Ukraynada başlayan müharibə Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan diaspor təşkilatları üçün növbəti sınaq oldu. Özü də təkcə Ukraynadakı yox, həm də bu ölkədə ilə həmsərhəd olan dövlətlərdəki diaspor təşkilatları üçün.
Mübaliğəsiz demək olar ki, Dövlət Komitəsi də, diaspor təşkilatlarımız da Ukrayna imtahanından üzüağ çıxdı. Görünür, həm COVID-19 pandemiyası vaxtı, həm Tovuz döyüşlərindən sonra, həm də Vətən müharibəsi dövründə sınaqdan çıxarılan taktika bu dəfə də işə yaradı. Bir daha sübut olundu ki, diaspor təşkilatlarının koordinasiyalı fəaliyyətinin alternativi yoxdur. Xarici ölkələrdə yaradılan Azərbaycan evləri isə fövqəladə vəziyyətlərdə soydaşlarımızın üz tutduğu ilk ünvan olduğundan, bu məkanların yaradılması qərarının nə qədər doğru olduğu sübuta yetdi.

Məclisin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, hər bir dövlətin xarici siyasətində dövlət qurumlarının və diaspor təşkilatlarının rolu böyükdür: “Azərbaycan da 20 ildir bu istiqamətdə öz siyasətini uğurla davam etdirir. Bu sahəyə dövlətin diqqəti, qayğısı hər zaman hiss olunur. Son illər Diaspor Komitəsinin fəaliyyətində də bir sıra irəliləyişləri müşahidə edirik. Xaricdə Azərbaycan evləri yaradılır, Koordinasiya şuraları təsis edilir, bu da dövlətin bu sahədə səyləri daha da gücləndirdiyini, xaricdə yaşayan azərbaycanlılarla işin yüksək səviyyədə qurulması üçün bütün addımları atdığını söyləməyə imkan verir. Ukrayna hadisələrində də Azərbaycan diasporunun çox fəal olduğunun şahidi olduq. Diasporumuz orada yaşayan soydaşlarımızın təhlükəsiz şəkildə vətənə gəlməsi işinə öz töhfələrini verdi. Diaspor sahəsində xeyli iş görülüb, müvafiq addımlar atılıb, qarşıda mühüm vəzifələr var. İnanıram ki, Diaspor Komitəsi irəlidəki illərdə qarşıya qoyulan məqsədlərə nail olmaq istiqmətində səylərini daha da artıracaq, dövlət siyasətinin uğurla həyata keçirilməsi üçün vacib addımlar atacaq”.

İsveç Sosial-Demokratlar Partiyasının fəalı, Jönköpinq region parlamentinin üzvü İradə Əliyeva-Söderberq deyir ki, dörd ilə yaxındır Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edir: “İsveç Azərbaycanlıları Koordinasiya Şurasında təmsil olunuram, amma əməkdaşlığımız bu məsuliyyəti üzərimə götürməmişdən əvvəl başlayıb. Komitənin bir dövlət qurumu kimi işini çox yüksək qiymətləndirir və vacib hesab edirəm. Hər kəsin yaşadığı ölkədə bir fəaliyyəti, şəxsi həyatı var. Komitə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları biri-birinə tanıdır, eyni zamanda Ana Vətənimizlə bizi daha da yaxın edir, öz olkəmizi unutmağa qoymur. Məhz dövlətimizin dəstəyi ilə biz tariximizi, mədəniyyətimizi, kimliyimizi yaşadığımız ölkələrdə daha təşkilatlanmış formada cəmiyyətə çatdıra bilirik. Xüsusilə pandemiya dövründə onlayn formatda keçirilən konfransların əhəmiyyətini qeyd etmək istərdim. Bu, yüzlərlə azərbaycanlı ilə əlaqələrin və işbirliyinin qurulmasına, fikir və informasiya mübadiləsinə səbəb oldu”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafanın dediyinə görə, xaricdə yaşayan soydaşlarımızla işin bütün ağırlığını çiyninə götürmüş Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi həm də diaspora işinin ağırlığını illər boyu daşıyan və azərbaycanlıların dunyada əlaqələndirməsini təmin edən bir fəaliyyətlə xarakterizə olunur: “Bu sahə olduqca bir önəmli sahədir. Bütövlükdə xaricdə yaşayan həmvətənlərimizin həm öz ölkəsi ilə əlaqələr qurması, həm də həmin ölkələrdə Azərbaycanın təbliğ olunması, Azərbaycanın haqlı davasına yardım etməsi istiqamətində böyük işlər görülüb. Bu iş son illərdə daha da intensivləşib. 44 günlük müharibə və ondan sonrakı dövrdə də Komitənin fəaliyyəti təqdirəlayiqdir. Komitə Xocalı soyqırımının tanıdılması, Azərbaycanın xarici siyasətlə bağlı məsələlərinə dəstək verilməsi istiqamətində həmvətənlərimizin təşkilanmasını təmin etmək kimi missiyaları uğurla yerinə yetirib. Komitəyə hörmətli Fuad Muradov rəhbərlik etməyə başlayandan sonra diasporla daha möhkəm əlaqələrin qurulması təmin olunub. Əvvəllər laqeydlikdən gileylənən soydaşlarımız indi daha sıx münasibətlərin qurulmasına təqdirlə yanaşır. Bu sevindirici haldır, çünki belə bir dövrdə yerində olan məmurların fəaliyyətindən çox şey asılıdır. Xaricdə yaşayan həmvətənlərmizin enerjisini, imkanlarını, intelektual qabiliyyətlərini öz ölkəsinin tanınması, maraqlarının qorunması üçün sərf etməsi olduqca vacibdir. Diaspor Komitəsinin çalışqan bir kollektivi var və bu nəticə kollektivin bütövlükdə əməyi kimi qiymətləndirilməlidir. Qarşıda böyük işlər durur və ümüd edirəm ki, Komitə bütövlükdə azərbaycanlıların bütün sahələrdə inteqrasiyasına, əməkdaşlığına, yaşadığı ölkələrdə söz sahibi olmasına öz dəstəyini daha da artıracaq və biz artıq nə lobbimizin zəifliyindən, nə diasporamızın imkansızlığından danışmayacaq, ən güclü diaspor fəaliyyəti olaraq mövcud olan çalışmaların hamısını dəyərləndirib həmin ölkələrdə Azərbaycanın nüfüzunu daha irəlı daşayacağıq”.

