BRÜSSEL GÖRÜŞÜNÜN HANSI NƏTİCƏLƏRİ OLDU? – Rusiya kənara itələndi, Minsk Qrupu daha yoxdur...

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilmiş görüşündə müsbət nəticələr əldə olunub.

Ş.Mişel jurnalistlərə bildirib ki, çox məhsuldar keçən görüşdə qərara alınıb ki, mümkün sülh sazişini hazırlamaq üçün sülh danışıqlarına başlamaq yönündə konkret prosesə start verilsin və bunun üçün lazım olan bütün elementlər müzakirə edilsin. Həmçinin qərara alınıb ki, delimitasiya kimi həssas məsələylə məşğul olmaq üçün birgə komissiya yaradılsın.

Həmin komissiya güclü kommunikasia və koordinasiya yoluyla bu yöndə qarşıdakı həftələrdə hansı irəliləyişlərin olacağını diqqətdə saxlasın.

Aİ rəsmisi sülh sazişini imzalamaq üçün hazırlıq prosesinin nə qədər çəkə biləcəyi barədə suala konkret cavab verməyib. Onun sözlərinə görə, ötən ilin dekabrında Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra onun tərəflərlə sıx kontaktları davam edib. O deyib ki, hər iki tərəf üçün çətinliklərin olduğunu anlayır, amma həm də ortada prioritetlərlə bağlı ümumi iradə olduğunu görür.

Görüşdən sonra Aİ-nin yaydığı bəyanatda deyilir: "Şarl Mişel Aİ-nin, gərginlikləri aradan qaldırmaq, Cənubi Qafqazı regionda yaşayan insanların hamısı üçün təhlükəsiz, sabit, dinc və çiçəklənən məkana çevirmək üçün Ermənistan və Azərbaycanla əməkdaşlığı dərinləşdirmək öhdəliyini bir daha vurğulayır.

Prezident Mişel inam və dinc birgə yaşayışdan ötrü hər iki tərəfdən humanitar jestlərin vacibliyini vurğulayıb. Saxlananların buraxılması, itkinlərin məsələsinin hərtərəfli həlli daxil bütün humanitar məsələlərin tam və sürətli həllinin gərəkdiyini, Aİ-nin bu səylərə dəstək verməyə hazır olduğunu deyib”.

Bəyanatda həmçinin deyilir ki, Aİ Azərbaycanla Ermənistan arasında inam yaratma tədbirlərini, o cümlədən ərazilərin minalardan təmizlənməsinə dəstəyi davam etdirəcək.

Bəyanata görə, Prezident Əliyev və Baş nazir Paşinyan iki ölkə arasında sülh sazişinin tezliklə əldə olunmasını istədiklərini dilə gətiriblər. Bu məqsədlə bütün vacib məsələləri yoluna qoyacaq gələcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün iki ölkənin xarici işlər nazirlərinə göstəriş vermək qərara alınıb.

Sərhədin demarkasiyası və delimitasiyası üzrə yaradılacaq Birgə Sərhəd Komissiyasının mandatına isə ikitərəfli sərhədin delimitasiyası və sərhəd boyunca, eləcə də sərhəd yaxınlığında daimi təhlükəsizliyi təmin etmək daxil olacaq.

Prezident Mişel onu da qeyd edib ki, qüvvələrin düzgün məsafədə saxlanması insidentlərin önlənməsi və gərginliyin azaldılmasının əsas elementidir. Prezident Mişel Aİ-nin tövsiyə və dəstək verməyə hazır olduğunu vurğulayıb.

Liderlər Azərbaycanla Ermənistan arasında, eləcə də geniş anlamda Cənubi Qafqazda kommunikasiya infrastruktunun bərpasını müzakirə ediblər. Şarl Mişel dəmiryolu əlaqəsinin bərpasına yönəlik addımları alqışlayıb, tərəfləri magistral yol əlaqələrinin bərpasını da səmərəli şəkildə yoluna qoymağa çağırıb.

Brüssel görüşünün nəticələri şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında dekabrda müzakirə olunan bütün mövzular xatırladılıb:

- Kommunikasiyaların açıqlması;

- Sərhədlərin dəqiqləşdirilməsi prosesinin aparılması;

- Humanitar məsələlər: diversantların qaytarılması, Birinci Qarabağ Müharibəsində itkin düşən 4000 azərbaycanlının taleyi, mədəni irsin qorunması və s.

