“AZADLIQ ALINAR, UMULMAZ!”

Şəmsəddin Əliyev, 

AYB-nin üzvü, hüquqşünas-publisist

Hər bir insan - daxili aləminin əksidir.

(Siseron Mark Tuliy)

Türkiyənin Adana şəhərində “Kitab anımı”nı ehtiva edən bir abidə ucaldılıb. Abidədə XX əsrin dahi şəxsiyyətlərinin adları var. Dühası geniş, “İstiqlal” ordenli xalq şairi Bəxtiyar Vahabzadənin adı bu abidədə 6-cıdır.

Abidənin postamentində Mustafa Kamal Atatürkün məşhur bir kəlamı həkk olunub: ”Mən uşaq ikən fəqir idim. İki quruş əlimə düşüncə, onun bir quruşunu kitaba verirdim. Əgər belə etməsəydim, istədiklərimin heç birini edə bilməzdim”.

Azərbaycan poeziya məbədinin ucaldılmasında danılmaz rolu olan, dünya ədəbiyyatının xəzinəsinə özünəməxsus töhfələr verən İstiqlal şairi Bəxtiyar Vahabzadə cəsarətli qələm və kəlam sahibidir. Bəxtiyar Vahabzadə lirikasının mövzu genişliyi və rəngarəngliyi onun böyük mütaliəsindən, İlahi fəhmindən xəbər verir. O, hansı mövzuda yazırsa yazsın, orada vətəndaşlıq və vətənpərvərlik, millilik, türkçülük və turançılıq, böyük şairin ölçüsüz istedadının təcəllası , müdrik yaradıcılığının ehtişamı var.

Bəxtiyarın yaradıcılığı ilə tanış olan oxucu özünü rahat hiss edir, ürəkdən gələn fəlsəfi sətirlərdə öz dünyasını tapa, həyacanına sahib çıxa bilir. Qırğızıstan Respublikasının həmişəyaşar şairi Çingiz Aytmatov Bəxtiyar Vahabzadənin poetik fikirlərinə yaxşı bələd olduğu üçün yazır: “Bəxtiyar poeziyasında lirizmlə vətəndaşlğın vəhdəti ayrılmaz qoşa simlərdir”. Bəli,bu qoşa simlər səsləndikcə haray qoparır, onun erudisiyalı dünyagörüşünə şəhadət verir. Bəxtiyar Vahabzadə lirikasının vurğunu olan, sonralar İslam dinini qəbul edən Ahmed Şmide(Hanspeter Şmide) şairin “Ana dili” şeirinin alman dilində tərcüməsini oxuyandan sonra onu Vətən və ana dilinin mücahidi kimi qəbul edir. O, ”Mən, vətənə və dilimə olan məhəbbətimi Bəxtiyarın “Ana dili”şeirini oxuyandan sonra anladım!” - qənaətinə gəlir.

Bu canlı abidə Bəxtiyar yaradıcılığının unikal lirikasıdır-deyərdim!

Dil açanda ilk dəfə,ana söyləyirik biz.

Ana dili adlanır bizim ilk dərsliyimiz.

Bu dil - bizim ruhumuz,

Eşqimiz, amalımızdır,

Bu dil bir-birimizlə

Əhdi-peymanımızdır...

1967-ci ildə Kasablankada qələmə aldığı “Latın dili” şeirində də ana dilinin göz bəbəyi kimi qorunmasını hamıya tövsiyə edir. Amma bu dildə “ana”, ”vətən”, ”torpaq” deyən olmasa da, həmin dil yenə yaşayır. Şair bu dili Azərbaycan dili ilə müqayisə edir. ”Vətən ola-ola dilimiz niyə korlanıb?”- deyir. Mütəşabeh fikrə baxın, əziz oxucular! İndi söylə,

Hansı dilə ölü deyək:

Vətən varkən, Millət varkən, Kiçik, yoxsul komalarda

Dustaq olan bir diləmi?...

Sovet dönəmində ədəbi davranışla bir araya sığmayan belə ifadələri yalnız Bəxti yar olan şair - Bəxtiyar Vahabzadə yaza bilərdi. Başqa heç kim!

Bəxtiyar Vahabzadə coğrafiyası geniş lirikası ilə həmişə oxucularının nəbzini tuta bilib. Əslində, bu bacarıq və qabiliyyət şairin liderliyə xas böyük xarizmasından xəbər verir. Müasir alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Günter Qrass özünün Nobel nitqində belə bir sitat gətirir: ”Zati Aliləri!

Osventsimdən(Polşada kiçik şəhər adıdır.İkinçi dünya müharibəsində alman nasistlərinin nəzarətində olub. Nasistlərin amansızlığını nəzərdə tutur. Osventsim düşərgəsindəki yəhudilərin demək olar ki, hamısı - 600 min adam amansızcasına məhv edilib. Çox təəssüf ki, dünyada belə böigələr çoxdur. Nasistlik indi müasirləşib, başqa şineldə missiyasını davam etdirir) sonra şeir yazmaq barbarlıqdır. Bu, həm də onu deməyə əsas verir ki, şeir yazmaq bu gün çox çətindir”.

Qənaətimə görə, Bəxtiyarın dövründə yaşayıb yaradan nəslin yaradıcılığında bir güc varıydı, partlayışa və şimşəyə bənzər bir güc. Zamanın böyüdücü şüşəsi altında o güc səlnamədə Nobel mükafatının bünövrəsini qoyan dinamitin kəşfinə bənzər və böyük görünür... 

Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Əli Kərim, Nəriman Həsənzadə, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Məmməd Araz, Vahid Əziz və başqaları o səhnədə şəfəqli simada görünürlər. İndi zamanın defisiti sayılan və ictimai ruhu oxşayacaq yaradıcılıq yox dərəcəsindədir. Ara şairləri və bəstəkarları gündəmi zəbt edib. İndi zövq də dəyişib. Zamanın zövqü oxşayacaq ədəbiyyatı geri qaytarmağa gücü yetərincə deyil! Günter Qrassın dediyi kimi, bu vəziyyət ədəbiyyatın istirahətə getməyindən xəbər verir!(?) Yaradıcılıq fəhmli davamçılar bədii meydandan çox internet məkanına - virtual meydançalara üz tuturlar(üstünlük verənlərdir). Burada oxucular “Yad planetdən enən müsafirlər” təsirini bağışlayır. Ədəbiyyatda bir hərəkətsizlik, istedadların kallapsı –yaradıcılıq(ürəyin dayanması) fəaliyyətinin duracaq qorxusu var. Təbii, indi düşünmək və yazmaq da çox çətindir. Ya çox yaxşı yazmalısan, ya da O nəhənglərin ruhu qarşısında baş əyməlisən! Yaxud da, Alber Kamünün yazdığı kimi qədim yunan mifologiyasında əfsanəvi Sizifin həyat tərzinə xas, ömrünün sonuna qədər aşağı dığırlanan daşı təkrar-təkrar yuxarı qaldırmalı, bu məşəqqətə tab gətirməlisən...

Beyinlər də artıq ixtira və kəşflərdən yorulub. Ağrıyan ürəyi vecsiz bir əşya kimi kənara tullayıb yenisi ilə əvəz edirlər...

Amma, hətta Nobel mükafatına layiq görülmüş elmi kəşflər, nailiyyətlər bəşəriyyətin aclığına məlhəm qoymağa yaramır, işsizlik girdabından qurtulmaq üçün doğma yurdlarını tərk edənlərə, münaqişələrin həll olunmasına yardımlar edə bilmir... 

Sürətlə artan kasıblıq dilənçiliyin də miqyasını böyüdür, insanın əmtəəyə xas alqı-satqısını gerçəkləşdirir. Böyük şairin yaradıcılığında belə təzadlı düşüncələrin altından qırmızı xətt çəkilr ki, diqqət çəksin...

Bəxtiyar Vahabzadənin özünə məxsus yaradıcılığı dünya yazarlarının ponaptikumunda(Qədimdə mumdan hazırlanmış heykəllər və əntiq əşyalar muzeyi) artıq əbədiləşmişdir.

Çingiz Aytmatovun fikri: “Keçmişə və ötüb keçənlərə görə əzab çəkib, ona bu günün gözüylə baxmaq Bəxtiyar Vahabzadənin mövzu dairəsinin genişliyindən, fəlsəfəsindən və bir az da mürəkkəbliyindən xəbər verir.”

Şeytanlar milləti qorxuda bildi,

Doğru danışanı asdılar dardan

Qızıl saraylarda fərman verildi

Tarix gəlib keçdi ac komalardan...

(“Topqapı sarayı”) Haqlı Tarix çoxdan ötüb və keçib. İndi nə haqlılar var, nə də haqsızlar... Haqlı danışan şair Bəxtiyar Vahabzadə bu günün gözüylə qopqoca tarixi poetik dili ilə mühakimə edir. Oxucunu inandırır ki, bu günümüzün taleyi keçmişimizdən asılıdır... 

Kitab rəfimdə Ulu şairin seçilmiş əsərləri var. 1999-cu ildə çapdan çıxmış “İstiqlal” əsəri şairin öz dəsti-xətti ilə mənə ərməğan edilib. ”Qeyrət, təmizlik, təvazökarlıq nümunəsi əzizim Şəmsəddin üçün. B.Vahabzadə 26.03.2003”.

Ruhuna Aləmlərin Rəbbi məlhəm çiləsin! Ulu Şair üçün “Azadlıq” heç vaxt bir rəngdə olmayıb. O, ”Azadlıq var özgəsinə yamaq kimidir, azadlıq da var , qollarda qandala bənzər” - deyir. Şair azadlığı ali dəyərlər sırasında görür. “İnsan azadlığı olmayan məmləkətlərdə fəlakətlər baş verər, beyinlər kütləşər, həqiqət riyakar, ədalət boyaya çevriləcək” - fikrində qalır.

Azadlıq! Azadlıq əldən getdimi... 

Gedər ağızlardan dad da, ləzzət də Ağıl da, ürək də gülər arzuya Azadlıq olmayan bir məmləkətdə Həqiqət bir riya, ədalət boya... Azadlıq olmayan bir məmləkətdə Düz əyri adlanar, əyri düz olar....

“Azadlıq alınar, yaddan umulmaz” - deyir Şair. Bu sətirləri yazdıqca 1989-cu ilin mitinqləri kino pərdəsi kimi gözlərimin önündə canlanır. Mən onda polis sıralarında xidmətdə idim. Hökumət evinin qarşısındakı meydana toplaşan milyonlarla vətənsevərlərin əllərində Bəxtiyar Vahabzadə meydana gətirilirdi... Biz bu unudulmaz seyrangahı seyr etdikcə qürrələnirdik ki, millətimizin belə bir oğlu var. Şərəfdir ölmək də azadlıq üçün, Bu məslək dəyməzmi bütün dinlərə? Deyirəm eşq olsun dünən və bu gün Azadlıq yolunda can verənlərə!... 

Ruhu bir daha şad olsun! Şair bundan artıq sözünü necə ifadə etməliydi? Heç kimin şübhəsi yoxdur ki, Bəxtiyar Vahabzadə yaşasaydı, onun 44 günlük zəfərlə bağlı daşı dəlib keçəcək poetik sətirlərinin də şahidi olardıq. Eşq olsun Vətən yolunda canını fəda edənlərə! Döyüşdə və qələbədə xidməti olanları Allah qorusun! Rusiyanın tanınmış şairi K.Simonov Bəxtiyarı ”Müstəsna istedada malik və qeyri-adi şair”, Türkiyənin nüfuzlu şairi Yavuz Bülənd “Azərbaycanın dərdlərini hayqıran şairi” adlandırmışlar.

...İnsan, insan olur öz hünərilə, Millət, millət olur xeyri,ş ərilə Torpağın bağrına cəsədlərilə Azadlıq tumunu əkdi şəhidlər... “Şəhidlər”.

Bəxtiyar Vahabzadənin yaradıcılığı təkrarolunmaz “hadisələr”lə zəngindir. Onun poetik meydanında ardıcıllıq olduğundan oxucunun ekstessi baş vermir, yəni oxucu mütaliə niyyətindən - qarşısında olan kitabı oxumadan kənara çəkilə bilmir. Məşhur İngilis yazıçısı və dramaturqu, Nobel mükafatına layiq görülən Con Qolsiorsi zamanında dini ehkamlara qarşı barışmaz mövqedə olduğuna görə keşişlər onu qəbul etmirdi. 1933-cü ildə laureat dünyasını dəyişəndən sonra keşişlərin əlinə fürsət düşdü. İngiltərə yazıçılar cəmiyyəti Qolsiorsinin Vestminser qəbristanlığında dəfn olunması ilə bağlı müvafiq qərar versə də, keşiş bu təklifi rədd edir. Nə yaxşı ki, şairin “Mənim külümü səpin...” şeiri varıymış. Yoldan kənar bir təpədən şairin külünü səpib vəsiyyətinə əməl edilir. Şairin qəbri yer üzündə qalmasa da, qəlbə hopan əsərləri və əməlləri yaşayır və yaşayacaq... Taleyə baxın!

Yazıçının uzaqgörənliyinə heyrətlənməmək olmur. Onun nə vaxtsa yazdığı “Alma çiçəkləri” povestində sevgilisinin aldatdığı qızın özünü çaya atıb intihar etməsi şairə nəcib bir mövzu bəxş etmiş, nəticədə ”Mənim külümü səpin...” adlı canlı bir əsər ərsəyə gəlmişdi. Kilsə həmin nakam xanımı da qəbristanlıqda dəfn etməyə icazə vermədiyindən yandırıb külünü səpmişdilər...

Yəni, məsələ təkcə kimin harada dəfn edilməsindən, baş daşının qoyulmasından və yaxud qoyulmamasından getmir. İnsanı yaşadan unudulmayan əməlləridir. Abidə insanların ürəyində ucaldılmalı, yaddaşlarda və xatirələrdə dəfn olunmalıdır. İnsanların ürəyində dəfn olunub, abidələri ucaldılanlar həmişəyaşar və pakdırlar, onlar müqəddəs qələm sahibləridir. Xoş hallarına. Belə uca zirvələrdə uyuyan sənətkarların heç bir titula ehtiyacı olmur. Onlar nə dövlət, nə də hətta Nobel mükafatına belə möhtac olmazlar.

Siyasi burulğanlardan şərəflə və üzü ağ çıxan BƏXTİYAR VAHABZADƏ ürəklərdə abidəsi ucaldılan belə sənətkarlardandır... 

Tanrı məqamı Mahmudda ona bir köşk ehsan etsin! Amin!

23 fevral 2022-cil il

Bakı şəhəri

635x100

Şərhlər

korrektor 2022-04-16 12:44:42

Gözəl yazınızı bəyəndik, çox sağ olun!

Anar Əhmədov 2022-04-16 10:33:15

Allah Bəxtiyar vahabzadəyə və digər mərhum vətənpərvər ziyalılarımıza rəhmət eləsin! Məkanları cənnət olsun! Amin!!!

Son yazılar