Menu

"Qarabağ başqa, Krım başqa" - Nikolay Rıjkov

31.10.2014, 10:20
"Qarabağ başqa, Krım başqa" - Nikolay Rıjkov

Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkov Rusiyanın Krımla bir yerdə Avrasiya İttifaqına daxil olmasını məntiqi, Ermənistanın Qarabağla birlikdə ittifaqa üzv olmaq iddiaları isə əsassız hesab edir.

Bu fikri Yerevanda Ermənistan-Rusiya Parlamentlərarası Komissiyasının iclasından sonra mətbuat konfransında komissiyanın həmsədri Nikolay Rıjkov söyləyib.

Nə üçün Rusiya beynəlxalq aləmdə tanınmamış sərhədləri çərçivəsində, yəni Krımla birlikdə Avrasiya İttifaqına üzv ola bilər, Ermənistana isə Qarabağla birlikdə bu ittifaqın üzvü olmağa icazə verilmir? - jurnalistlərin sualına cavab verən Nikolay Rıjkov Krımın qədim zamanlardan Rusiya torpağı olduğunu bildirib.

“Krım 1722-ci ildə Krım Rusiya imperiyasının tərkibinə daxil olub və həmişə Rusiya ilə olub. Bizim nə günahımız var ki, cənab Xruşşov o qədər də ayıq olmadığı halda onu 1954-cü ildə Ukraynaya verib?”, - Rıjkov izah edib.

Onun sözlərinə görə, “sərt nizam-intizam şəraitində bu ədalətsiz qərarla” hamı razılaşıb.

“Lakin Krımda əhali öz iradəsini bildirəndə biz onları təhrik etməmişik. Onlar özləri küçəyə çıxıb, referendum keçirib və öz iradələrini izhar ediblər: Biz Rusiyanın tərkibinə daxil oluruq! Onlar öz tarixi vətəninə qovuşmaq istəyirdilər. Biz onlara etiraz edə bilməzdik”, - Rıjkov deyib.

Dağlıq Qarabağ məsələsində isə cənab Rıjkov qeyri-müəyyənlik mövcud olduğunu bildirib: “Əvvəlcə Dağlıq Qarabağın statusunu dəqiqləşdirmək lazımdır. Əgər erməni ərazisi kimi tanınsa, heç bir sual olmaz... Bu gün isə hər şey asılı vəziyyətdədir... Məsələn, həmin Dnestryanı da Avrasiya İttifaqına daxil ola bilməz”.

Qayda belədir: hər hansı ərazi və ya sərhəd məsələsi həll olunmamış qurum ittifaqa qəbul edilə bilməz, Rıjkov qeyd edib.

“Odur ki, Qarabağın məsələsi həll olunantək, biz onu məmnuniyyətlə Avrasiya İttifaqının tərkibində görərik. Nə cür həll olunması isə - ayrıca bir dövlət yaxud Ermənistanın tərkibində - bunu, necə deyərlər, həyat göstərər”, - Nikolay Rıjkov cavab verib. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol