“PUTİN QALİB GƏLƏ BİLMƏZ, BİLMƏYƏCƏK” – “Bir müddət sonra Rusiya daxilində qarşısıalınmaz proseslər yaşanacaq”

Rusiyanın Ukraynanı işğal etmək cəhdi davam edir. 100 mindən çox rus əsgəri hazırda Ukraynanın BMT tərəfindən tanınan qanuni torpaqlarında bu ölkəyə qarşı müharibə aparır və ərazilərini işğal etməyə çalışır. Putin müharibənin dördüncü həftəsində yenə elan edir ki, Ukraynada “xüsusi əməliyyat” sona qədər davam edəcək. Kremlin siyasətini təbliğ edən Rusiya kanallarında isə açıq bildirilir ki, Rusiya Ukrayna ilə kifayətlənməməli, irəli getməlidir.

“AzPolitika.info” bu mövzunu AMİP lideri Etibar Məmmədovla müzakirə edib

Müsahibəni təqdim edirik:

- Etibar bəy, artıq dördüncü həftədir ki, Putin Rusiyası Ukraynanı işğal etmək məqsədilə dəhşətli müharibə aparır. Bu savaşda Putinin məqsəd və imkanlarını necə qiymətləndirirsiniz?

- Ondan başlayaq ki, bu, açıq-aşkar bir ölkənin başqa bir ölkənin ərazi bütövlüyünə, suverenliyinə və mövcudluğuna qarşı təcavüzüdür. Rusiya Ukraynanı işğal edərək, özünə tabe etdirmək istəyir. Bunun üçün də müharibəyə əl atıb. O, heç bir qanuni əsas və səbəb olmadan başqa ölkənin ərazisinə öz qoşunlarını yeritməklə, orada hakimiyyəti dəyişib, özünə uyğun hakimiyyət qurmaq və Ukrayna torpaqlarının bir hissəsini öz ərazisinə qatmaq niyyəti güdür. Bunun başqa adı yoxdur.

- Putinin əsas məqsədi budurmu?

- Təkcə bu deyil. Əslində, Putin vaxtilə Adolf Hitlerin apardığı siyasəti XXI əsrdə davam etdirir. O dövrdə Hitler qarşısına məqsəd qoymuşdu ki, “yəhudi məsələsi”ni həll etsin. Putin də “Ukrayna məsələsi”ni həll etmək istəyir. Yəni Ukraynanı dövlət kimi məhv etmək istəyir. Ümumiyyətlə, Ukrayna xalqını da tanımadığını bildirir, deyir ki, belə bir millət mövcud deyil. Hətta iddia edir ki, oradakıların bir hissəsi faşistlər, nasistlərdir ki, onlar da rusları və rusdilliləri incidirlər. Rusiyanın bu davranışları əslində özünün açıq-aşkar faşist siyasətindən doğur.

- Öncədən Ukrayna ətrafında gərginlik mövcud idi, diplomatik təmaslar müşahidə olunurdu, Qərb Rusiyaya xəbərdarlıq edirdi ki, Ukraynaya hücum etməsin və s. Siz müharibə baş verəcəyini gözləyirdinizmi?

- Yox, əslində Qərb imkan verdiyi üçün bu müharibə başladı. Bu da ABŞ başda olmaqla, Qərbin siyasi zəifliyinin və qorxaqlığının nəticəsidir. Necə ki, XX əsrin 30-cu illərində Adolf Hitlerin qarşısından qaçdılar və bunun nəticəsində II Dünya Müharibəsi baş verdi, indi də Putinin qarşısından qaçmaq III Dünya Müharibəsinə gətirib çıxara bilər. Putin vaxtında yerində oturdulmalı, onun hərbi hərəkətlənməsinin qarşısını almaq üçün region dövlətləri gücləndirilməli idi. O cümlədən də Ukrayna elə gücləndirilməli idi ki, Rusiya ora hərbi qüvvə yeridə bilməsin. Dərhal da Rusiya cəzalandırılmalı idi ki, bir daha belə üsullara əl ata bilməsin.

- Qərb analitikləri qeyd edirlər ki, Putini dayandırmaq üçün onların əlində hər hansı bir imkan və mexanizm yoxdur, mümkün olan tədbirlər də görülüb...

- Mən belə yanaşmalarla razı deyiləm. Təcavüzkarı hər zaman cəzalandırmaq mümkündür. Putin dünyanı əsasən nüvə silahı ilə şantaj edir, bildirir ki, bu silaha əl ata bilər. Əgər ABŞ və NATO nüvə silahına görə Rusiya ilə birbaşa toqquşmada iştirak etmək istəmirsə, Ukrayna elə gücləndirilməli idi ki, müqavimət göstərə bilsin. Zamanında Ukraynaya lazım olan silahlar verilməli, maddi yardımlar olmalı idi. Ancaq vaxtında bunu etməyiblər. Nəticəsi də bu gün göz qabağındadır.

- Sizcə, doğrudanmı Putin maksimum bir həftə ərzində Ukraynanı götürəcəyini düşünürdü və belə bir müqavimətlə üzləşəcəyini zənn etmirdi?

- Çoxları belə bir müqavimətin ola biləcəyini gözləmirdi. Fikrimcə, Putin başda olmaqla Rusiya idarəçiləri üçün də bu, gözlənilməz vəziyyətdir. Onlara verilən məlumat belə olub ki, 2014-cü ildə Krımın işğalı zamanı baş verənlər yenidən təkrar olunacaq. Yəni rus ordusunu Ukraynada gül-çiçəklə qarşılayacaqlar. Prezident Zelenski başda olmaqla Ukrayna hökuməti də üç-dörd gündən sonra qaçıb ölkədən gedəcək. Ancaq bu hadisələr göstərir ki, çoxları hesablamalarında səhv ediblər. Burada bir millətin formalaşması prosesi gedir. Əslində, Putin Ukraynaya hücum etməklə Ukrayna millətinin formalaşması prosesini sürətləndirdi, onların birləşməsini tezləşdirdi. Ukrayna sadəcə ərazi məvhumu deyil, həm də milli məvhuma çevrildi. Nəticə Rusiyanın özü üçün pis olacaq. İndi Ukraynada ortaya qoyulan müqavimət onu deməyə əsas verir ki, bir müddətdən sonra bu müqavimətin təsiri ilə Rusiya daxilində qarşısıalınmaz proseslər yaşanacaq.

- İndi çoxları Ukraynada baş verənləri 1990-cı ilin 20 yanvarında Bakıda törədilən qırğınla müqayisə edir və deyirlər ki, millətin formalaşması üçün qandan keçməsi vacibdir...

- Bəli, oxşar hadisədir, amma miqyası çox böyükdür. Hazırda baş verənlər göstərir ki, rus əsgərlərinin heç bir motivasiyası yoxdur. Onların böyük əksəriyyəti heç bilmir ki, Ukrayna ərazilərinə niyə göndəriliblər, nə üçün vuruşurlar, məqsədləri nədir. Onlardan fərqli olaraq Ukrayna əsgəri öz vətəni, dövləti və milləti üçün vuruşduğunu çox yaxşı bilir. Yəni Ukrayna ordusunun motivasiyası, əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bax, buna görə də onların müqavimət gücü günü-gündən artır. Ukrayna əsgərləri dəqiq bilirlər ki, nə üçün və kim üçün müharibə aparırlar.

- Nəticə necə olacaq, proqnozunuz varmı?

- Nəticə bir-iki günə olası deyil. Bu, uzanan prosesə çevriləcək. Rusiya birdən-birə öz məğlubiyyətini qəbul etməyəcək. Rusların xarakteri elədir ki, döyüşlərdə üstünlük qazana bilməyəndə xalqı cəzalandırırlar. Məhz bu səbəbdəndir ki, indi onlar dinc əhaliyə qarşı qırğın törədir, müharibə cinayətlərinə əl atırlar. Qənaətimcə, bu proses uzanacaq, ancaq Rusiya o zaman məğlubiyyətini qəbul edəcək ki, daxilində narazılıq güclənsin və Rusiyada olan xalqlar da bu narazılıqlarını aktiv şəkildə ifadə etsinlər.

- Putin Ukraynada qalib gəlsə, bunun postsovet məkanına təsirləri hansı formada olacaq?

- Yox, Putin qalib gələ bilməz və bilməyəcək də. Qalib gələ bilməməsi Rusiyanın nüfuzuna ciddi təsir edəcək. Bu hal ətraf dövlətlərin canından Rusiya qorxusunu çıxaracaq və bu ölkələrin güclü inkişafına təkan verəcək.

- Siz də hesab edirsiniz ki, bu savaş dünya müharibəsinə gətirib çıxara bilər?

- Mən hesab edirəm ki, dünya müharibəsi riski var. Ehtimal belədir ki, Putinin qarşısı öz dövləti və hökuməti tərəfindən alınmasa, bu adam istənilən cinayətə əl ata bilər. Çünki deyilənlərdən belə anlaşılır ki, onun psixi pozğunluğu da var. Qısası, onu kimsə sakitləşdirməlidir. Bu da yalnız daxildən kimsə ola bilər.

- Oliqarxlar?

- Oliqarxlar da böyük qüvvədir və Putinə təsir edə bilərlər. Hər halda, ehtimalım odur ki, müharibə uzanacaq.

- Deməli, Qərb də məcbur olub Ukraynaya silah-sursat verməkdə davam edəcək?

- Qərb dəstək verir, amma bunu kifayət qədər və lazımı səviyyədə etməyib. Qərb indi-indi bunu genişləndirmək qərarına gəlib. Ötən gün elan etdilər ki, Ukraynaya hansı silahları verəcəklər. İndi Rusiyanın qarşısında duran Ukraynaya əsasən hava hücumundan müdafiə sistemləri lazımdır. Hesab edirəm ki, Ukraynaya veriləcək bu tip silahlar Rusiyanın hava üstünlüyünün qarşısını müəyyən qədər ala biləcək.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Fərq 2022-03-21 22:46:55

Su və xəlvir.

Oxucu. 2022-03-20 14:51:54

Az.Politka niyə mənim şərhimi vermirsiz,mən demək istəyirəm,Etibarın fikri özünə gedib.

Eli 2022-03-19 21:30:00

Etibar bey köhne kişilerdendir ancaq son sozü demeye deyesen bir balaca “cesareti” çatmır.

Son yazılar