Menu

Azərbaycanda bu şəxslərin iş vaxtı artırılır

14.09.2026, 11:23
Azərbaycanda bu şəxslərin iş vaxtı artırılır

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yeni qaydalarla tənzimlənəcək.

"AzPolitika" Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan "Aviasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi hheyətinin iş və istirahət vaxtı, o cümlədən uçuş vaxtı və uçuş iş vaxtı aşağıdakı maddə nəzərə alınmaqla "Aviasiya haqqında" Qanuna, Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq tənzimləəcək.

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı ilə bağlı bu qanunda və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarda tənzimlənməyən məsələlər Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənəcək.

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdiriləcək:

istənilən 7 ardıcıl gün ərzində maksimal iş saatı;

istənilən 14 ardıcıl gün ərzində maksimal iş saatı;

istənilən 28 ardıcıl gün ərzində maksimal iş saatı;

istənilən 1 təqvim ili ərzində maksimal iş saatı.

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin uçuş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir:

istənilən 28 ardıcıl gün ərzində maksimal uçuş saatı;

istənilən 1 təqvim ili ərzində maksimal uçuş saatı;

istənilən ardıcıl 12 təqvim ayı ərzində maksimal uçuş saatı.

Layihədə bildirilib ki, Əmək Məcəlləsinə əsasən, gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı isə 36 saat müəyyən edilib. Cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola bilməz.

Bu məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşların həyata keçirməsini qeyri-mümkün və ya iqtisadi baxımdan səmərəsiz edərək onların rəqabət qabiliyyətini zəiflədir.

Layihədə ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi (fatigue management) sahəsində beynəlxalq standartlara uyğunlaşma nəzərdə tutulub. Layihə ilə Əmək Məcəlləsində nəzərdə tutulan ümumi normalardan istisna olaraq aviasiya heyətinin iş və istirahət rejimlərinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun şəkildə Nazirlər Kabinetinin qaydaları ilə tənzimlənməsi təklif edilir. Beynəlxalq təcrübədə (məsələn, ABŞ və Avropa İttifaqında) uçuş heyəti üçün iş və istirahət müddətləri 7, 14, 28 ardıcıl gün və ya 1 təqvim ili üzrə daha çevik limitlərlə tənzimlənir.

Vurğulanıb ki, iqtisadi səmərəliliyin artması yerli aviaşirkətlərin beynəlxalq bazarda rəqabət gücünü artıracaq və uçuş xəritəsinin genişləndirilməsinə şərait yaradacaq.

Qeyd edək ki, sənədin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təyyarə üçün kommersiya hava daşımalarını həyata keçirən hava gəmisi heyətinin yorğunluğunun idarəedilməsi ilə əlaqədar uçuş vaxtı, iş vaxtı və istirahət vaxtının tənzimlənməsinə dair qaydalar da təsdiq ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol