Azərbaycan Stolüstü Tennis Federasiyasının Hesabat-Seçki Konfransı keçirilib. Baş nazirin müavini Şahin Mustafayev yenidən 4 il müddətinə federasiyanın prezidenti seçilib.
Yığıncaqda həmçinin Səbuhi Mehdizadə və Elmar İslam federasiyanın vitse-prezidentləri təyin olunub, Xəyalə Quşxani, Zərif Süleymanova, Mixail Timofeyev və Fərhad İsmayılov İcraiyyə Komitəsinə üzv seçiliblər.
Şahin Mustafayev federasiyada görüləcək planlardan danışıb: “Biz bu idman növünün inkişafı üçün proqram hazırlayırıq. Stolüstü tennisə maraq böyükdür. Hətta bu yaxınlarda veteranların yarışını keçirdik. 75 yaşlı bir şəxs yarışda iştirak etmək istədiyini bildirdi. Bu bizi sevindirdi.
Bütün regionlarda stolüstü tennisi inkişaf etdirmək istəyirik. Klubların sayını artırmağı, məktəblərdə bu idman növünü təşviq etməyə çalışacağıq.
Planlarımızda maddi-texniki bazanın təkmilləşdirilməsi, məşqçilərin bilik və bacarıqlarının artırılması nəzərdə tutulub.
Maddi-texniki bazanın sıfırdan qurulması da mümkündür. Həmçinin mövcud infrastrukturun təkmilləşdirilməsi də planlar arasındadır. Söhbət təkcə Bakıda bu infrastrukturun qurulmasından getmir, bu, bölgələrimizdə də reallaşdırıla bilər.
Əyləncə mərkəzlərində stolüstü tennis avadanlıqlarını quraşdırmaq istəyirik. Bu avadanlıqlar çox böyük xərc tələb etmir. Biz bunları təmənnasız əyləncə mərkəzlərinə təqdin etməyə hazırıq. Yetə ki, insanlar rahat stolüstü tennis oynaya bilsinlər".


Şərhlər