Menu

Dadıma çat, Allahım

04.11.2014, 15:24
Dadıma çat, Allahım

Oxlandım bir gözünən,

Sinəm yanır sözünən,

Çox oynadım özümnən,

Dadıma çat, Allahım.

Əlimdə gül, səməni,

Ruhum gəzir hey, səni,

Öldürəcək dərd məni,

Dadıma çat, Allahım.

Qanadı sınmış quşam,

Əldən gedibdir Şuşam,

Nəsib etsən, qovuşam,

Dadıma çat, Allahım.

“Sağalmaz söz yarası”,

Ağarmaz qəlb qarası,

Sən dərdimin çarası,

Dadıma çat, Allahım.

Aşiqəm, yaralınam,

Ürəkdən paralınam,

Dərvişin, abdalınam,

Dadıma çat, Allahım.

Rəhm et xətalı qula,

Möhtacdır o, düz yola,

Lütfün, yetər yoxsula,

Dadıma çat, Allahım.

Nurəddin İsmayıl

4 noyabr 2014

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol