Abşeron rayonu, Hökməli qəsəbəsi Nübar, Atyalı yaşayış massivinin Zərifə Əliyeva küçəsinin sakinləri trəfindən "AzPolitika.info"ya şikayət məktubu göndərilib. Məktubda sakinlər bir sıra sosial problemlərdən şikayət edirlər. Belə ki, məktubda bildirilir:
"Hörmətli redaksiya! Yazaraq Sizə bildiririk ki, biz-görkəmli oftalmoloqumuzun adını daşıyan Zərifə Əliyeva küçəsinin sakinləri dövrün adi zərurətinə çevrilmiş normal yoldan, elektrik enerjisindən və zibil daşınmasından məhrumuq. Belə ki, ərazidə ilin müxtəlif fəsillərində xüsusilə də payız-qış aylarında işıqlar mütəmadi olaraq sönür, qəsəbədaxili yollarda palçıq dizə çıxır.
Əgər görkəmli oftalmoloqumuzun adını daşıyan küçə bu vəziyyətdədirsə onda başqa ərazilərə nə deyək? Biz aidiyyəti orqanlara rayon icra hakimiyyətinə, Hökməli bələdiyyəsinə mütəmadi müraciət də etmişik, amma nəticə yoxdur – yola, küçələrə adi çınqıl belə yaymaq istəmirlər.
Bir neçə aydan sonra qış fəsli gəlir və bu dövrdə yaşayış evlərində elektrik enerjisinin normal verilməsi nə qədər vacibdir, bu yəqin ki aydındır. Təsəvvür edirsiniz, bir balaca yağış yağan kimi palçıq dizə çıxır, işıqlar saatlarla günlərlə sönür, 21-ci əsrdə bu Azərbaycan dövləti üçün, paytaxtın 3 km-liyi üçün nə qədər paradoksaldır?
Biz Zərifə Əliyeva küçəsinin sakinləri, aşağıda imza edən şəxslər Sizdən artıq dərəcədə xahiş edirik ki, yuxarıda qeyd olunanları nəzərə alasınız və məsələni nəzarətə götürəsiniz ki, aidiyyəti orqanlar məsuliyyət hiss eləsinlər küçələrimizə heç olmasa adi çınqıl versinlər ki, dizə çıxmış palçıqdan xilas olaq. Ərazidən çəkilmiş fotoşəkilləri əyani sübut kimi sizə göndəririk. Məsələni ictimailəşdirəcəyinizə ümid edirik".




Şərhlər