RUSİYANI HAQLI ÇIXARMAQ İSTƏYƏN HAQSIZLAR – Və Azərbaycandakı “rusbaş” şəbəkənin niyyəti

Sosial şəbəkələrdə tez-tez Ukrayna tərəfinə əsir düşmüş rus əsgər və zabitlərin öz ailə üzvlərilə telefon danışıqlarına dair videolara rast gəlirik. Bu videoların böyük əksəriyyətində hərbçilərin valideynləri övladlarının əsir düşdüyünü eşidəndə, elə reaksiya verirlər ki, sanki heç bir ağır hadisə baş verməyib. 

Hələ əsgərlərin həyat yoldaşlarının reaksiyasını demirik. Sanki, məsələn, qonşunun su borusu partlayıb, yaxud kanalizasiyası daşıb və s. Yəni, bizim bildiyimiz, adət etdiyimiz insani reaksiyadan əsər-əlamət yoxdur...

Bu, bir tərəfdən rus cəmiyyətinin mənəvi keyfiyyətlərindən, oradakı ailə institutunun durumundan xəbər verirsə, digər tərəfdən də Rusiyadakı mühitin nə dərəcədə zombiləşdiyini, Kremlin xidmətindəki solovyovların, simonyanların əsirinə çevrildiyini göstərir.

Hazırda Rusiya cəmiyyəti yalan təbliğatlardan başını, müvazinətini itirmiş və keyləşmiş durumdadır. Bunun nəticəsidir ki, o, nəinki vicdan, ədalət, mənəviyyat, hətta adi məntiq sarıdan da yoxsul vəziyyətə düşüb. Məsələn, adamlar anlamaq istəmirlər ki, Kremlin Ukraynanı işğal üçün bəhanə gətirdiyi NATO Rusiyaya hər hansı hərbi zərbə endirmək istəsəydi, bunu elə indicə edərdi, çünki Rusiya öz işğalı ilə bunun üçün bütün legitim əsasları yaradıb və Ukraynanın da Şimal Alyansına yardım müraciəti var. NATO-nun doğrudan da Rusiyanı vurmaq istəyi olsaydı, bundan gözəl şans ola bilməzdi. Ancaq NATO özü də hər nə qədər idealdan uzaq keyfiyyətlərə malik olsa belə, bunu etmədi və etmir...

Təəssüf ki, artıq rus cəmiyyətinin böyük əksəriyyəti Puşkinin, Tolstoyun, Yeseninin yox, Dostoyevskinin əsərlərindəki miskin personajların nəvə-nəticələri, mənəvi varisləridir. Bunun nəticəsidir ki, rusiyalıların əksəriyyəti Ukraynada başlanan və bütün bəşəriyyət üçün təhlükə yaradan, ən əsası isə günahsız insanların, özü də ruslarla qan qohumluğu olan xalqın qətlinə, şəhərlərinin dağıdılmasına, dövlətçiliyinin məhvinə yönələn müharibəni, işğalı, hərbi avantüranı dəstəkləyirlər.

Sivil dünya süni intellektlə, alternativ enerji mənbələrilə, uçan avtomobillərlə, Marsda həyat qurmaqla və s. əlləşdiyi vaxtda, bunlar ötən əsrin 50-ci illərinə qayıtmaq, zorla SSRİ, yaxud Rusiya imperiyası yaratmaq və s. bu kimi çürümüş, iylənmiş “ideallar”la yaşayırlar...

Putin bir zamanlar Ukrayna hakimiyyətini qınayır, hətta təhqir edirdi ki, Gürcüstandan gələn Saakaşvilini Odessaya qubernator təyin edib və bununla da guya ukraynalıların milli kimliyini aşağılayıb. İndi isə görün özləri nə günə düşüblər ki, özünü hamıdan ağıllı və güclü sayan Rusiya dövləti, cəmiyyəti, ordusu, elitası siyasətdə və təbliğatda simonyanların, döyüş meydanında isə kadırovların ümidinə qalıb...

Bizim üçün təhlükəli olan odur ki, bu cərəyan Kremlin Azərbaycandakı məlum qulbeçələrini və “rusbaşlar”ı da hərəkətə keçirib. Bunların əlacı olsa, günü bu gün bizi də həmin simonyanların, kadırovların, zatulinlərin, solovyovların quyruğuna bağlayarlar. Azərbaycanda istənilən siyasətdən uzaq adama da bəllidir ki, Rusiyanın Ukraynanı işğal etməsi eyni zamanda Qafqazda daha da güclənməsi deməkdir, bu isə bizim də müstəqilliyimizə ciddi təhlükə və təhdiddir. Bu, Qarabağın qalan torpaqlarının da azad edilməsini, bütövlükdə dövlətçiliyimizin və müstəqilliyimizin əsaslı, davamlı şəkildə bərqərar və təmin olunmasını sual altına alan bir situasiya yarada bilər. Elə hazırda Qarabağda separatçıların fəallaşması və “sülhməramlılar”ın son davranışları da bundan xəbər verir.

Bu gün Ukraynada yaşananlar və Rusiyanın öz hədəflərinə çatması təkcə Ukrayna xalqının, dövlətçiliyinin yox, taleyinə Rusiya ilə qonşuluq yazılan və müstəqilliyini qorumaq istəyən, bundan da dolayı Moskvanın tələblərinə, şıltaqlıqlarına müqavimət göstərəcək, bir növ ona “gözün üstə qaşın var” deyə biləcək cəsarətə malik xalqların, dövlətlərin faciəsinə çevrilə bilər. Ancaq təbii ki, “rusbaşlar”da bunu anlayacaq baxış bucağı, düşüncə, zehniyyət və istək yoxdur.

Belələri hətta çəkinmədən öz sosial şəbəkə profillərində Putinin, Stalinin şəkillərini qoyurlar, Rusiya kanallarından, siyasətçilərindən, təbliğatçılarından sitatlar paylaşır, onları dəstəkləyirlər.

Yeri gəlmişkən, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko hələ uzun illər bundan öncə kifayət qədər mübahisələrə səbəb olan bir fikir söyləyərək demişdi ki, Rusiya rus dili bitən yerdə qurtarır. Yəni, Rusiya rus dili işlənən bütün əraziləri özününkü hesab edir və təəssüf ki, ən yeni tarixdəki davranışlarıyla da bunu sübut edir. Rusiyanın başında duranlar hər zaman qonşu xalqların səmimi olaraq elmə, mədəniyyətə, dünyaya açılan pəncərə kimi baxdığı rus dilini qonşu dövlətlərə qarşı əvvəlcə yumşaq güc, sonradan isə işğal üçün bəhanə, daha dəqiq desək, ölümcül silah kimi istifadə edir...

Bizdəki “rus sevdalıları”nın bir qismi bilərkdən, bir hissəsi isə bilmədən Rusiyanın Ukraynadakı əməllərinə haqq qazandırmaqla, həm də işğala, qətllərə, dağıntılara, eyni zamanda bunu təbliğ edən simonyanlara, babayanlara, solovyovlara, zatulinlərə və digər çoxsaylı Azərbaycan düşmənlərinə, eləcə də Xocalı qətliamına, 20 Yanvara, nəhayət, sülhməramlı adı ilə 30 ildən sonra yenə Qarabağa burnunu soxan şər qüvvəyə haqq qazandırırlar. Bu satqın zehniyyət Ukrayna çöllərindən öz əsgərlərinin meyitlərini belə yığmağa ərinən, bununla da öz vətəndaşına verdiyi qiymət göz önündə olan və ona ümid bağlayan “rusbaşlar”ın nə qədər axmaq olduğunu göstərən imperiyanın işğal planları ilə birləşərək, Azərbaycana 20-ci əsrin əvvəlindəki Cümhuriyyət qurucularının, ziyalıların, vətənpərvər və millətçi kəsimin köçünə bənzər köç yaşada bilər. Bu isə o deməkdir ki, belə düşüncə sahiblərini vətənə xəyanətdən cəmi bir addım ayırır...

Axı, vətənə xəyanət təkcə hərbi sirlərin, məxfi məlumatların düşmənə ötürülməsi, satqınlıq və s. deyil. Açıq şəkildə vətəninə, dövlətinə, onun müstəqilliyinə, azad seçiminə, tarixinə, milli kimliyinə, mədəniyyətinə, dəyərlərinə və s. qənim kəsilən bir imperiyanın təbliğatını aparmaq, onun qulluğunda durmaq, bütün şər əməllərinə dəstək ifadə etmək və bunu müxtəlif bəhanələrlə, həmçinin guya Azərbaycanın maraqlarını düşünməklə pərdələmək də xəyanətin bir növüdür! Beyinləri belələrinin təbliğatı ilə zəhərlənmə təhlükəsilə üz-üzə qalan və SSRİ adı gələndə “ağzı sulanan” vətəndaşlarımız isə Rusiyanın Ukraynada törətməkdə olduğu əməllərə, şəhərlərin bombalanmasına, “günahı” sadəcə azad yaşamaq istəyi olan Ukrayna xalqının başına gətirilən faciələrə, eləcə də bu gün başını itirmiş, bir neçə gündə müflisləşmiş, bankomatların, mağazaların qarşısında uzun növbələrdə duran, bütün azadlıqları əlindən alınan, bu gün-sabah ərzağı talonla almağa məhkum edilən, sabaha heç bir ümidi qalmayan, artıq qaçmağa ölkə axtaran rusiyalılara baxsalar, yetərlidir. Budur Rusiyanı idarə edən imperiya zehniyyətinin dünyaya, insanlara verə biləcəyi və verdiyi...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

lala metin 2022-03-19 17:22:38

Məşhur rus pedaqoqu Uşinski deyir " Ana dilində təhsil almayan bir cocuq boyuyəndə üzünə nə qədər vətənpərvərlik maskası taxsa da aid olduğu millətə deyil dilində təlim tərbiyə aldığı millətə xidmət edecəkdir.

Ali 2022-03-12 01:43:01

Hörmətli Cəlal bəy! Siz maraqlı məsələyə toxunursunuz, ancaq bəzi məqamlarda yanılırsınız. 1. “Rusbaşların” rus dilində təhsil almaq, danışmaq nəticəsində formalaşması “nəzrəiyyəsi” heç bir əsası olmayan irticaçı uydurmadır və bunun yanlışlışını gündəlik praktika da təsdiq edir. Yəni, insanın Vətənini nə dərəcədə sevməsi, sadiq olması onun hansı dildə təhsil almasından, danışmasından QƏTİYYƏN asılı deyil. Mən onlarla insan tanıyıram ki, təhsili rus dilində alıblar, rusca düşünürlər, evdə rusca danışırlar, ancaq Azərbaycanı dərindən sevirlər, vətənpərvədirlər. Eləcə də, yüzlərlə adam tanıyıram ki, təhsili Azərbaycancadır, evdə bu dildə danışır, ancaq vətənə düməndirlər, xalqa, millətə olmazın ziyan vururlar. 2. Dünyada elə bir ölkə yoxdur ki, vətəndaşları 100 faiz vətənpərvərlərdən ibarət olsun. Bir qismi vətən üçün canını verməyə hazırdır, bir qismi onu sadəcə sevmir, ancaq xəyanətkar deyil, başqa bir qismi isə keçi qiymətinə satar. Siz də, mən də qışqırırıq, fəryad edirik, “axı niyə belə olsun?”. Ancaq əbəs yerə. Biz də adi bir millətik, və dünya xalqlarına aid yuxarıda qeyd etdiyim xüsusiyyət bizdə də var. Ona görə də, təbliğat etsək də, bu reallığı nəzərə almaq lazımdır. Gəlin boş-boşuna vaxt itirməyək, xalqına açıq-aşikar konkret xəyanət edən, bütün ölkəyə, onun vətəndaşlarına pislik edən şəxslərlə mübarizə aparaq. Bu işdə sizə uğurlar arzulayıram.

Kamil Hamidov 2022-03-11 13:16:28

https://www.thedailybeast.com/how-tolstoy-can-save-putins-soul?ref=scroll&fbclid=IwAR3VRiDnqFrMqT-wNYU1dX0-PFrbnSemNHd66aBLoVn1G31fcak3F2ASu68

Kamil Hamidov 2022-03-11 13:15:52

Tolstoy Putinin ruhunu necə xilas edə bilər" Məqalə 2017-ci ildə yazılsa da içərisindəki məzmunun ruslar üçün əsrlərdir dəyişmədiyini görürük. Müəllif Dostoyevski tərzi ilə Tolstoy tərzini Putinin rakursundan açmağa cəhd edir. Belə olduqda bu günlərdə İtaliya universitetlərində Dostoyevski araşdırmaçılığının nə üçün qadağan edilməsinə aydınlıq gəlməyə başlayır. Ümumbəşəri ideyalar, hümanizm ərz edən, rusları ətrafındakı xalqlarla "barışığa" səsləyən Tolstoydan fərqli olaraq Dostoyevski rusların bütün dünya üçün xüsusi missiyasının olduğunu car çəkir: bütün xristian slavyanlar Rusiyaya birləşərək dünyaya xüsusi missiyalarını yeritməlidirlər. Düzü mən bir psixoloq və biblioterapiya ilə məşğul olan mütəxəssis kimi Dostoyevskini çox sevirəm. O, mənim üçün "danışanımın" daxili dünyasına enməyə imkan verən mükəmməl alətdir. Tolstoy ilə tanışlığım isə hələ 10 cu sinifdə 4 cildlik "Hərb və Sülh" ilə başlamışdı. O, mənə sosial həyatımda ilk nailəyyətimi qazandırmışdı

Kamil Hamidov 2022-03-11 13:15:12

https://www.facebook.com/photo/?fbid=3054137844834982&set=a.1713904218858358

Bəhi, dəxi belədir də? 2022-03-11 11:44:39

Vətəndaşlarımızı bərabər insanı hüquqlardan azdıracaq mülahizələr əvəzinə qəti hüquqi bəyanat və qərarlara çağırıram. Bizim bütöv siyasət otuz il cürət etməbiyimizi CƏNAB V.Zelenski onca gündə müdrikcə bəyan etdi. A Bütün xalqı VƏTƏNİ müdafiəyə çağırdı! B Vətənə iddialı hər vətəndaşın mülkünün təzminatsız müsadirəsinə sərəncam verdi! Biz isə 35 ildir gözləyirik ki, Kreml, ATƏT, BMT TŞ, Kreml sülhməramlıları bizi çağırıb deyəcəklər ki, gəlin evlərinizi-mülklərinizi alın?

Samir 2022-03-11 09:55:24

Hörmətli Cəlal müəllim düzgün analiz üçün sizə təşəkkür edirəm.

C əmil 2022-03-11 09:32:35

Konkret ? Ümumi sözlərin nə mənası ?

TT 2022-03-11 09:32:34

SLAVA UKRAINE!!!!

Veteran 2022-03-10 23:00:08

Sapı qırıq rus baltaları hazırlaşın,Baltanın o qırıq sapını ....

Səid 2022-03-10 22:20:31

"Çuşka" sözünü işlədənlər özləri manqurtdur. Sadəcə bir şeyi unutmayaq ki, biz özümüz ədəbi dilimizə biganəyik, son dövrlərə qədər, Misir Mərdanovlar, Ramiz Mehdiyevlər vs üst rəhbərliyimiz belə ləhcə ilə danışırdı. Biz isə susurduq. Bütün dövrlərdə isə rus dilini bilməyənlərə xor baxılıb Azərbaycanda. Hətta indi belə yaxşı bir iş elanında rus dilini bilmək məcburi şərtdir. Günah özümüzdədir. Öz dilimizi bilmirik, və dilini bildiyimiz millətə xidmət edirik!

Eli 2022-03-10 19:55:41

Bunlar “ Rusbaş” yox” Boşnaşlardır.Onlara ,bele şerefsizlere fikir vermek lazım deyil.

Şəhriyar 2022-03-10 19:06:36

Cəlal müəllim. Lap ürəyimizdən yazmısan. Çox təəsüf ki dediyiniz doğrudur.

Elmira 2022-03-10 14:02:25

Onların qadınları və dili. Qadınları ilə axmaq kişiləri aldadırlar. Dillərini də yeridirlər ki, "düşmən" onların dilində fikirləşib, öz təfəkkürünü onlarınkinə çevirsin

Rəşid Ağayev 2022-03-10 14:01:25

Hörmətli Cəlal müəllim düzgün analiz üçün təşəkkür edirəm.

t.ədalət 2022-03-10 13:15:30

Rus dilinə,Rusiyaya maraq,adətən,qeyri-normal kəbindən doğulanlardır.Çünki Rusiyada,artıq çoxdan ailə əxlaqı və nizamı da bitib.Sovet dövrü Azərbaycanda da ailə dəyərlərinə ciddi ziyan vurdu.İndi də həmin dövrün ünsürləri "qadına şiddət" şüarı altında əxlaqsızlığı təbliğ edirlər.Rusiyanın Ukraynadakı vəhşiliyi,terroru,körpələrə və qadınlara rəhimsizliyi,ancaq və ancaq normal olmayan ailələrdə doğulanlar üçün qəbul ediləndir.Onlara lənət olsun!

Roma 2022-03-10 13:12:43

Gürcü və ermənilərə nisbətən, dil məsələsində bizim qədər dilinə biganə, doğma dilimizdə danışanlara, xüsusilə rayon-kənd camaatına, özümüzün "intelligentləri" çuşka deyərək, lağa qoyurdular...Bu gün də Bakıda bir çoxları rus dilində danışır və bunu özləri üçün şərəf bilirlər...

Son yazılar