Ailənin daha bir oğlu Şaiq Hüseynov da illər qabaq intihar etmişdi
Baş Prokurorluq Goranboy rayon sakinin qardaşının intihar etməsi və atasının ölümü ilə bağlı açıqlama verib. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS PRESS-ə ilkin ehtimala görə, Afiq Hüseynovun intihar etdiyini təsdiqləyib. Daha sonra atanın oğlunun intihar etdiyi görərək dünyasını dəyişdiyini bildirib. Hadisə ilə bağlı bütün ehtimallar araşdırılır.
Əslində bu adamları ictimai qınaq və xəcalət hissi öldürdü deyə bilərik. Goranboyda, Səfikürd kəndində olarkən şəxsən məndə belə bir təəssürat yaranmışdı. Çünki, adamlar təkcə ölənlərin - Məmmədovların yaxın qohumları yox ha, kəndin əksər sakinləri Hüseynovlar ailəsinin kənddən çıxarılmasını tələb edirdi. Ailənin bir üzvünün cinayətinə görə başqalarının nə qədər məsuliyyət daşıdığını isti-isti o adamlara başa salmaq qeyri mümkün idi. Amma buna rəğmən ehmalca bunu onlara demişdim. Və reaksiya da əlbəttə ki, aqressiv olmuşdu.
Əslində həmin günlərdə Hüseynovlar ailəsi kənddən çıxarılmışdı da. Hər halda, biz çəkiliş aparanda onların evlərini poils əməkdaşları mühafizə edirdi ki, hər hansı təxribat filan baş verməsin. Amma kənd camaatı əksini iddia edirdi və onlar Hüseynovların kənddə gizləndiyini, mal-qarasını yemlədiyini deyir və o hüquq-mühafizə orqanlarını da onları himayə etməkdə günahlandırırdılar. Öldürülən 3 yaşlı İsanın atası da onların arasındaydı və bu adamlara nə təsəlli verməyin yeri vardı. nə də cinayəti törədən şəxsin ailəsinin bu məsələdə nə qədər günahkar olduğunu sübut etməyin.
Və bu da son.Goranboyun prokuror əvəzi Əmirxan müəllimdən soruşanda ki, oğul və atanın intiharında ictimai qınağın, və yaxud kənd sakinlərin rolu nə qədər olub dedi ki, hər şey araşdırılır. Bəs bu müddət ərzində Huseynovlar harda yaşayıb, Səfikürddə, yoxsa başqa bir yerdə? Prokuror əvəzi bildirdi ki, kənddə yaşamayıblar. deməli, vəziyyət aydındır. İctimai qınaq, üstəgəl, ev-eşikdən, el-obadan aralı düşməsi bir ailənin daha iki üzvünün intiharına səbəb oldu. Ailənin daha bir oğlu Şaiq Hüseynov da illər qabaq intihar etmişdi.
Xatırladaq ki, baş verən bütün bədbəxtliklərə Hüsnynovlar ailəsinin oğlu Rafiq Hüseynov səbəb olub. O, bu ilin oktyabrın 1-də o, beş həftənin gəlini olan həyat yoldaşı Südabə Məmmədova da daxil olmaqla 7 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən hadisəni törədib. Rafiq Hüseynov qurbanlarını öldürərkən həm odlu silahdan istifadə etmiş, həm də onların yatdığı otağa qumbara atmışdı.

Şərhlər