Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik sazişi münasibətlərin daha üstün səviyyəyə daşındığı barədə təsəvvür yaradır. Bir çox pessimist proqnozlara rəğmən, sənədi diqqətlə oxuduqda, Azərbaycanın suveren hüquqlarına hansısa açıq təhlükə sezilmir.
Əksinə, bir çox ekspertlərdə Rusiyanın uzun illər davam edən və son dövrlər daha da sərtləşən aqressiv xarici siyasəti nəzərə alındıqda, bu sənədin müəyyən dərəcədə Azərbaycan üçün sığorta xarakterli olmasına dair qənaətlər var...
Lakin bu dinamikanın fonunda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması onu göstərir ki, Moskva ilə müttəfiqlik müqaviləsi Rusiya hakimiyyətindəki ermənipərəst dairələrin əl-qolunu qətiyyən bağlamır.
Əksinə, məhz sözügedən sənədin imzalandığı gün “Lavrovun və Zaxarovanın nazirliyi” ermənisayağı, tarixi saxtalaşdıran, açıq təxribat xarakterli paylaşım edir. Həmin paylaşımda Rusiya XİN 1828-ci il Türkmənçay müqaviləsinin ildönümünü yada salır və Naxçıvanla İrəvan xanlıqlarını “şərqi Ermənistan” kimi göstərir.

Bunu Lavrovun nazirliyinin Rusiya-Azərbaycan müttəfiqlik sazişinə “töhfəsi” kimi də qəbul etmək olar. Məsələnin maraqlı tərəfi həm də budur ki, ötən ilin eyni gününə aid paylaşımında Rusiya XİN Naxçıvan və İrəvan xanlıqlarını “şərqi Ermənistan” kimi göstərməmişdi.
Belə olan halda bu qurumun məhz bu ilin 22 fevralında, Türkmənçay müqaviləsinin ildönümü, həm də Azərbaycan Prezidentinin Moskvaya rəsmi səfəri və məlum sazişin imzalanması fonunda bu cür çirkin təxribata əl atması bir çox suallara yol açır. Məsələn, sual yaranır ki, Rusiyanın imperiya düşüncəsində nə 1828-ci ildən əvvəl, nə sonra, nə də bu günün özündə nəsə dəyişibmi?...
Lavrovun nazirliyinin bu saxta və təxribatçı mövqeyi ilə Rusiya Prezidentinin Kremldə İlham Əliyevlə keçirdiyi görüşdə sərgilədiyi mövqe, eləcə də tərəflərin imzaladığı sazişin mahiyyəti arasında kəskin ziddiyyət var.

Belə çıxır ki, Putin bir şey, Lavrovun nazirliyi isə başqa bir şey deyir və düşünür. Bu yanaşma növbəti dəfə Rusiyanın nə dərəcədə etibarlı tərəfdaş, yaxud müttəfiq olduğuna, digər ölkələrin tarixi ərazilərinə və suveren hüquqlarına necə münasibət göstərdiyinə dair qənaət yaradır...
Məlum olduğu kimi, artıq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya XİN-in bu təxribatına rəsmi münasibətini bildirib: “Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur.
Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə, “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi Sənədlər Departamentinə yaxşı bəlli olmalıdır”.
Təbii ki, dövlət olaraq Azərbaycan tərəfinə və cəmiyyətimizə də yaxşı bəllidir ki, bu cür təhriflər heç vaxt təsadüfi olmur və məqsədli xarakter daşıyır.
Bununla göstərilir ki, hər nə qədər Rusiyanın Azərbaycanla müttəfiqlik və qarşılıqlı hörmət bəyanatları səsləndirilsə də, bu dövləti idarə edən siyasi elitanın üst qatlarında ermənipərəst düşüncə olduqca dərin köklərə malikdir və bu, indiyə qədər olduğu kimi, indidən sonra da zaman-zaman özünü büruzə verəcək.
Odur ki, Moskva ilə bağlanan saziş qardaş Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsilə qətiyyən müqayisə oluna bilməz! Bu baxımdan Şuşa Bəyannaməsini, onun siyasi və mənəvi yükünü, Azərbaycan cəmiyyəti və dövləti üzərindəki təsirlərini, toplumun ona münasibətini, ən nəhayət, onun əhəmiyyətini Rusiya ilə imzalanan sazişlə eyniləşdirmək cəhdləri qətiyyən qəbuledilməzdir!

Şuşa Bəyannaməsi sözün əsl mənasında bizim “ürəyimizdən xəbər verirdi” və Moskva sazişi ən azı bu baxımdan onunla müqayisə oluna bilməz...
“Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik".
Bunu da Azərbaycan XİN bəyan edir. Əlbəttə ki, nazirliyin bu ucuz təxribata operativ və qətiyyətli şəkildə reaksiya verməsi çox təqdirəlayiq, həm də simvolik haldır.
Çünki Rusiya tərəfi Azərbaycan cəmiyyətini gerçək müttəfiq kimi görmək istəyirsə, nəinki Lavrovun nazirliyinin sözügedən “tarixi məlumat”ına, ümumiyyətlə regionda apardığı imperiya çalarlı siyasətə və siyasi elitasında kök salmış ermənipərəst yanaşmaya, düşüncəyə düzəliş etməlidir. Bununsa tezliklə baş verəcəyi, yaxud ümumiyyətlə nə zamansa baş verib-verməyəcəyi olduqca müəmmalıdır...
Cəlal Məmmədov
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanmışdır.


Şərhlər
20 YANVAR XOCALI İSKƏNDƏR RAKETİ VƏ MÜTTƏFİQ ----ALLAH MƏNİ DOSTLARIMDAN QORU .,DÜŞMƏNLƏRLƏRLƏ ÖZÜM BACARARAM.
rus nə vaxt hansısa müqaviləsinə fikir verib?.. Bu kağız da boş şeydir... Dünya ölkələrı birləşib bu "şər imperiyasını" dağıtmalıdır
Brine sonsuz mehebbet brine sonsuz nifret. Allah qanicen ruslarin belasin versin
olan olub ancaq cənab Putin hər halda gördüki TÜRKLƏR necə mərdlik etdilər-yəni sənin ən çətin vaxtında kim sənə dost əlini uzatdı--bunu bilsə xoş bilməsələr özləri bilər
Rusiya başın itirib və Putin özünü faktiki dünyadan təcrid edib.Belə halda Azərbaycanın tələsik Rusoya ilə müttəfiqlik müqaviləsi yersiz zərər verən bir haldır ki. bunu böyük ziyanlı rezonansı labüdür.əgər putin azərbaycana doğrudan müttəfiqdirsə inda niyə onun əsgərləri Qarabağda ermənilərə xidmət edir.Bu anlaşılan deyil.Bəs niyə bizimkilər susqunluq göstərirlər?
İşğalçı və xain Rusiya ilə bağlanmış hər-hansı bir müqavilə nöqsanlıdır.Hələ də Azərbaycanı öz müstəmləkəsi bilən Rusiyadan nə qədər uzaq olsaq,əhalinin təhlükəsizliyi baxımından yaxşı olar.Putin məqam axtarır ki,Azərbaycanı raket atəşinə tutsun,günahsız insanların qanını axıtsın.Rusiya haqqında deyilən heç bir fikir doğru deyil.Rusiya genetik düşmənimizdir,düşmən olaraq da qalır.
Kələntər-yan Putinin dilidir
ruslarin ne s özune nede sazisine etibar etmek olmaz
Salam! Lavrovun nazirliyinin bu murdar hərəkəti bizim ali məmurlarına bir daha izah etməlidir ki, biz imperialist, işğalçı Putinə inanmamalıyıq, dünyanın Rusiya hakimiyyətinə nifrətini ifadə etdiyi gündə onun böyründə-başında hərlənməməlliyik. Hanı bizim xarici siyasət konsepsiyası? Qəti görünmür. ...
Lənətlənmiş rusiya Şuşa bəyannaməsini həzm edə bilmədi. Göstərişli, reallıqdan uzaq bir "müttəfiqlik" bəyannaməsini bizə imzalatdırdı. Təbii ki, biz qardaş Türkiyəmizin imzaladığı Şuşa bəyannaməsini qəbul edirik. rusiyaya sonsuz nifrətimiz davam edəcək. lavrova təxribatların törədilməsini heç şübhəsiz ki, putin əmr edir. Allah zalımların belini qırsın.