Tanınmış jurnalist, Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu hesab edir ki, bu gün Azərbaycanın ən çox ehtiyacı olan məhz diaspor sahəsinin gücləndirilməsidir: “Sirr deyil ki, dunyada Azərbaycana qarşı ikili standartlarla yanaşma mövcuddur, biz bu yanaşmanı yalnız diasporların fəaliyyəti ilə, diasporlarımızı gücləndirməklə dəyişə bilərik. Düşünürəm ki, Diaspor Komitəsi bu istiqamətdə öz işini görür, üstəlik, media siyasəti də çox yaxşıdır, istənilən vaxt qurumun media ilə işləyən nümayəndəsini taparaq öz sözümüzü deyə, verdiyimiz suallara cavab ala bilirik. Ümumiyyətlə, Diaspor Komitəsinin bütövlükdə media siyasəti və xüsusilə “Vətən uzaqda deyil ” proqramı haqqında təəssüratım çox yaxşıdır. Düşünürəm ki, bu veriliş çox vacib bir verilişdir və onu davam etdirmək lazımdır. Diaspor Komitəsinin yeni rəhbərliyinin media ilə qurduğu əlaqələr həm Komitə üçün, həm media üçün çox önəmlidir”.

Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayevanın fikrincə, Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdəki azərbaycanlı uşaqlara xüsusi diqqət yetirməsi xüsusi təqdir olunmalıdır: “Düzünü deyim ki, fəaliyyət göstərdiyim sahə ilə əlaqədar olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdəki azərbaycanlı uşaqlarla bağlı layihələri məni daha çox maraqlandırır. Qurumun bu sahədəki işini çox təqdir edirəm. İstər xaricdəki Azərbaycan evləri barədə, istər xaricdəki məktəblərlə bağlı bütün məlumatları izləyirəm. Ukrayna hadisələrində diasporumuzun necə işlədiyini bilməyən olmadı. Dövlətimiz adına, xaricdəki insanlarımız adına qürur duyduq. Komitənin sayəsində Türkiyədə fəaliyyət göstərən Milli Qəhrəmanımız Mübariz İbrahimov adına məktəbi tanımışam və kollektivi ilə sıx əlaqələr də qurmuşam. Məncə, Diaspor Komitəsi son illər bizimlə diaspor arasında elə bir körpü yaradıb ki, o körpüdən çox nəsillər keçəcək".
AzPolitika.info


Şərhlər
Ona görə xanım səfir Bakıdadır?
belə diaspora azərbaycanlı qədri bilirsə Dağıstanda sərhəddə yığışan rusiyadan gələn azərbaycanlıları buraxdırsın sərhəddən.