“PUTİN TAM İFLASA UĞRAYIB, ƏTRAFINI İTİRMƏYƏ BAŞLAYIB, İMPERİYA İDEYALARI...” – “Rusiyanın parçalanması ehtimalı böyükdür, amma...”

 Qabil Hüseynli: "Proses bir qədər də davam etsə Rusiyada dövlətçiliyin itirilməsinə səbəb olacaq hallar ortaya çıxa bilər"

“Ukrayna xalqının əyilməz ruhu SSRİ-ni bərpa etmək istəyən bir ovuc avantüristin ideyasını puç etdi”

"Putini devirmək, ondan xilas olmaq, onun əvəzinə hansısa siyasi fiquru hakimiyyətə gətirərək Qərblə danışıqlara getmək və Rusiyaya qarşı sanksiyaları tədricən yüngülləşdirmək fikrində olanlar az deyil"

Artıq bir aydır ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsi davam edir. Kreml bu müddət ərzində Ukraynada planlaşdırdığının onda birini belə əldə edə bilməyib, əvəzində ciddi müqavimət və qlobal sanksiyalarla üz-üzə qalıb. Bu gerçəklik isə Ukraynadakı müharibənin uzunmüddətli olacağı haqda proqnozları xeyli artırıb.

“AzPolitika.info” Ukrayna mövzusunu politoloq Qabil Hüseynli ilə müzakirə edib:

- Qabil bəy, Rusiya-Ukrayna müharibəsinin bir ayı tamam oldu. Bugünkü nəticələrə əsasən tərəflərin durumu və imkanlarına dair qiymətləndirməniz nədən ibarətdir?

- Rusiyanın “blits-kriq” planı tamamilə alt-üst oldu. Moskvanın qısa müddətdə Kiyevdə atəşfəşanlıq keçirmək, Lvova qədər Ukraynanı istila etmək kimi xam xəyalları suya düşdü. Üstəlik, qəhrəman Ukrayna xalqının milli həmrəylik nümayiş etdirərək düşmənə qarşı vəhdət halına gəlməsi nəticəsində qısa müddətdə rus ordusunun hücumu dayandırıldı. Bu gün rus ordusu demək olar ki, bütün istiqamətlərdə dayandırılıb. Hətta Ukrayna Ordusu bəzi istiqamətlərdə, ələlxüsus Kiyev Vilayətində əks-hücuma keçib. Rus ordusu həm canlı qüvvə, həm də texnika sarıdan misli görünməmiş itkilər verib və verməkdədir. Rusiya dünyanın bütün vicdanlı insanları tərəfindən təzyiqlə üzləşib, ölkənin iqtisadi vəziyyəti çox ağırdır. Məsələn, “Uralvaqonzavod” Rusiyada T-70 tanklarını istehsal edir. Bəzən elə gün olurdu ki, bu zavod 5-10 tank istehsal edirdi. Amma son 15 gündə bu nəhəng zavodun sexlərində heç bir dənə də tank istehsal olunmayıb. Eyni sözləri piyadaların döyüş maşınları haqqında da demək mümkündür. Həmçinin, mərmi və adi avtomat güllələrinin istehsalında azalma özünü göstərir. Bu isə o deməkdir ki, rus ordusunu təchiz edəcək arxa cəbhə lazımi imkanlara malik deyil. Arxa cəbhə ilə ön cəbhə arasında sinxron əlaqələr pozulub.

Həmçinin, rus ordusunda mənəvi-psixoloji ruh düşgünlüyü mövcuddur, əsgərlər bir çox hallarda döyüşdən imtina edirlər. Yəni “dünyanın ikinci ordusu”, “ən döyüşkən ordu” və s. miflər sürətlə dağıldı. Elə Putinin özü haqqında olan miflər də darmadağın olub. Bu gün faktiki olaraq, Putin öz ətrafını itirməyə başlayıb. Kremlin müəyyən izahatlar verməsinə baxmayaraq, Müdafiə naziri Şoyqu faktiki olaraq ortalıqda yoxdur. Eləcə də Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun harada olduğu məlum deyil. Anatoli Çubays isə istefa verərək İstanbula gedib.

Qənaətimcə, bir aydır müşahidə etdiyimiz müharibədə artıq əsaslı dönüş başlayıb. Bu, Ukrayna Ordusunun rus ordusu üzərində üstünlüyünü təsbit edən və bu üstünlüyü gələcəkdə qələbəyə aparan prosesdir. Bunu rus ordusunun taqətdən salınması və tədricən ölkədən qovulub çıxarılmasının başlanğıcı kimi də qiymətləndirmək olar.

- Yəni düşünürsünüz ki, Rusiya siyasi elitasında hansısa narazılığı ehtiva edən qapalı proseslər getməyə başlayıb? Belə iddialar da var ki, siyasi elitanın Putinin ətrafında sıx birliyi mövcuddur?

- Rusiya siyasi dairələrində ciddi proseslər müşahidə edilir. Oliqarxlar arasında, ölkənin hərbi sənaye kompleksində, Müdafiə Nazirliyi sistemində ciddi proseslər var. Artıq ordudakı real vəziyyəti, itkiləri, döyüş əməliyyatlarının pozulmasını, uğursuzluqları, konkret şəxslərin günahlarını və digər həqiqətləri gizlətmək mümkün deyil. Getdikcə bütün bunlar açıq şəkildə deyilməyə başlayır.

Hətta Putinin nüvə silahına əl atacağına dair fikirlər də tədricən gülüş obyektinə çevrilir. Niyə? Çünki nüvə silahının tətbiq edilməsi üçün düyməni basacaq şəxslərdən bəziləri idarəetmə proseslərindən imtina ediblər. Göstəriblər ki, özlərinin, övladlarının, nəvələrinin, bütünlükdə dünyanın nüvə müharibəsinə qurban getməsini istəmirlər. Bunu Putinin dünyanı nüvə silahı ilə şantaj etmək siyasətinin “fatihəsi” də saymaq olar. Buna paralel olaraq Rusiyanı tərk edənlər də çoxdur. Kimlərsə deyə bilər ki, Anatoli Çubays və digər populyar mütəxəssislər batmaqda olan gəmini tərk edirlər. Bu fikirdə məntiq var. Amma bu, daha çox Rusiyanı tərk edən belə şəxslərin Putinin adioz fikirlərinə meydan oxumasıdır. Qaçanların içərisində hipersəsli raketdən istifadə edilməsi kimi axmaq hərəkəti pisləyənlər var. Bu da təsadüfi deyil.

Həmçinin, Putin vaxtının çox hissəsini bunkerdə keçirsə də, Şoyqu və ya Narışkin öz kabinetlərində əyləşib yüzlərlə arayışları təhlil edəndə görürlər ki, ordu Ukraynada ağır məğlubiyyətə uğrayıb. Bunun da yerini heç nə ilə doldurmaq və ya kompensasiya etmək mümkün olmayacaq. Bu proses bir qədər də davam etsə Rusiyada dövlətçiliyin itirilməsinə səbəb olacaq hallar ortaya çıxa bilər. Bu baxımdan da ayağı yer tutan Rusiyadan qaçır, qaça bilməyənlər də proseslərin sonrakı gedişatını gözləyirlər. Fikrimcə, bu siyasi elitanın içərisində Putini devirmək, ondan xilas olmaq, onun əvəzinə hansısa siyasi fiquru hakimiyyətə gətirərək Qərblə danışıqlara getmək və Rusiyaya qarşı sanksiyaları tədricən yüngülləşdirmək fikrində olanlar az deyil. Belələri dövlət təcrübəsinə malikdirlər və bütün dünya ilə müharibə vəziyyətində yaşamağın mümkünsüz olduğuna əmindirlər.

- Dmitri Medvedev Qərbi təhdid edərək bildirir ki, həmin ölkələr Rusiyada sistemli siyasi və iqtisadi böhrana nail olaraq, bu böyük ölkəni parçalaya bilsələr, zəif hakimiyyət fonunda nüvə silahlarının kimlərin əlinə keçməsini, bundan necə istifadə olunacağını da təsəvvür etməlidirlər...

- Rusiyada mərkəzdənqaçma meylləri hər zaman güclü olub, indi də bu var. Məsələn, son bir neçə ay ərzində Tatar xalqına edilən zülmlər ciddi narazılıqlar yaradıb. Bu xalqın yenidənqurmadan sonra əldə etdiyi nailiyyətlərin, o cümlədən Tatarıstan Prezidentin ümumxalq səsverməsi ilə seçilməsi, xaricdə ticarət nümayəndəliklərinin olması və s. bu kimi məsələlərin üzərindən xətt çəkilməsi, yəni müstəqillik işartılarının məhv edilməsi ümumilikdə Tatar xalqının heysiyyətini zədələyib. Eyni proseslərə Başqırd, Çuvaş və digər xalqlar da məruz qalıb. Ən ağır və çətin proseslər türkdilli xalqların qurduğu muxtar vilayətlərdə özünü göstərir. Yerli əhali də bunu rasizm, ayrıseçkilik kimi qiymətləndirir.

Həmçinin, rus xalqının guya digər xalqlardan daha üstün, daha intellektual və bacarıqlı olması kimi səfeh fikirləri azsaylı xalqlar qəbul etmək istəmir. Ölkədə irqi ayrıseçkilik, digər xalqların zorla assimilyasiyaya məcbur edilməsi, eləcə də rus dövlətinin yaranıb formalaşmasında misilsiz xidmətləri olan Tatar xalqına qarşı ayrıseçkilik siyasəti yürüdülür. Hər şeyi sərt mərkəzləşdirilmiş avtoritar idarəçilik metodu ilə əvəz etməyə çalışırlar.

Açığı, bu baş verənlər onu deməyə əsas yaradır ki, Rusiyanın parçalanması ehtimalı böyükdür. Amma problem ondadır ki, ABŞ başda olmaqla dünya Rusiyadakı parçalanma meyllərini açıq şəkildə müdafiə etmir. Çünki Rusiya böyük ərazidə yerləşir, burada 250-dən çox millət və xalqın nümayəndəsi var, bunların hamısı eyni zamanda müstəqillik paradına qoşulsa, bu, nəhəng bir ərazidə böyük xaosa, hətta dünyaya təsir edəcək kataklizmlərə səbəb olar. Mən arzu edərdim ki, Tatar xalqı, Başqırd xalqı, Altaylar, Tuva öz müstəqilliyini əldə etsin. Amma indidən belə görünür ki, Rusiyanın tam dağılmasına imkan verilməyəcək.

- Bəs, Sizcə Putinin siyasi perspektivi necə görünür?

- Zənnimcə, Putin tamamilə iflasa uğramış fiqurdur. Putinin indiyə qədər qüdrətli dövlət qurduğu, bu dövlətin hərbi-sənaye kompleksinin durmadan inkişaf etdiyi söylənirdi. Həmçinin, Ukraynaya yuxarıdan aşağı baxmaqla Putinin bu “problem”i qısa müddətdə həll edəcəyinin mesajı verilirdi. Lakin Ukraynadakı müharibə fonunda Putinin qurduğu dövlətin paxırlarını açıb üzə çıxaran ciddi faktlar var. 

Sən demə, güclü ordu yoxdur, ordunun idarə edilməsi Allahın ümidinə buraxılıbmış, rus silahı - tanklar, zirehli texnika, atıcı silahlar yüksək qabiliyyətə malik deyilmiş. Ukrayna Ordusunun müqaviməti həm də rus ordusunun mənəvi düşkünlüyündən, döyüş ruhunun olmamasından doğur. Üstəlik də Putinin ətrafındakı adamların dəbdəbəli həyat sürməsi, ölkədə neft-qaz ehtiyatlarını amansızcasına talan etməsi məsələsi var. Bu saat Putinin 250 milyard dollarlıq vəsaiti axtarılır, bunun İngiltərədə olmasına dair məlumatlar səsləndirilir. Beləliklə, korrupsiya və rüşvətxorluqla paralel olaraq dövlətin maraqları üçün heç bir ciddi iş göməyən hakimiyyət xalqın yaddaşında xoş olmayan izlər buraxıb. Məncə, məqam yetişəndə xalq buna öz münasibətini bildirəcək.

- Bütün bu baş verənlərin fonunda Kremlin SSRİ-nin kiçik formatında olsa belə, imperiya qura bilməsi ehtimalı varmı?

- Yox. Məlum oldu ki, SRRİ haqqında Putin tərəfindən söylənilən yanğılı ifadələr, eləcə də SSRİ-nin dağılmasında kimlərinsə günahlandırılması boş şeylərdir. Üstəlik də Putinin özü SSRİ-nin yenidən bərpasının mümkün olmadığını deyə-deyə Ukraynadan başlayaraq SSRİ-nin köhnə ərazilərinin indiki Rusiya tərkibində bərpasını nəzərdə tuturdu. Amma qəhrəman ukraynalılar həm özlərini xilas etdilər, həm də keçmiş SSRİ-yə daxil olan xalqları xilas etmiş oldular. Başqa sözlə, Putinin imperiya ideyaları Ukraynada puç oldu. Əgər Ukraynada bu sərsəm ideyalarını həyata keçirsəydi, Baltikyanı respublikalar, Gürcüstan, Orta Asiya respublikaları artıq olmayacaqdı. Lakin böyük Ukrayna xalqının əyilməz ruhu SSRİ-ni bərpa etmək istəyən bir ovuc avantüristin ideyalarını puç etdi.

Rasim Əliyev

“AzPolitika.info” 

635x100

Şərhlər

Eli 2022-03-26 14:09:45

Rusiya ABŞ ve Qerbe “ Diri ve Bütöv” lazımdır,yeni parçalanmamış torpaqlar,helelik dağıdılmamış müessiseler.Rusiyanın torpağının altı ve üstü ele keçirilenden yeni ABŞ ve Qerbi qane eden seviyyede hell olunandan sonra “Demokratiya ve İnsan Haqqları “ mese” meselesine -Rusiyanın parçalanması prosesine start verilecek ki,gğclü dövlet fikri şıvinşst rusları gelecekde qudurmslarına imkan verilmesin.

rasim quliyev 2022-03-26 11:15:14

Rus sovenizmine ve imperalizmine olum

Son yazılar