FƏLSƏFƏNİN QƏDRİNİ BELƏ BİLDİK!

Etibar Əliyev, millət vəkili

Min illər boyu dinin hökmranlığı təsdiq etməyə çalışırdı ki, həqiqəti dərk etmək üçün onlarda inamlı üsullar var. Filosoflar isə inandırmağa çalışırdılar ki, insanlar bilikləri məxsusi ağılları ilə qazana bilərlər. Dekart və Spinoza kimi filosoflar teologiyanı fərdi müstəviyə gətirmək və bunu biliyin əsas strukturundan kənarda saxlamaq istəyirdilər.

Unutmaq olmaz ki, XVIII əsrin sonlarına yaxın fəlsəfə ilə elm arasında dəqiq sərhəd yox idi. Sükutu dahi alman filosofu İmmanuil Kant pozdu. Həmin dövrdə Kant sərbəst şəkildə astronomiya və poeziyadan, həmçinin metafizikadan mühazirələr oxudu. Həmçinin, dövlətlərarası münasibətlərdən kitab yazdı. Bu dövrlərdə baş verən bir hadisə elmlə fəlsəfəni ayırdı. Emprik elmlərin tərəfdarları söylədilər ki, həqiqətə gedən yol praktik müşahidələrin nəticələrindən alınan nəzəriyyədən keçməlidir. Yəni onlar özlərini filosof adlandırmaqdan imtina etdilər. Unutmaq olmaz ki, bir zamanlar bütün elmlər fəlsəfənin tərkibində idi. Əslində, heç bir elm yox idi, yalnız fəlsəfə vardı və ilk filosofları müdriklər adlandırırdılar. Öz zəmanələri üçün onlar riyaziyyat, fizika, astronomiya sahələrində xeyli biliklərə malik idilər, o cümlədən, fəlsəfə ilə də məşğul olurdular. Konkret biliklər artdıqca onları bir başda saxlamaq qeyri-mümkün oldu. Və elmlər fəlsəfədən ayrılmağa başladılar. Fizika və riyaziyyat, həmçinin həndəsə ilk müstəqil elmlər oldu.

Yeni dövrdə biologiya və kimya müstəqil elmlər kimi meydana gəldi. Bu proses XX əsrə qədər davam etdi. Fizikin, yaxud bioloqun diplomunda “Fəlsəfə doktoru” sözləri yazılır, halbuki onların artıq fəlsəfə ilə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, bu, həmin elmlərin uzun illər fəlsəfənin tərkibində olmasını xatırlatmaqdır. Bir çox filosflar belə ayrılığın tərəfdarı oldular. Son dövrlər bizdə fəlsəfəyə marağı söndürmək üçün “xeyli işlər” görülüb. Absurda diqqət edək: Fəlsə sosial elmlər blokuna daxil edilib.

1979-cu ildə pakistanlı fizik Əbdüs Salamla birgə fizika sahəsində Nobel mükafatına layiq görülmüş Stiven Vaynberq "Müasir elmin mənbəyi" adlı sonuncu kitabında yazır: "Mənə belə gəlir ki, Qədim yunan mütəfəkkirlərinin əsərlərini yaxşı qavramaq üçün onları fizik-alim, filosof kimi yox, şair kimi qəbul etmək lazımdır. Ksenofan, Parmenid, Empedokl müəyyən mənada şairdirlər. Anaksimandr, Heraklit, Demokrit əsərlərini şeir formasında yazıblar. Siseron Demokrit haqqında deyirdi ki, o, başqalarından daha poetikdir. Yəni demək istəyirəm ki, poeziyada söz geniş mənada daha çox estetik effekt verir". Bu da poeziyanın gücü...

Universitetlərin yaranması böyük tarixi hadisə oldu. Orta əsrlərin universitetlərindən fərqli olaraq, müasir universitet professorları tam stavkada dərs deyir, əməkhaqqı alır, onları nəinki fakültələr, həmçinin fakültələrin nəzdindəki kafedralar birləşdirir. Tələbələr tədris kursunu dinləyir, müəyyən dərəcələr alırlar. Orta əsr universitetində cəmi 4 fakültə olub: teologiya, tibb, hüquq və fəlsəfə. XIX əsrdə fəlsəfə fakültəsi iki fakültəyə bölündü: “təbiət elmləri” və digər fənlərin öyrənildiyi humanitar fakültə. Və beləliklə iki mədəniyyət yarandı. Bu iki mədəniyyət bir-biriləri ilə vuruşmağa başladılar. Bunların hər biri israr edirdi ki, məhz onların metodları biliklərin əldə olunması üçün daha əlverişlidir. Təbiət elmlərinin tərəfdarları daha çox emprik tədqiqatlara, hipotezaların yoxlanmasına üstünlük verirdilər. Humanitarlar isə israr edirdilər ki, nəsnələrin mahiyyətinə intuitiv nüfuz etməklə biliklər qazanmaq olar.

XIX əsrdə təbiət elmlərinin fakültələri ayrı-ayrı elm sahələrinə ayrıldı. Fizika, kimya, geologiya, astronomiya, zoologiya, riyaziyyat və digər elmlər yarandı. Humanistika isə fəlsəfəyə, klassik dillərə, tarix, incəsənət, musiqişünaslıq, milli dillər və ədəbiyyata şaxələndi. Ən mürəkkəb duruma isə sosial münasibətlər haqqında elmlər düşdü. Böyük Fransız İnqilabı göstərdi ki, belə tədqiqatlar da labüddür. İnqilabın yaydığı ideya bu oldu ki, siyasi dəyişikliklər təbii və davamlı xarakter daşımalıdır. Böyük fransız filosfu Oqyust Kont sübut etdi ki, cəmyyət də təbiət kimi dəyişməz qanunlara tabedir və bu kontekstdə “sosiologiya” sözünü düşündü. O, sosiologiyanı pozitiv elm kimi görürdü. Kont əvvəlcə “sosial fizika” terminini işlətdi. Sonradan bu elm sahəsinin adı “Sosiologiya” oldu.

Böyük ingilis fiziki və yazıçısı Çarlz Persi Snou 1959-cu ildə yazdığı "İki mədəniyyət və elmi inqilab” əsərində yazırdı: "Mənə elə gəlir ki, Qərb ziyalılarının mənəvi dünyası bir-birinə əks iki hissədə qütbləşib. Mənəvi dünya dedikdə mən bura həm də bizim praktiki fəaliyyətimizi aid edirəm. İndi bir-birinə əks olan qütblər barədə: bir qütbdə özlərini ziyalı adlandıran, sadəcə ədəbi ziyalılar dururdu və belə çıxırdı ki, başqa ziyalılar mövcud deyil. Bir dəfə 30-cu illərdə Xardi təəccüblə demişdi: "Siz gördünüzmü, indi "ziyalı adamlar" sözünü necə işlədirlər? Onun mənası elə dəyişib ki, Rezerford, Eddinqton, Dirak, Edrian və mən artıq bu yeni təyinata aid edilmirik. Bu mənə çox təəccüblü gəlir, bəs, sizə necə? Beləliklə, qütbün birində ədəbi ziyalılar, o birində isə əsas təmsilçiləri fiziklər olan alimlər dayanırlar. Onları bir-birindən anlaşılmazlıq divarı ayırır, gənclər arasında isə düşmənçilik və nifrət kök salıb. Onlar hansısa bir məsələyə elə fərqli yanaşırlar ki, hətta emosional planda belə ümumi dil tapa bilmirlər". Qeyd edim ki, Snounun bu əsəri Qərbdə bestsellerə çevrilmişdi.

Bəs ictimai elmlər necə yarandı? Bu elm iki mədəniyyətin müharibəsində hansı mövqedə dururdu? Əvvəlcə elə düşünürdülər ki, ictimai elmlər təmiz elmlə humanitar elmlərin arasında dayanır. Lakin bu, komfort yer deyildi. Ən qədim ictimai elm əlbəttə ki, tarixdir: min illərdir ki, insanlar öz tarixlərini öyrənirlər. XIX əsrdə tarix elmində inqilab baş verdi. Bu, alman tarixçisi Leopold fon Rankenin adı ilə bağlıdır. Onun yürütdüyü prinsipə görə tarixi “həqiqətdə nə baş vermişdi kimi” təsvir etmək lazımdır. O, monarxları və ölkələri mədh edən, nağıllar quraşdıran tarixçilərə qarşı çıxdı.

Ranke tarixi spekulyasiyalar və təmsillərdən imtina etməyə çağırdı və bu sahənin daha elmi əsaslara söykənmməsi ideyasını verdi. O, tarixin təsviri üçün öz metodikasını təklif etdi. Böyük tarixçi hesab edirdi ki, tarixi müxtəlif dövrlərin hadisələrini əks etdirən sənədlər üzrə öyrənmək lazımdır. Sonra bu sənədlər bir yerdə toplanmalıdır və buna biz “arxiv” deyirik. Tarixin maksimal obyektiv olması üçün tarixçilər “müasir” hadisələrin təsvirindən imtina etdilər və “keçmişi” öyrənməyə üstünlük verməyə başladılar. Bütün hallarda arxivlər siyasi hakimiyyətin təsiri altına düşdü və tarixçilərə arxivlərdən istifadəyə 50-100 ildən sonra imkanlar yaradıldı.

Uzun illər tarixçilər yalnız müasir hadisələri təhlil ediblər. Cümhuriyyətin tarixinin öyrənilməsi buna sübutdur. Ümumilli lider Heydər Əliyev 1969-cu ildə, Bakı Dövlət Universitetinin 50 illik yubileyində sanki arxivləri açdı. O, Universitetin Cümhuriyyət qurucuları tərəfindən yaradıldığını açıqladı

Buna görə də yeni tarixçilər elmi fakültələrdə özlərinə yer tapa bilmədilər və humanitar elmlərə meyl etməyə başladılar. Keçmişi öyrənmək tarixçilər üçün məhdudlaşdırıldı. Siyasi liderləri müasirlik haqqında informasiyalar daha çox maraqlandırırdı.

Bu tələbatdan daha iki elm yarandı: iqtisadiyyat və politologiya. Bazarı iqtisadçılar, dövləti isə politoloqlar öyrəndi. Ancaq bunlar da fəlsəfi biliklər olmadan mümkün deyil. Bütün hallarda tarixin fəlsəfəsi öyrənilməlidir. Fəlsəfə elmləri sevə -sevə beləcə ayırdı, müstəqil elm etdi, özü isə unudulmağa doğru gedir. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar