FRANSANIN SEÇİMİ – PİS, YOXSA DAHA PİS?! - Putinin maliyyələşdirdiyi namizəd ikinci tura keçdi, “erməni aşiqi” isə autsayderdir...

Rusiya “sülhməramlıları”nın Qarabağda törətdiyi çoxsaylı təxribatlardan biri də ötən ilin sonunda Fransa prezidentliyinə namizəd, Paris İle-de-Frans bölgəsinin rəhbəri, Rusiyanın təsir dairəsində olduğu heç kimdə şübhə doğurmayan Valeri Pekressin Qarabağa gizli səfərini təşkil etmək oldu.

Məqsəd bir tərəfdən onsuz da məlum səbəblərdən gərgin olan Azərbaycan-Fransa münasibətlərini bir qədər də gərginləşdirmək, Azərbaycan tərəfinə rus hərbçilərinin Qarabağda “əsas söz sahibi” olduğunu göstərmək, digər tərəfdən isə Qarabağın rus hərbi kontingentinin müvəqqəti yerləşdiyi ərazilərinin “status məsələsi”ni, ermənilərin “öz müqəddəratını təyinəetmə hüququnu” gündəmdə saxlamaq, qondarma rejimi ürəkləndirmək və s. idi.

Pekressin özünə gəlincə, bu səfər ona apreldə keçiriləcək seçki öncəsi Fransada yaşayan ermənilərin maddi və seçici dəstəyini təmin etməli idi. Lakin bütün bu çirkin oyunların xanım Pekress üçün nəticəsi qətiyyən ürəkaçan olmadı və o, seçki yarışında autsayderlər sırasında yer almış oldu.

Qarabağa “qaçaqmalçılıq yolu” ilə gətirilən bu xanım həmin vaxt bizim mətbuatda az qala prezidentliyə əsas namizədlərdən biri kimi təqdim olunsa da, dünən keçirilən seçkinin nəticələri onun Fransa siyasi həyatının dibindəki gerçək yerini göstərdi – 4.6 faiz. Bununla da ermənilərin dəstəyini almaq üçün Qarabağa qanunsuz səfər edəcək qədər özünü aşağılayan bu “erməni aşiqi” Azərbaycan tərəfinin sərt reaksiyası ilə yanaşı, ən yaxşı cavabı fransalı seçicilərdən almış oldu…

Ümumilikdə ötən gün Fransada keçirilən seçkinin nəticələrinə gəlincə, ikinci tura 27.6 faiz səslə Emmanuel Makronun və 23.4 faiz səslə Marin Le Penin çıxması fransızların pislə daha pis arasında seçim etmək məcburiyyətində qaldığını göstərir.

Hazırda bütünlükdə dünya birliyi və xüsusilə də aprıcı Qərb dövlətlərinin nüfuzlu lider problemi yaşadığı şübhəsizdir. Fransa da bu baxımdan istisna təşkil etmir. Hazırkı namizədlər hər nə qədər öz siyasi platformalarında Şarl de Qol, yaxud Mitteranın prinsiplərinə söykəndiklərini göstərməyə çalışsalar da, onların siyasətçi kimi sözügedən tarixi şəxsiyyətlərin heç atılan dırnaqları belə olmadıqları aydın görünür.

İstər indiki prezident Emmanuel Makronun xüsusilə Putinə münasibətdə zəif və qorxaq obrazı, Moskva tərəfindən dəfələrlə aşağılanması, istərsə də onun əsas rəqibi olan millətçi Marin Le Penin açıq-aşkar Kremlin Avropadakı əsas tərəfdarlarından biri olması onu deməyə əsas verir ki, xüsusilə də xarici siyasət məsələsində fransalı seçicilər iki pis variantdan birinin üzərində durmalı olublar. Bu variantlar arasında daha çox pis olanı isə millətçi Le Pendir.

Ultra millətçi Jan-Mari Le Penin qızı olan Marinin adı hələ 2014-cü ildə Rusiya ilə “qaranlıq əlaqələr”də hallanırdı. Fransa bankları onun rəhbərlik etdiyi "Milli cəbhə”yə açıq rasizm və antisemitizm təbliğatına görə hər hansı maliyyə dəstəyi və kreditlər ayırmaqdan imtina edəndə, məhz Kremlin sifarişlərini yerinə yetirən Rusiya banklarından biri ona 11 milyon avroluq kredit ayırmışdı. Bu, Fransada və ümumilikdə Avropada böyük siyasi qalmaqal yaratmışdı. Lakin siyasi həyasızlıq baxımından sərhəd tanımayan Le Pen heç nə olmamış kimi, açıq şəkildə Rusiyanı dəstəklədiyini ifadə etmiş, hətta Krımın Rusiya tərəfindən ilhaqına haqq qazandırmışdı.

Artıq üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürən Le Penin bütün seçki kampaniyalarının və ümumilikdə onun rəhbərlik etdiyi siyasi qüvvənin maliyyələşdirilməsində Kremlin xüsusi rolu olduğuna dair ciddi iddialar və bəzi sübutlar var. Hələ 2017-ci ildə Kremldə Putinin qonağı olan Le Pen Donetsk və Luqanskın işğalını da dəstəkləyən azsaylı Avropa siyasətçilərindəndir.

Bu xanımın Qarabağ münaqişəsinə də münasibəti eyni prinsiplərə əsaslanır və qətiyyən obyektivliyi ilə seçilmir. O, dəfələrlə Azərbaycanın suveren ərazisi və ayrılmaz hissəsi olan Qarabağın Azərbaycandan alınaraq, Ermənistana birləşdirilməsinin lazım olduğunu bəyan edib.

Le Pen həmçinin, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların əleyhinədir və son zamanlara qədər hətta Fransanın NATO üzvlüyündən çıxmasına tərəfdar olduğunu bildirib. Elə hazırda da onun fikrincə, Fransa işğala məruz qalan Ukrayna və işğalçı Rusiya ilə “eyni məsafədə durmalı”, onların arasında fərq qoymamalıdır.

Təsadüfi deyil ki, Avropada əksər təhlilçilər Le Penin qələbəsinin Avropanın dünyadakı mövqeyini zəiflədəcəyi qənaətindədirlər. Onların fikrincə, əgər “Milli Cəbhə” Fransada qalib gələrsə, Fransa dövlət olaraq Ukrayna ilə bağlı Qərbdə yaranmış birliyi dağıtmağa çalışacaq. Bu da öz növbəsində Ukraynaya edilən maddi və hərbi yardımı nəinki artırmağa imkan verəcək, əksinə, bu prosesin tormozlanmasına səbəb olacaq. Ona görə də hələ müharibədən əvvəl Ukraynanın NATO-ya və Avropa Birliyinə qəbulunun qəti əleyhdarı olan Le Penin qələbəsi Qərb üçün olduqca arzuedilməzdir…

Fransadakı seçkinin Azərbaycan və ümumilikdə Qafqaz regionuna təsirinə gəlincə, Paris hər nə qədər çalışsa da, burada nəinki əsas, heç ikinci dərəcəli qüvvə, oyunçu statusuna malik deyil. Doğrudur, Fransa hökumətinin istər əvvəllər, istərsə də 44 günlük müharibə və ondan sonrakı dövrdə Ermənistanın tərəfində olduğu heç kimə sirr deyil. Məhz Fransa Milli Assambleyasının hər iki palatası heç Ermənistanın belə tanımadığı Qarabağdakı qondarma qurumu tanımağa çağıran sənədlər qəbul edib.

Ancaq göründüyü kimi, Makron hökuməti bundan irəli getmədi və regionda yaranmış obyektiv reallıqla hesablaşmağa məcbur olduğunu az-çox anlayır. Le Penin hansı məzhəbə qulluq edəcəyi isə hələ ki, bəlli deyil. Odur ki, hər halda, dünya arenasında özünəməxsus yeri olan bu dövlətin kimlər tərəfindən və necə idarə olunacağı bizim üçün də önəmlidir.

Birinci turun nəticələri onu deməyə əsas verir ki, aprelin 24-də keçiriləcək həlledici səsvermədə məhz Makronun qalib gələcəyi daha real görünür. Ən azından ona görə ki, birinci turda 21.9 faiz səslə üçüncü yeri qazanan Jan-Lyuk Melanşon öz seçicilərini qətiyyən Le Penə səs verməməyə çağırıb. Ümumiyyətlə, Makronla Le Pendən savayı seçkiyə qatılan digər 10 namizəddən yalnız biri – 7 faiz səs toplamış qatı ultrasağçı namizəd Erik Zemmur seçicilərini Le Penə səs verməyə səsləyib. Digər namizədlərin əksəriyyəti birmənalı şəkildə Makronu dəstəkləyib. Ona görə də hətta ən pessimist proqnozlara görə Makron azı 6-7 faiz səs üstünlüyü ilə ikinci turda qalib gələcək.

Ən son rəy sorğularına görə, Makrona 53 faiz, Le Penə isə 47 faiz seçici səs verəcək. Beləliklə də, fransızlar böyük ehtimalla pis və daha pis arasındakı seçimdə birinciyə üstünlük verəcəklər…

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar