019-cu ildə isə Almaniya bu güclərə rəhbərlik edib. ”VJTF” sıralarında təxminən 6,4 min hərbçi var və bu hərbi birləşmə qısa müddətdə öz sıralarına daha 20 min hərbçi də səfərbər edə bilər.

NATO-nun müxtəlif dəstələrinin iştirak etdiyi hərbi fəaliyyət planına uyğun olaraq, “VJTF”-yə prosesin idarə edilməsi və koordinasiyası tapşırılacaq. Mənim söhbət etdiyim NATO diplomatları deyirlər ki, Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, xüsusi təlim görmüş 35-40 min hərbçi maksimum beş gün içərisində regiona göndəriləcək.

Burada çox riskli vəziyyət yaranır və bu, Türkiyəyə də toxunur. Hazırda “VJTF” komanda mərkəzi Türkiyənin ixtiyarındadır. Bu güclərə rəhbərlik bu il Polşadan Türkiyəyə keçib və ilin sonunadək bizdə qalacaq, sonra Fransaya veriləcək. Türkiyə hələ ki, ”VJTF”-yə rəhbərlik edir və əgər Rusiyaya atılacaq qumbara bizim əlimizə verilərsə, onda nə olacaq? Belə olan halda Türkiyə doğrudanmı 2015-ci ildə Rusiya təyyarəsinin vurulmasından sonra Moskva ilə yaranmış böhrandan daha dərini ilə üzləşəcək?

Bəs, Ukrayna-Rusiya böhranının idarə edilməsi necə həyata keçiriləcək? Hərbi hərəkat planından danışsaq, burada söhbət böhran bölgəsinə nə zaman gəlib çıxmaqdan yox, təyyarə və ya helikopterlərlə birlikdə hərbi təchizatın döyüş zonasına gətirilməsinə operativ güclərin nə dərəcədə hazır olmasından gedir.

Başqa sözlə desək, Brüssel lojistika daxil olmaqla xüsusi təyinatlı qüvvələrin hazırlanması üzərində işləyir.

Bu yaxınlarda NATO-nun Avropadakı birləşmiş güclərinin baş komandanı, ABŞ ordu generalı Tod Uolters (Tod Wolters) NATO ölkələri hökumətləri ilə telefon danışıqları keçirərək, onlardan səfərbərlik müddətinin azaldılmasını xahiş edib. Lakin NATO rəsmi kanallarla bu ssenarini təsdiqləmir.

Heç şübhə yoxdur ki, son on ildə dünya köklü şəkildə dəyişib. Ancaq dəyişməz qalan şey iqtisadiyyatın əvvəlki kimi dövlətin gücünü göstərən faktor olmasıdır. Təkcə iqtisadi uğur Çinə genişlənməyə imkan verir. Bu prosesdə Rusiya çox geridə qalıb, amma bu ölkə iqtisadi olmasa da, hərbi gücünü dövriyyəyə qoşur. “Soyuq müharibə” geri qayıdıb. Bu müharibə çox çəkəcək.

Putin Ukrayna sərhədi boyunca qoşun yığandan sonra bütün Avropa özünü təhlükədə hiss edir. Digər tərəfdən isə Çinin Tayvana hücum etməsi təhlükəsi var. Bu ehtimal Yaponiya və Cənubi Koreya üçün də ciddi təhlükədir.

Co Bayden administrasiyasının zəifliyi, xüsusən də Əfqanıstandan qoşunların çıxarılması mənzərəsi digər böyük dövlətlərin iştahını artırır. Bu zəiflikdən Rusiya və Çin istifadə edə bilər. Və Ukrayna böhranının irəlidə də dərinləşəcəyini bizim indidən görməmiz lazımdır.”

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2021-12-27 09:25:35

Rusiyanın başını yesə-yesə onun keçmişə olan iştahası yeyecek. Rusiya farkında deyil ki, o Qərbin qurduğu tələyə doğru gedir. Birincisi Rusiyanın ordusu SSRİ dağıldıqdan sonra elə də bir güclü nəaliyyətə imza atmayıb. Onun indiki ordusu, özündən qat-qat zəif və kiçik ölkələrə yetər. İkncisi daxildə iqtisadi vəziyyət imkan verməyəcək Rusiya uzun müddətli müharibəyə qoşulsun. Üçüncüsü, Rusiyada daxili siyasi vəziyyət də ürək açan deyil. Ən əsası da bu yaxında Tatarstanın Muxtariyyatını ləğv etməklə Muxtariyyatların da fitilini çəkdi. Anlaşılan Rusiya bu müharibəyə gedib Qerblr muhattab olması on heç ne yaxşı bir şey vəd etmir.

Kələntər 2021-12-26 09:06:15

NATO Türkiyəylə Rusiyanın arasını yaxşı vurdu..

Son yazılar