Menu

Rəsmi Bakıdan Nalbandyana cavab

03.11.2014, 18:43
Rəsmi Bakıdan Nalbandyana cavab

Azərbaycanın Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın xalqların öz müqəddəratını təyin etmə prinsipi haqqında söylədiklərinə cavab verib.

Hikmət Hacıyev deyib ki, xalqların öz müqəddəratını təyin etmə hüququ beynəlxalq hüququnun ali prinsiplərindən biridir: “Beynəlxalq hüququn, xüsusilə xalqların öz müqəddəratını təyin etmə prinsipinin siyasiləşdirilməsi və ondan siyasi möhtəkirlik məqsədləri üçün istifadə edilməsi qəbuledilməzdir. Təəssüf ki, Ermənistanın təcrübəsində biz bunun şahidi oluruq.

BMT nizamnaməsində xalqların öz müqəddəratını təyin etmə hüququ müstəmləkəçiliyə qarşı mübarizə və işğal altında olan və öz idarəçiliyi olmayan ərazilərə münasibətdə müəyyən olunub.

1975-ci il Helsinki Yekun Aktında isə deyilir: “BMT nizamnaməsinin məqsəd və məramları və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə həmişə uyğun şəkildə davranaraq, iştirakçı dövlətlər xalqların bərabər hüquqlarına və onların öz müqəddəratını təyin etmə hüququna hörmətlə yanaşacaqlar”. Göründüyü kimi, öz müqəddəratını təyin etmə ərazi bütövlüyü hüququna və BMT nizamnaməsinə ziddiyyət təşkil etməməlidir. Ərazi bütövlüyü ilə əlaqədar isə Helsinki Yekun Aktında deyilir ki, dövlətlər digər dövlətin ərazini birbaşa və ya dolayısı zor vasitəsilə hərbi işğal və ərazi əldə etmək obyekti etməməlidirlər. Həmçinin həmin sənəddə bu cür işğal və ya ərazi əldə edilməsinin qanunu hesab olunmayacağı bildirilir.

Ümumiyyətlə, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinin fonunda xalqların öz müqəddəratını təyin etmə hüququndan danışmaq yersizdir. Ermənistanın bu əməlləri xalqların öz müqəddəratını təyin etmə hüququnun təməl prinsipləri, mahiyyəti və fəlsəfəsi ilə ziddiyyət təşkil edir.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ya bunları bilmir, ya da məqsədyönlü şəkildə beynəlxalq hüquq və xalqların öz müqəddəratını təyin etmə prinsipini siyasi möhtəkirlik obyektinə çevirir ki, bu da çox ciddi təəssüf doğurur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol