ELMİMİZ MÜBARƏK!

Etibar Əliyev, millət vəkili

27 mart Azərbaycanda Elm günü qeyd olunur. Universitetdə oxuduğumuz dövrdə - ötən əsrin 80-ci illərinin əvvəlində Təbiət fakültələrinin korpusu Humanitar fakültələrin korpusundan ayrı idi. Bizə dərs deyən tanınmış fizik və riyaziyyatçılarla yanaşı, filologiya, jurnalistika və tarix fakültələrində də sanballı alimlər tanıyırdıq. Onları eyniləşdirən xarizmaları idi. 

Fizik və riyaziyyatçılar arasında poeziyaya və prozaya dərindən bələd olanlar az deyildi. Ancaq filoloqlar kvant mexanikasından danışa bilməzdilər. Elmin populyarlaşdırılması işi çox zəif olduğundan onlar arasında uçurum aydın görünürdü. 

Bəs, bu proses Qərbdə necə cərəyan edirdi?

Sualın cavabını böyük ingilis fiziki və yazıçısı Çarlz Persi Snounun 1959-cu ildə yazdığı "İki mədəniyyət və elmi inqilab" əsərində tapa bilərik: "Mənə elə gəlir ki, Qərb ziyalılarının mənəvi dünyası bir-birinə əks iki hissədə qütbləşib. Mənəvi dünya dedikdə mən bura həm də bizim praktiki fəaliyyətimizi aid edirəm. İndi bir-birinə əks olan qütblər barədə: bir qütbdə özlərini ziyalı adlandıran, sadəcə ədəbi ziyalılar dururdu və belə çıxırdı ki, başqa ziyalılar mövcud deyil. Bir dəfə 30-cu illərdə Xardi təəccüblə demişdi: "Siz gördünüzmü, indi "ziyalı adamlar" sözünü necə işlədirlər? Onun mənası elə dəyişib ki, Rezerford, Eddinqton, Dirak, Edrian və mən artıq bu yeni təyinata aid edilmirik. Bu mənə çox təəccüblü gəlir, bəs, sizə necə? Beləliklə, qütbün birində ədəbi ziyalılar, o birində isə əsas təmsilçiləri fiziklər olan alimlər dayanırlar. Onları bir-birindən anlaşılmazlıq divarı ayırır, gənclər arasında isə düşmənçilik və nifrət kök salıb. Onlar hansısa bir məsələyə elə fərqli yanaşırlar ki, hətta emosional planda belə ümumi dil tapa bilmirlər".

Qeyd edim ki, Snounun bu əsəri Qərbdə indi də bestsellerdir.

Bu amil bizdə indi daha dərin kök atıb. Mədəniyyətdə də özünü göstərir. Alimlər elmimizin düşdüyü vəziyyətdən danışırlar, ancaq çıxış yollarını göstərə bilmirlər. Deyirlər elmi mühit yoxdur, texnologiyalar ötən əsrdən qalıb, elmin başında qocalar durur və s. Elmdəki geriləmələrə 10-15 il sonra qiymət vermək doğru deyil. Elm "mürgüləmir." Bir balaca maraqlansaq paradiqmaların necə sürətlə dəyişdiyini görərik. Bunları seyr etmiriksə, elmi tədqiqatları və tədrisi çağımızın tələblərlərinə cavab verən səviyyədə qura bilmərik. Şagirdləri fənn olimpiadalarına hazırlayan müəllimlərimizin sayı çox azdır. Gileyçi fizik və riyaziyyatçılar bu işin öhdəsindən gələ bilərlərmi?

Bir az uzağa gedib 2006-cı ildə riyaziyyatdan məşhur Filds mükafatı laureatı Andrey Okunkovun və Elm tarixçisi Con Xorqanın fikirlərini təqdim edirəm: Okunkov yazır:"Böyük Riyaziyyatın bir elm kimi məqsədi -bütün düşündürücü məsələlərdə "hə" və "yox" cavabını bilmək deyil, bizim dünyanı dərk etməkdir. Fərz edək ki, hansısa bir yad planetli gəlib deyir: "Bəli Riman hipotesi dəqiqdir, və bu da onun isbatı. Siz bunu öz maşınınızda yoxlaya bilərsiniz. Biz bundan nə öyrənə bildik? Heç nə. Ona görə ki, isbat -riyaziyyatın məqsədi deyl. İsbat-bizim dərkimizin (anlamağımızın) ölçüsüdür. Mən hiss edirəm ki, ilbəil tələbələrimin sayı çoxalır. Və başa düşürəm ki, gənclər güclü, çevik və dərin biliklərə malikdirlər. Arzum budur ki, mənim tələbələrim Riman hipotezini isbat edən yadellilərə çevrilməsinlər."

Okunkov hazırda riyaziyyatın gerçək tədrisini və tədqiqatını təsvir edib.

Elm tarixçisi Con Xorqan "Elmin sonu" kitabında yazır:"Elmdə əsas fundamental xarakterli kəşflər edilib. Elm artıq belə desək "ironik elm" stadiyasına qədəm qoyub." 

Xorqan haqlıdır. Bunun üçün uzağa getmək lazım deyil. Elmin bir sıra sahələri o qədər spekulyativ xarakter daşıyır ki, mövzuların emprik reallığa uyğunluğunu yoxlamaq mümkün olmur. Təsəvvür edin, “ironik elm”dən əvvəl alimlər primitiv laboratoriyalarda zərdabı, Rentgen şüalarını, insulini, qan qruplarını, atomun quruluşunu, DNT-nin strukturunu kəşf ediblər.

İndi elmlə heç bir əlaqəsi olmayan minlərlə insan elmlər doktoru və fəlsəfə doktoru diplomuna sahibdirlər. Spekulyativlik tərəfdarı olan elmi rəhbərlər "yetişdirdikləri" alimlərin kəmiyyəti ilə öyünürlər. İronik elmi şərtləndirən səbəblərdən biri də elmi müəssisələrin dəyəri, elmə xərclənən vəsait və alimlərin əməkdə olamamalıdır. 

Bu “əmək ” ifadəsini Nobel mükafatı laureatı Əziz Sancar işlətdi. Böyük alimdən onunla birgə Nobel mükafatı almış Modriçlə, Lindalı soruşdum. Cavabı çox maraqlı oldu: “Onlar həyatdadırlar, lakin əməkdə deyillər.” 

Bəli elm zehni əməkdir. Yeri gəlmişkən, Elm günü münasibətilə Kimya fənni üzrə Respublika və Beynəlxalq olimpiadaların qalibi Salman Hüseynovu Massaçusets Texnologiya İnstitutuna qəbul olunması münasibətilə təbrik edirəm. Əsas işlərimizdən biri də Salman kimi istedadları üzə çıxarmağımız olmaldır.

Elm günümüz mübarək. Kitab köməyimiz olsun!

P.S. Ölkədə fəlsəfənin tədrisi ləğv olunursa elmdən danışmaq yersizdir. Bütün elmlərin fəlsəfəsinin mövcud olduğunu unutduq! Hətta "baytarlıq üzrə də fəlsəfə doktoru" elmi dərəcəsi verilir.

635x100

Şərhlər

Culfa 2022-03-29 00:05:27

Çox darıxdırıcı dövr gəldi... Ramiz Mehdiyevdən heç yazan yoxdur...

Son yazılar