“Pew Research Center” şirkətinin ABŞ-da keçirdiyi sorğu maraqlı nəticələr üzə çıxarıb.
“AzPolitika.info” xəbər verir ki, xarici KİV-lərdə dərc olunan nəticələrə görə, sorğuda iştirak edən amerikalıların 72 faizi beynəlxalq siyasət məsələlərində Ukrayna Prezidenti Volodimir Zelenskiyə tam etibar edirlər. Universitet təhsili olan amerikalıların Zelenskiyə inamı isə hətta 82 faizdir.
Maraqlıdır ki, amerikalıların Prezident Co Baydenə inamı daha azdır – 48 faiz. O da qeyd olunur ki, Zelenskiyə inam Demokratlar Partiyası nümayəndələri arasında Respublikaçılara nisbətdə daha yüksəkdir.
Sorğuda iştirak edənlərin Fransa Prezidentinə və Almaniya Kanslerinə münasibətləri eynidir. Respondentlərin həm Emmanuel Makrona, həm də Olaf Şoltsa inamı eyni dərəcədədir – 53 faiz. Ən böyük inamsızlıq isə Putinə qarşıdır – 92 faiz! Sorğu keçirənlər bunun rekord nəticə olduğunu bildiriblər. Amerikalıların cəmi 6 faizi Putinə inandıqlarını, yerdə qalan 2 faizi isə qismən inandıqlarını deyiblər.
Sorğuda iştirak edənlərin Çin liderinə də inamları olduqca azdır. Respondentlərin 83 faizi Si Çzinpinə inanmadıqlarını bildiriblər.
Xatırladaq ki, martın əvvəllərində Rusiyada keçirilən sorğunun nəticələrinə görə, rusiyalıların 71 faizi Putinin Ukraynaya qarşı işğalını dəstəkləyərək, Kremlin “düz yolda” olduğunu bildirmişdilər.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər