Menu

Əjdər Ol dövlətə dəymiş 589 min manat ziyanı ödəyib

04.02.2022, 16:38
Əjdər Ol dövlətə dəymiş 589 min manat ziyanı ödəyib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) cinayət işi üzrə dəymiş ziyanı ödəyib.

"Report"un xəbərinə görə, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Bildirilib ki, Ə.Cəbiyev istintaq dövründə depozitə qoyduğu 589 min manatı zərərçəkmiş qismində tanınan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ziyanın əvəzi kimi ödəyib.

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.

İttiham aktına əsasən, Ə.Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini vətəndaşlardan rüşvət qismində istəyərək alıb.

O, qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Cinayət materiallarında göstərilib ki, Ə.Cəbiyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq müxtəlif şəxslərdən ümumilikdə 327 min manatdan artıq vəsaiti rüşvət qismində ələ keçirib.

Bundan başqa, nazirliyin tikilməkdə olan obyektlərini kurasiya edərkən qulluq səlahiyyətlərindən istifadə edərək şəhid ailələri və Qarabağ əlilləri üçün Gəncə və Mingəçevir şəhərlərində alınan mənzillərə görə artıq pul köçürməklə 262 min manat büdcədən pul silinməsinə nail olub. Həmin pulları nazirliyin inzibati binasında tikintilərdən məsul şəxs olan Natiq Əzizov vasitəsi ilə əldə edib.

Ə.Cəbiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Şərhlər

Seyid ƏNHU 2022-02-04 22:57:25

HƏMKƏNDLİMİZ QONŞU KƏNDDƏN 2 TOYUQ BİR QAZ OĞURLAYIB.7 İL YARIM İŞ ALIB. BİZ DƏ YIĞIŞIB QƏRARA GƏLMİŞİK Kİ, ƏVƏZİNDƏ MƏHKƏMƏYƏ 4 TOTYUQ , 2 DƏ QAZ VERİRİK. VƏ TƏLƏB EDİRİK Kİ, BİZİM DƏ KƏNDÇİMİZİ AZAD ETSİN.

t.ədalət 2022-02-04 20:52:14

Əgər təqribən 600 mini qaytarırsa,deməli,onun 12-15 milyonu var.

Vətəndaş. 2022-02-04 20:40:58

Bu həpəndin adı Əjdər Ol yox, Əjdər Al olmalıdır. Şeir quraşdıra bilər, ancaq oğrudan əsl şair ola bilməz.

Qurbanəli 2022-02-04 17:15:06

Rüşvət al oğurla maddi ziyanı ödəyib azadlığa çix.Bu nə məntiqidir.Neçə insanları haqsız yerə işdən çıxarıb yerinə rüşvətlə adam götürüb.Bəs o insanların taleyi necə olur? Onların əziyyəti necə olsun?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol