Məlum olduğu kimi, parlamentin bu gün keçirilən iclasında deputatlar Şuşa Bəyannaməsini təsdiqləyiblər.

“AzPolitika.info” xəbər verir ki, iclasda çıxış edən millət vəkili Zahid Oruc bu bəyannamənin tarixi əhəmiyyətindən danışıb: “Dövlətçilik tariximizin ən böyük qələbəsinin birbaşa nəticəsi və iki ölkənin hərbi müttəfiqlik müqaviləsi sayılan Şuşa Bəyannaməsi mühüm tarixi hadisədir. Ulu öndər Heydər Əliyevin ölkəmizi xilas etdiyi bir gündə belə bir sənədin imzalanması təkcə rəmzi məna daşımır, eyni zamanda Qurtuluş savaşının 15 iyundan 8 noyabra qədər davam etdiyini göstərir. Çoxəsrlik sınaqlardan ləyaqətlə çıxan iki xalqın birliyi, 44 günlük müharibədə növbəti dəfə sarsılmazlıq və möhkəmlik testindən uğurla keçdi.

26 sentyabra qədər iki ölkənin yüzlərlə şəhər və kəndlərində belə sənədin imzalanması Şuşa razılaşması qədər əks-səda doğurmayacaqdı. On illərlə strateji müttəfiqliyə yol gələn iki dövlət Şuşada - qələbə şəhərində müharibənin nəticələrinin beynəlxalq legitimliyini dünyaya nümayiş etdirməklə özünün ən yüksək nöqtəsinə çatdı.

106 il əvvəl bütövlük, qardaşlıq salnaməsi kimi tarixə düşən Çanaqqala Zəfərində vahid səngərdə döyüşən bir millətin qəhrəman əsgərləri Azərbaycan Ordusunun Şuşa salnaməsini qazanarkən həmin tarixi ideallara sadiq qaldılar. Ona görə də Şuşa Bəyannaməsi dövlətlərin bir-biri ilə yalnız strateji maraqlarını əks etdirən sənəd olmayıb, şəhidlərin canı və qanından yoğrulan hərbi-siyasi, ordu müqaviləsidir.

Bir sözlə, parlaq Qələbəmiz olmasaydı, Şuşada anlaşma və təntənəli imza törəni də keçirilməyəcəkdi. Ona görə də dünyada müxtəlif dövlətərarası razılaşmalarla müqayisədə deyə bilərik ki, anlaşma beynəlxalq xarakterli razılaşmadır, çünki iki dövlət liderinin sənədi yazılı imzalaması və qarşılıqlı öhdəliklər yaratması bəyannaməni öz miqyasına görə lokal deyil, regional və dünya əhəmiyyətli akt kimi xarakterizə eləməyə imkan verir.”

Bəyannamənin bəndlərinə toxunan deputat bildirib ki, bu sənəd iki qardaş ölkənin təhlükəsizliyi, eləcə də regional sabitlik baxımından olduqca əhəmiyyətlidir: “Müqavilə bir dövlətə hücum zamanı ikinci dövlətin onun müadifəsinə qoşulacağını təsbit etməklə, təkcə bizim bölgəmizə deyil, eləcə də təhlükə yaranarsa, Azərbaycan Ordu qüvvələrinin Türkiyə sərhədlərinin keşiyini çəkməyə hazır olduğunu nəzərdə tutur. Şuşa Bəyyənaməsini imzalamaqla, Prezident İlham Əliyev Qarabağı əsrlər boyu savaş meydanı kimi saxlamağı yox, təhlükəsizlik və sabitlik ünvanına çevirməyi hədəflədiyini dünyaya nümayiş etdirir. Əsrlər boyu xalqımızın zəif bəndi və məhrumiyyət bağı kimi çıxış edən bir məkanı dövlətçiliyin güclü və qoruyucu zirehinə çevirmək mühüm tarixi nailiyyətdir. Qarabağın sabitlik və sülh ünvanı olması, Azərbaycanın təhlükəsizliyinin ayrılmaz hissəsi olmaqla yanaşı, Cənubi Qafqazda və yaşadığımız qitədə sülhə təminat verən ən böyük aktdır.

Ona görə də bəyyanməni 3-cü ölkələrə qarşı yönəltmək, onu region dövlətlərinə qarşı ərazi iddiası kimi xarakterizə etmək yanlışdır. Onun bütün müddəaları regionda sülhü və təhlükəsizliyi gücləndirməyə xidmət edir. Əgər bütün qonşu dövlətlər - İran, Rusiya, Gürcüstan, eləcə də bizə müttəfiq olan Pakistan, yüksək siyasi münasiəbətlərdə olduğumuz Britaniya və digər Qərb siyasi mərkəzləri Prezident İlham Əliyevlə Şuşada görüşmək istəsələr, eyni müqaviləyə qoşulmağa çalışsalar, onlara da yüksək ehtiramla yanaşılacağına şübhə etmirik. Beləliklə, Şuşa bir zamanlar Osmanlı, Rusiya və İran imperiyalarının, həmçinin Avropa dövlətlərinin toqquşma meydanı olmaqdan çıxaraq, anlaşma, barış və uzlaşma ünvanı olmağa can atır.”

Zahid Oruc bu bəyannamənin regiondakı bütün xalqlara sülh təminatı verəcəyini xüsusi qeyd edib: “Şuşa Bəyannaməsi Qarabağda sülh içində yaşamaq istəyən bütün xalqlara təhlükəsizlik təminatı deməkdir. Onu yalnız bir millətin, dinin və yaxud iki dövlət elitasının mənafeləri ilə məhdudlaşdıranlar səhvə yol verir. Bu razılaşma bütün dövrlər üçün qüvvədədir və ideoloji-siyasi yönündən asılı olmayaraq, bütün hakimiyyətlər dövründə də qorunacaq, "Əliyev müqaviləsi" kimi tarixdə yaşayacaqdır. Azərbaycanın son 300 ildə Qarabağda, o cümlədən, iradəmizdən kənarda taleyimizin həll olunduğu Gülüstan kəndində imzalanan savaş aktları ilə müqayisədə çoxəsrlik keçmişimizdə ilk dəfə məğlubiyyət ənənələri durdurularaq, Qalibiyyət aktının imzlanması bütün tariximizdə Ali Baş Komandan İlham Əliyevin heç bir liderə nəsib olmayan uğuru kimi təqdim oluna bilər.

İndi iki dövlətin birgə ordu qüvvələrinin sayı 1 milyona yaxın böyük hərbi güc deməkdir. Gəlin razılaşaq ki, dövlət başçısının dünya siyasi arxitekturasının çökdüyünü bəyan etməsi və regionumuzda, keçmiş sovet məkanında baş verən gərginliklər fonunda iki dövlətin müaviləsi gələcək böyük anlaşmalara yol açacaq.

Bəyyannamənin qələbəmizi möhkəmləndirməsi və gələcək erməni xalqı üçün xilas sənədinə çevrilməsi üçün növbəti "İrəvan müqaviləsi”nə yol açan bu sənədi Ermənistan da qəbul etməlidir. Tarixi Qars müqaviləsi, yaxud Moskva müqaviləsindən sonra Azərbaycan dövlətçiliyinin gələcəyinə müstəsna xidmət edən sənədə xalqımız kimi biz də səs verəcəyik.”

“AzPolitika.info”