PAŞİNYANIN “ÇAĞIRIRIQ, GƏLMİR” MESAJI – Ermənistan Qazaxıstandakı “xidmətinə” görə Rusiyadan nə umur?

“Ölən və yaralanan erməni hərbçiləri Ermənistanın Qazaxıstana sülhməramlılar göndərməsinin əvəzidir?”

“AzPolitika.info” xəbər verir ki, bu sualı ötən gün Ermənistanın “Joxovurd” qəzeti Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində baş verən son insidentdə 3 erməni hərbçisinin həlak olması və daha bir neçəsinin yaralanmasını şərh edən məqalədə verib.

Həmin yazıda həmçinin qeyd olunur ki, hərbçilər, hüquq-mühafizə orqanları və Paşinyanın siyasi komandasının üzvləri Baş naziri əmin ediblər ki, sərhəddə yaşanan gərginlik birbaşa Ermənistanın KTMT-nin tərkibində Qazaxıstana hərbçilər göndərməsilə bağlıdır və Azərbaycanın buna cavabıdır.

Bununla da ermənilərin özlərinin başlatdığı və bir əsgərimizin şəhid edildiyi təxribat bir növ guya Ermənistanın Qazaxıstana hərbçi göndərməsinə görə Azərbaycanın onu cəzalandırması kimi təqdim olunur. Özü də bu yanaşma təkcə sözügedən qəzetin deyil, ümumilikdə Ermənistandakı siyasi esteblişmentin böyük hissəsinin mövqeyidir. Nəticədə erməni cəmiyyətinə və Rusiya başda olmaqla ermənipərəst xarici dairələrə ermənilərin törətdikləri son təxribata Azərbaycan tərəfinin verdiyi adekvat və təsirli cavab Ermənistanın Qazaxıstan əməliyyatında iştirakına görə Azərbaycanın cəza əməliyyatı kimi göstərilir. Və bu təqdimat xüsusilə də Nikol Paşinyan hakimiyyəti üçün olduqca sərfəlidir. Belə ki, Ermənistanın, simvolik də olsa, KTMT-nin Qazaxıstana müdaxiləsində iştirakı rəsmi İrəvanın son illər yaratmaq istədiyi demokratik ölkə imicinə ağır zərbə oldu. Paşinyan buna görə məsuliyyəti Rusiyanın və Ermənistanı vaxtilə KTMT-yə üzv edənlərin üzərinə yıxmağa çalışır. Özününsə Rusiyanın tələblərinə “yox” deməyə nə gücü, nə də iradəsi çatır...

Hələ hakimiyyətə gəlməzdən əvvəl KTMT və Rusiyanın dominantlıq etdiyi digər qurumlara tənqidi yanaşan, Ermənistanın istiqamətini Qərbə yönəltməyə çalışan Paşinyan komandası sərhəddəki insidenti Qazaxıstana müdaxilə ilə bağlamaqla, cəmiyyətə Rusiya ilə dostluğun növbəti dəfə itkilər bahasına başa gəldiyini və Rusiyanın etibarlı tərəfdaş olmadığını aşılayır. Həmçinin, istər Paşinyan komandası, istərsə də ona müxalif olanlar Rusiyanı fakt qarşısında qoymağa çalışır. Yəni ki, “Qazaxıstana kömək etdiniz, bizə də edin”. 

Təsadüfi deyil ki, sərhəddəki son təxribatın baş verdiyi gün Rusiya Prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında baş tutan telefon danışığı barədə məlumat yayıldı. Rəsmi xəbərdə tərəflərin Qazaxıstan və Qarabağ barədə danışdıqları bildirilsə də, reallıqda əsas mövzu yəqin ki, Qazaxıstan olmayıb. Oraya 100 nəfərlik sınıq-salxaq dəstə göndərən Ermənistanın Qazaxıstanda baş verən hadisələrin tənzimlənməsində nə rolu, nə təsiri ola bilər ki?

Təbii ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətləri, Qarabağda və xüsusilə də sərhəddə baş verən son insident olub. Və istisna etmək olmaz ki, KTMT-nin Ermənistan-Azərbaycan sərhədinə mümkün müdaxiləsi məsələsi də müzakirə edilib. Lakin belə görünür ki, Ermənistan tərəfi yenə Rusiyadan əvvəl də olduğu kimi, istədiyi cavabı ala bilmir.

Belə ki, Paşinyanın partiyasını parlamentdəki Müdafiə və təhlükəsizlik komitəsində təmsil edən Armen Xaçatryan bu məsələ ilə bağlı jurnalistlərin “niyə hakimiyyət KTMT-yə müraciət etmir və müraciət etməyə hazırlaşırmı” sualına cavabında deyib: “Düşünürəm ki, müraciət olunmayacaq. Mən hələ ki, şərh vermək istəmirəm. Biz əvvəlcə hadisələrin nə cür inkişaf edəcəyini anlamalıyıq”. Göründüyü kimi, erməni tərəfi Moskvadan hələlik istədiyi cavabı ala bilməsə də, ümidlidir. Rusiyanın Qazaxıstandakı davranışı isə göstərdi ki, Moskvadan hər şey gözləmək olar...

Qeyd etdiyimiz bu mənzərə onu da göstərir ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin ölkə mətbuatının bir qrup nümayəndəsinə verdiyi müsahibədə bu mövzuyla bağlı söylədiyi fikirlər təsadüfi deyil: “Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz...”

Bu, göstərir ki, doğrudan da Ermənistan Qarabağda və xüsusilə də sərhəddə təxribatlar törədərək, KTMT adı altında Rusiyanı prosesə daha aktiv şəkildə cəlb etmək fikrindən vaz keçməyib. Moskvanın Qazaxıstana müdaxiləsi isə bu məsələdə Ermənistandakı bəzi dairələri ümidləndirib. Ona görə “bəzi dairələr” deyirik ki, əslində, səmimi olaraq Paşinyanın Rusiyanın bölgədəki iştirakının daha da artırılmasında maraqlı olduğunu söyləmək çətindir. Ona daha çox Rusiyanı “çağırdıq, gəlmədi” ibarəsilə etibarsız tərəfdaş sifətində təqdim etmək sərfəlidir...

Rusiyaya gəldikdə isə, onun gerçəkdən nə dərəcədə etibarlı tərəfdaş olduğu hər zaman sual doğurub. Qazaxıstanda baş verənlər və Nursultan Nazarbayevin taleyi bunun bariz nümunəsidir. Həmçinin, Moskvanın bir yeri göstərib, başqa bir yerdən çıxması praktikası da var.

Hər kəsin nəzəri Ukraynada olarkən Rusiya ordusunun Qazaxıstanda peyda olması onu deməyə əsas verir ki, KTMT-nin son onlayn toplantısında Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti hədəf kimi Özbəkistanı göstərsə də, Rusiyanın başçılıq etdiyi KTMT Özbəkistanı göstərib, tamamilə başqa istiqamətdən “vura” bilər. 

Odur ki, arxayınlaşmaq olmaz və Türkiyə ilə ittifaqımız da daxil olmaqla, bütün beynəlxalq və regional müstəvilərdə aktiv iş aparılmalıdır. Ən əsası isə, Ermənistanın bizi hansısa qurum, təşkilat vasitəsilə şantaj etməsinə yol verilməməli və 44 günlük müharibədə, eləcə də son olaraq iki gün öncə sərhəddə baş verən insidentdə olduğu kimi, təxribatçının və işğalçının cavabı çəkinmədən, artıqlaması ilə verilməlidir...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2022-01-13 16:38:18

Hadiselerin gedişi gösterir ki ,Rusiya neticede töretmek istediyi işlerden uduşlu çıxmayacaq ve başı özüne qarışacaq.

Cəlal müəllimə 2022-01-13 16:20:45

mənə elə gəlir ki, ruslar üçün çox vacib strateji məntəqə Gəncədir!

Son yazılar