Ekspert qeyd edir ki, Mişel irəliləyişlərdən danışsa da, dekabrdan bu yana yalnız Azərbaycan irəliyə doğru addım atıb: "Naxçıvana quru yolun çəkilməsi ilə bağlı İranla anlaşma memorandumunun imzalanması, sərhədlərin möhkəmləndirilməsi işlərinin davam etdirilməsini bura aid etmək olar. Şarl Mişel minaların təmizlənməsi, bölgənin yenidən qurulmasına və İqtisadi və İnvestisiya Planına maliyyə dəstəyi vəd etdi. Görünür, bu yardımılar Avropa İttifaqının region ölkələrinə elan etdiyi maliyyə paketi çərçivəsində həyata keçiriləcək".

Fərhad Məmmədov bildirir ki, Brüssel görüşündə ən böyük yenilik ikitərəfli formatın dərinləşməsidir. Onun sözlərinə görə, bu istiqamətdə ilk addım ötən ilin noyabrında Soçi görüşündə atılmışdı: "Biz, sərhədlə bağlı ikitərəfli komissiyanın yaradılması və daha sonra keçən ilin dekabrında təkbətək görüş haqqında razılığa gəlmişdik. Bu dəfə üzbəüz görüş olmasa da, söz verdilər ki, yeni formatlar, konkret gündəm yaranacaq. Bu formatlar aşağıdakılardan ibarət ola bilər:

- Ermənistan və Azərbaycan liderlərinin təkbətək görüşləri;

- Xarici işlər nazirlərinin vasitəçilər olmadan ikitərəfli formatda sülh müqaviləsini müzakirə edəcəkləri barədə razılaşma;

- Şəxsi nümayəndələrin görüş formatı;

- Aprelin sonuna kimi delimitasiya və təhlükəsizlik məsələləri ilə məşğul olacaq mandatlı, ikitərəfli Birgə Sərhəd Komissiyasının yaradılması.

Beləliklə, Azərbaycanla Ermənistan arasında ikitərəfli əlaqələr genişlənməyə və dərinləşməyə başlayır".

Bressel görüşündə əldə olunan razılıqların yerinə yetiriləcəyi barədə gözləntilərini açıqlayan politoloq, o qədər də nikbin deyil: "Artıq bundan əvvəlki razılaşmaların icra səviyyəsi, konkret tarixlərə qədər addımlar atılmaması kimi mənfi təcrübəmiz var. 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatda hökumətlərarası komissiya üçün son tarixlər müəyyən edilib, lakin heç bir irəliləyiş olmayıb. Bu dəfə çox gözləməyəcəyik, cəmi bir ay müddət var".

F.Məmmədov deyir ki, Brüssel görüşü ilə bağlı bəyanatda 10 noyabr 2020-ci il və 24 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara iki istinad var. Onun sözlərinə görə, bunlar liderlərin imzalandığı sənədlərdir və bu, təməlin qurulması üçün əsasdır. Beləliklə, prosesdə Rusiyanın rolu da təsbit olunub.

Ekspert vurğulayır ki, ikitərəfli əməkdaşlıq çərçivəsi Ermənistana prosesi uzatmağa imkan verir, lakin konkret müddətlərin müəyyən edilməsi onları manipulyasiya imkanlarını məhdudlaşdırmalıdır. "Təcrübə göstərir ki, bu dəfə onlar axmaqlıq etsələr, Bakı təzyiq mexanizmlərindən istifadə etməyə davam edəcək", - o qeyd edib.

Politoloq əlavə edib ki, Rusiyanın Brüssel anlaşmalarına reaksiyasını 10 gün ərzində öyrənəcəyik, çünki Paşinyan yaxın günlərdə Moskvaya səfər edəcək: "Ötən bir il yarım ərzində Rusiya məhz Qərbin vasitəçilik təşəbbüslərini artırdıqdan sonra fəallaşıb. Bundan sonra baxaq, görək, Moskva nə edəcək. Ümumiyyətlə, bu görüşdə ortaya çıxan müsbət nəticələrdən biri odur ki, ATƏT-in Minsk Qrupu daha yoxdur. Məsələlər yalnız dövlətlərin özləri arasında müzakirə olunur".

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar