Menu

Hər şey gözəl

01.11.2014, 00:10
Hər şey gözəl

Çiçəkləri, yarpaqları şehləndirən,

Sübhün bəyaz yeliylə

ruhumuzu mehləndirən,

İçində gecənin dərdini yaşıyan,

Gecə yükünü gündüzə daşıyan,

Bizi sabaha səslləndirən,

Şeh salıb təbiəti süsləndirən,

üzümüzə açılan səhərlər gözəl.

Qara hörükləri ay üzünü örtən,

Baş daşları kimi

qara-qara kölgəli üzünü

torpağa sürtən,

Gündüzdən can alıb

səhərlərə can verən,

Büsal həsrətilə çırpınan

aşiqlərə ilham verən,

sirli-sehrli gecələr gözəl.

Nuru, qaranlıqları yarıb gələn,

Atəşini, alovunu

qoynuna sarıb gələn,

Üzü buz bağlamış sulara

oyuq açan,

Doğduqca aləmə işıq saçan,

Aranını yaylağına çəkdirən,

Susanlara bulaqları içdirən.

gün üzlü gündüzlər gözəl.

Ay da gözəl, Gün də gözəl,

Günün, Ay həsrəti ilə

saralıb solması,

Ayın, Günə boylana qalması

gözəl.

İçində ay boğulan,

qış yatıb, yay doğulan,

Axdıqca durulan,

Torpaq adlı gözələ vurulan,

Üzünə küləklər sığal çəkən,

Dağlardan kaqrvanını çəkən,

lilli, durulu sular gözəl.

Bağrında min-min can yatan,

Suyu, günəşi, havanı

içinə qatan,

Bərəkətli nemətlər yetirən,

Palçığından Adəmi bitirən,

Məkkənin, Mədinənin

binasının çatıldığı,

Üstündə üç rəngli,

bayrağımın uçaldığı,

baş qoyduğum torpaq gözəl.

Hər şey, vallah, hər şey gözəl!

Lap əvvəli, Allah gözəl.

Gözlər, şirin-şirin sözlər gözəl,

Gözəli, gözəllikləri görən

gözlər gözəl,

Qədrini bilsən,

Allah yaradan hər şey gözəl!

Nurəddin İsmayıl

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol