“Taliban” heyəti Norveçdə rəsmi səfərdədir – FOTO

Norveçin paytaxtı Osloda səfərdə olan “Taliban” heyəti geniş tənqidlərə səbəb olub.

İyirmi ildir Avropa, Yaxın Şərq və Afrikada işləmiş siyasi tədqiqatçı, məsləhətçi və sahibkar Vas Şenoy “The Times of Israel”-dəki bloq yazısında deyib ki, “Taliban” nümayəndə heyətinin Osloya səfəri terrorçuların qanuniləşdirilməsi üçün təhlükəli presedent yarada bilər: “Norveçlilər “Taliban” nümayəndə heyəti ilə rəsmi görüş keçirir, eyni zamanda belə bir görüşün tanınma demək olmadığını vurğulayırlar – bu, qarışıq siqnallarla çaşdırıcı bir hərəkətdir”.

V.Şenoy bildirib ki, “Taliban”ın yeganə məqsədi Qərb ölkələrinin qəbuluna nail olmaqdır ki, ABŞ və digər Qərb dövlətləri tərəfindən bloklanan vəsait azad edilsin. ABŞ, Almaniya, İngiltərə, Fransa, İtaliya və Avropa İttifaqının nümayəndələri ilə görüşmək üçün Oslo səfəri onlar üçün tanınmağa bənzəyir. Həmçinin, əfqan cəmiyyətinin digər üzvlərindən, siyasi və ya mülki nümayəndələrindən heç bir nümayəndə yoxdur, Əşrəf Qəni hökumətinin üzvləri və ya mühacirətdə olan hər hansı digər əfqan liderləri də dəvət olunmayıb. “Bu Əfqanıstanla bağlı başqa bir konfransdır ki, burada itkin düşmüş yeganə qrup əfqanların özləridir, baxmayaraq ki, müxtəlif mediada deyilir ki, “Taliban” nümayəndə heyətinin ölkə əhalisinin azadlıqlarının məhdudlaşdırıldığı bir vaxtda vətəndaş cəmiyyətindən olan əfqanlarla, o cümlədən qadın liderlərlə və jurnalistlərlə görüşləri gözlənilir. Əfqanıstan xalqının maraqlarını kimin təmsil edəcəyi dəqiqləşdirilməyib”.

V.Şenoyun sözlərinə görə, Aİ-nin Kabildəki səfirliyinin yenidən açılması ilə bu görüş “Taliban” və onların müttəfiqləri tərəfindən Qərbin islamçıların qələbəsinə təslim olması kimi qəbul edilir. Əgər yardım üçün yol xəritəsi kimi ilkin şərtləri irəli sürmək ümidi var idisə, indi o, məhv edilib.

Norveçin xarici işlər naziri Anniken Huitfeldt vurğulayıb ki, səfər "Taliban”ın legitimliyi və ya tanınması demək deyil. “Amma biz bu gün ölkəni praktikada idarə edənlərlə danışmalıyıq".

Norveçin neytral arbitr kimi mövqeyini qoruyub saxlaması üçün hətta bu görüş üçün ilkin şərtlərin müəyyən edilməsi vacib idi. Yardım və yardımın Əfqanıstan xalqına çatması və “Taliban”ın gələcək cihadını maliyyələşdirməməsi üçün Norveçin bəzi əsas şərtlər qoyması vacibdir ki, bunlardan biri bütün etnik qrupları təmsil edən tanınmış əfqanlardan ibarət monitorinq mexanizmi ola bilər.

Şenoy deyib ki, qəti mövqe olmasa, “Taliban”ın Osloya bu səfəri Əfqanıstanın dinc gələcəyə olan ümidlərini məhv edəcək və nəticədə “Taliban”ın "qələbəsi" üçün təbliğat rolunu oynayacaq.

Xatırladaq ki, İslam Əmirliyinin xarici işlər naziri Əmir Xan Motaqinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 23-dən Osloda rəsmi səfərdədir.

Norveçdə yaşayan əfqanlar “Taliban” təhbərliyinin bu ölkəyə səfərinə etiraz əlaməti olaraq üç gündür Norveçin Xarici İşlər Nazirliyinin binası qarşısında aksiyası keçirir.

L.SƏMLA 

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar