Kobanidə döyüşlər yenidən şiddətlənib. Suriya İnsan Haqları Müşahidə Evi təşkilatı son 3 gündə Kobani və ətrafında davam edən döyüşlərdə 100-ə yaxın İŞİD üzvünün öldürüldüyü haqda məlumat yayıb. Ümumilikdə isə İŞİD-in Kobaniyə hücum etdiyi 16 sentyabrdan bu yana davam edən döyüşlərdə 576 döyüşçü itirdiyini yazıb.
Bundan başqa döyüşlərdə 361 kürd (YPG) döyüşçüsü və 21 nəfər mülki şəxs Kobanidə öldürülüb. Təşkilatın hazırladığı hesabatda son günlərdə Kobaniyə Hələb və Rəqqa şəhərindən İŞİD döyüşçülərinin gətirildiyi qeyd edilib. Yeri gəlmişkən, son günlər Kobanidə İŞİD snayperlərinin mövcud olması və hündür binalardan kürdləri atəşə tutması haqda xəbərlər yayılıb.
Oktyabrın sonunda Şimali İraqdan Türkiyə ərazisindən keçməklə Kobaniyə köməyə gələn peşmərgə qüvvələri şəhəri müdafiə edən kürdlərdə ruh yüksəkliyi yaradıb. Noyabrın 1-də Kobaniyə girən peşmərgə ağır silahlardan istifadə etməklə, İŞİD mövqelərini atəşə tutub. Kobani kantonu (vilayət) həmsədri Ənvər Müslim “Associated Press” xəbər agentliyinə açıqlamasında peşmərgənin gəlişinin kürdlərə ruh yüksəkliyi verdiyini deyib. Eyni zamanda koalisiya qüvvələri də Kobani və ətraf ərazilərdəki İŞİD mövqelərini bombalamaqda davam edir. ABŞ ordusu ötən həftəsonu Kobani ətrafında İŞİD-ə məxsus 4 bina və döyüş səngərlərinin vurulduğunu bəyan edib.

Son 3 ildə davam edən daxili müharibə səbəbindən nisbətən gizli keçirilən Məhərrəmlik mərasimləri bu ildən başlayaraq yenidən kütləvi şəkildə qeyd olunmağa başlayıb. Türkiyənin “On4-haber” kanalının məlumatına görə, ölkə əhalisinin 15 faizini təşkil edən şiə-ələvilər təhlükəsizlik təminatı olması səbəbindən Məhərrəm-Aşura mərasimlərini açıq şəkildə qeyd etməyə başlayıb. Paytaxt Dəməşqdə və şiələrin yaşadığı bölgələrdə əza məclisləri keçirilməyə başlayıb. Bundan başqa hökumət bu bölgələrdə təhlükəsizliyi təmin etmək üçün könüllü birliklərə silah paylayıb və yerli təhlükəsizliyin təmin olunmasında könüllülərin dəstəyindən yararlanmağa çalışır. (müsavat.com)


Şərhlər