MOSKVA REVANŞİSTLƏRİN VƏ SEPARATÇILARIN “ZƏNCİRİNİ TƏRPƏDİB” - Paşinyanın fikirlərinə görə Koçaryan erməniləri təhqir edir, Arutunyan isə...

Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Koçaryan dünən İrəvanda keçirdiyi mətbuat konfransında Nikol Paşinyan hakimiyyətinə qarşı növbəti dəfə ittihamlar səsləndirməsinə səbəb olub.

“AzPolitika.info” xəbər verir ki, hazırda müxalifətin başında duran uşaq qatili Koçaryan Ermənistanın əsas problemlərinin təhlükəsizlik və sosial-iqtisadi məsələlər olduğunu deyib.

Koçaryan bildirib ki, son 9 ayda Ermənistanı 103 min adam tərk edib və onlardan 34 mini Rusiya vətəndaşlığı alıb: “34 min nəfər Rusiya vətəndaşlığı alıb, bu, təxminən Abovyan şəhəri deməkdir. Obrazlı desək, bütöv bir şəhər başqa dövlətin vətəndaşlığını qəbul edib”.

Koçaryan əlavə edib ki, ölkədə yoxsulluq səviyyəsi 30 faizə yaxındır və Ermənistanı tərk edənlərin bir çoxu vaxtilə hazırkı hakimiyyətə səs verənlərdir.

Paşinyana səs verən ermənilərə rişxəndlə müraciət edən Koçaryan deyib: “Hara gedirsiniz, hörmətli vətəndaşlar? Qalın və seçiminizin nəticəsindən bəhrələnin. Niyə bizi öz sevgili hakimiyyətinizlə tək buraxırsınız?”

Azərbaycana təbliğat sahəsində uduzduqlarını deyən Koçaryan bildirib ki, bu proses istər 44 günlük müharibə, istərsə də ondan sonra davam edib.

Hərbi cani deyib ki, Ermənistan son dövrdə hakimiyyətin açıqladığı rəsmi məlumatlarda göstəriləndən dəfələrlə artıq ərazi itirib: “Hakimiyyət etiraf edir ki, ölkənin 40 kvadrat kilometri düşmənin nəzarətinə keçib. Ancaq biz, təkcə 40-45 kvadrat kilometr yox, bundan 10 dəfə artıq ərazi itirmişik. Sərhədlərin GPRS vasitəsilə müəyyən edilməsindən sonra Azərbaycan Ordusu sərhəd boyu yerləşib. Ermənistan tərəfi isə 500 metrdən 1.5 kilometrə qədər, bəzi yerlərdə isə daha çox məsafədə geri çəkilməli olub. Bu, təkcə Vardenis-Araz istiqamətində deyil, hələ müharibədən əvvəl Naxçıvan istiqamətində də baş verib. Yadınızdadır, Azərbaycan Ordusu xeyli böyük ərazidə irəlilədi. Bu il biz olduqca vacib yollara nəzarəti itirdik…”

Ordunun vəziyyəti barədə danışarkən isə Koçaryan deyib ki, Paşinyan hakimiyyəti bilərəkdən erməni ordusunu zəiflətməklə məşğuldur. Çünki ordunun zəif olduğunu görən erməni xalqı hakimiyyətin Azərbaycan qarşısındakı güzəştlərini daha asan şəkildə qəbul edəcək: “İl ərzində üç müdafiə naziri dəyişdirilib ki, onların da heç biri bu vəzifəyə yaramırdı. Bir ildə iki Baş qərargah rəisi dəyişdirilib. Hazırkı barədə də deyirlər ki, onu da dəyişdirəcəklər. Müdafiə Nazirliyi rəhbərliyini corab kimi dəyişmək olmaz. Bunun bir izahı var. Bu hakimiyyət döyüş qabiliyyətli ordunun olmasında maraqlı deyil. Çünki ordunun döyüş qabiliyyəti olacağı təqdirdə, xalqın hakimiyyətə tələbi başqa olacaq.

İndiki vəziyyətdə isə mümkün müharibə qorxusu hakimiyyətin elə addımlar atamasına imkan verir ki, xalq başqa vaxt buna imkan verməzdi. Mənim qənaətimə görə, bu vəziyyət bilərəkdən yaradılır”.

Göründüyü kimi, kriminal ünsür olan Koçaryan ötən müharibə nəticəsində “gözü qırılan” ermənilərin ordunun acınacaqlı vəziyyəti qarşısında hər cür güzəştə hazır olduğunu və bu vəziyyətin bilərəkdən yaradıldığını iddia edir.

Sözsüz ki, müharibədəki məğlubiyyətin dəhşəti erməni cəmiyyətini qarabaqara izləyir. Lakin hər şeyi bununla bağlamaq da bir qədər mübahisəlidir. Çünki müharibədən sonrakı ən ağır günlərdə belə, əhalinin Paşinyanı dəstəkləyən hissəsinin sayında ciddi dəyişiklik olmamışdı. Yayda keçirilən seçkilər də təsdiqlədi ki, ermənilər hər şeyə rəğmən indiki hakimiyyətə Ermənistanı Moskvanın əyalətinə çevirən Koçaryan-Sarqsyan cütlüyündən qat-qat daha artıq etibar edirlər. Və bu reallıq da Koçaryan başda olmaqla revanşist qüvvələri hətta erməni xalqını təhqir etməkdən belə çəkindirmir.

Yeri gəlmişkən, son günlər Koçaryanla yanaşı, Qarabğda qalan separatçıların tör-töküntülərinin başçısı Araik Arutunyan da xeyli fəallaşıb. Baş nazir Nikol Paşinyanın Qarabağ danışıqları barədə dediklərinə ötən gün bir neçə bənddən ibarət mətnlə cavab verən Arutunyan İrəvandakı hökumətlə demək olar ki, bütün körpüləri yandırıb və açıq şəkildə Rusiyanın “tumanının altına” keçdiyini etiraf edib.

Xatırladaq ki, Paşinyan son onlayn mətbuat konfransında özündən əvvəlki hakimiyyətləri tənqid edərək, onların Qarabağ mövzusunda erməniləri nahaq yerə ümidləndirdiyini və xalqı aldatdıqlarını bəyan edib: 2016-cı ildə Qarabağ məsələsilə bağlı danışıqlar prosesində fəlakət baş verdi. 2016-cı ildə Minsk Qrupunun həmsədrlərinin irəli sürdükləri təkliflərin içində 2011-ci ildən sonra ilk dəfə “Dağlıq Qarabağın” aralıq statusu barədə heç nə qeyd olunmadı. Hansı ki, bu, Ermənistan tərəfindən aktiv şəkildə təbliğ və reklam olunurdu”.

Paşinyanın fikrincə, həmin təkliflərdəki əsas “fəlakət” onda idi ki, qondarma qurumun aralıq statusu məsələsinin həlli BMT-nin Təhlükəsizlik Şurasına həvalə olunurdu: Orada qəbul olunan qətnamələri nəzərə alsaq, “Dağlıq Qarabağ”ın hansı ölkəninin tərkibində qalacağı bəlli idi. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası formula qəbul edib. Orada da deyilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir.”

Paşinyanın bu fikirlərinə etiraz edən Arutunyan yenə də qondarma qurumun “müstəqilliyindən” dəm vurub və Ermənistan hökumətinin Qarabağdakı ermənilərin damışmaq haqqının olmadığını qeyd edib.

Yayımladığı mətndə yenə həyasızcasına “müstəqillik uğrunda mübarizənin davam etməsindən” danışan Arutunyan Rusiya sülhməramlılarının Qarabağdakı mövcudluğuna xüsusi yer ayırıb. Separatçıların başçısı yazıb ki, “artsax”ın təhlükəsizliyi “özünümüdafiə ordusu” və Rusiya sülhməramlılarının kompetensiyasındadır: “Rusiya sülhməramlı qüvvələri “artsax”da təhlükəsizliklə bağlı əlavə beynəlxalq təminatlar verilməsinə, həmçinin münaqişənin tam və ədalətli şəkildə həllinə qədər müddətsiz və daimi əsaslarla qalmalıdır.”

Göründüyü kimi, Arutunyan açıq şəkildə İrəvanla yox, Moskvayla hesablaşdığını bəyan edir. Paşinyanın reallığı əks etdirən fikirlərini təslimçilik hesab edən Robert Koçaryan da demək olar ki, əksər istiqamətlər üzrə Arutunyanla eyni mövqedən çıxış edir.

Bütün bunlar ümumilikdə Ermənistandakı “Qarabağ klanı”nın fəallaşmasından və bunun siqnallarının eyni mərkəzdən verildiyindən xəbər verir. Belə görünür ki, Paşinyanın Brüssel görüşlərindəki mövqeyi və son açıqlamalarındakı fikirlər Ermənistandakı revanşistlərin əsas havadarının xoşuna gəlməyib. Qarabağdakı separatçıların ətəyindən yapışdıqları Moskvanın istər Arutuntanın, istərsə də Koçaryanın fəaliyyət və bəyanatlarının, mövqelərinin koordinasiyasında əsas söz sahibi olduğu heç kimə sirr deyil. Bu isə o deməkdir ki, hər iki şəxs daha çox Moskvanın “ağzıyla” danışır. Bu da öz növbəsində Qarabağ məsələsini İrəvanın əlindən birdəfəlik alıb, “Rusiyanın məsələsi”nə çevirmək cəhdi kimi qəbul oluna bilər. Belə görünür ki, heç Paşinyan özü də bunun əleyhinə deyil...

Hazırda yaranmış mənzərəni, həmçinin “Qarabağ klanı”nın və Rusiyanın Paşinyandan narazılığını bəlkə də ən yaxşı formada qondarma rejimin “deputatı” Matakse Akopyan son açıqlamasında izah edib: “Azərbaycan artıq bəyan edib ki, sülhməramlıların müddətinin başa çatmasına maksimum 4 il qalır və onlar mandatın uzadılmasına imkan verməyəcəklər. Ancaq Paşinyan buna heç bir reaksiya vermir...”

C.Məmmədov

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Roma 2021-12-29 05:39:56

vidadi adı ilə yazana: "kocaryan cox həyasiz ermenidir" deyirsən, tək koçaryanmı həyasızdır??? ermənilərin demək olar ki, hamısı həyasız, oğru, şarlatandır...

Eli 2021-12-28 13:44:55

Bu iki Çaqqal,herbi cani ne qeder Moskvanın eteyinden yapışsalar da son neticede Azerbaycan onların eline etek yox tütek verecek ki onlar da çala çala cehenneme vasil olacaqlar.Çünkü bu şerefsiz ermenilerin meqsedi tek Qarabağ,Naxçıvan deyil,eslinde onların uzaq perspektivde Azerbaycanın tam dağılmasına nail olmaqdır.Onların Qardaş Türkiyyeden intiqam almaq cehdi baş tutan mesele deyil ve onlar bunu qanırlar ona göre bize düşmençiliklerimi artırırlar.Ancaq arzuları üreklerinde qalacaq.zMillet ayılıb ve Zaman ve Tarix deyişib.

vidadi 2021-12-28 12:20:59

kocaryan cox heyasiz ermenidir

Son yazılar